Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

'...dövlət başçısının iradəsi çox vacibdir'


Brüssel, Avropa Birliyinin Bayrağı, arxiv foto
Brüssel, Avropa Birliyinin Bayrağı, arxiv foto

Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin imzalanması istiqamətində 2017-ci ilin fevralından başlayan danışıqlar, hələ də mərhələli şəkildə davam etdirilir.

İndi Azərbaycanda bu mövzuda söhbət düşəndə bəzi müşahidəçilərdən belə bir sual eşidilir. 3 ilə yaxın bir müddətdə Bakı ilə Brüssel arasında danışıqların, hələ də müsbət nəticələnməməsi nədən irəli gəlir?

Hakim Yeni Azərbaycan Partiyasını nümayəndəsi deputat Hikmət Babaoğlu deyir ki, Azər​baycanla Avropa Birliyi ( AB) arasında mühüm sənədin imzalanması gözl​əniləndi:

“Bu, Azərbaycanın milli maraqları baxımından olduqca əhəmiyyətli sənəddir. Hazırda sənəd üzərində iş davam edir, son tamamlama işləri başa çatdıqdan sonra yəqin ki, imzalanacaq”.

“Rəsmi Bakı bütün məsələlərdə dövlət maraqlarından çıxış edir,...”

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Deputat daha sonra da deyib:

“Beynəlxalq münasibətlərdə hər müstəqil dövlətin öz maraqları var. İstənilən beynəlxalq təşkilat öz mənafeyini nəzərə almaqla, imzalanmasını istəyir. Ona görə müvafiq detallar razılaşdırıldıqdan sonra, saziş əlbəttə imzalanacaq. Azərbaycan üçün hansı ölkənin kiminlə saziş imzalaması prioritet deyil. Rəsmi Bakı bütün məsələlərdə dövlət maraqlarından çıxış edir, bütün saziş və müqavilələri də məhz bu əsaslarla bağlayır”.

Hikmət Babaoğlu Bakıda Rusiya ilə müttəfiq olduğu deyilən Ermənistanın 2017-ci ildə saziş imzaladığını, müstəqil siyasət yürütdüyünü iddia edən Azərbaycanın isə hələ də gözləməsi barədə iradları səthi adlandırıb:

“Beynəlxalq münasibətlər və xarici siyasət çox ciddi məsələdir. Nəzərə alın ki, bu gün imzalanan sənədlər növbəti tarixi mərhələdə Azərbaycanın məhz bu dövlətlərlə münasibətlərini tənzimləyən hüquqi əsaslardan biri olacaq. Ciddi yanaşdıqda, Bakının mövqeyinin doğru olduğunu görəcəksiniz”.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov isə Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin nə zaman imzalanacağı barədə fikir yürütməyin çox çətin olduğunu bildirib:

“Hətta prezident İlham Əliyevə də bu barədə sual versək, bəlkə o da dəqiq cavab verə bilməz. Ancaq Brüssellə sazişin imzalanmasında dövlət başçısının iradəsi çox vacibdir. Mövcud idarəetməyə baxdıqda, yaxın müddətdə belə bir sazişin olacağına inananlardan deyiləm”.

“Hakimiyyət mövcud idarəetmə ənənəsini qoruyub saxlamaq istəyirsə,...”

Akif Qurbanov, arxiv foto
Akif Qurbanov, arxiv foto

Akif Qurbanov daha sonra dadeyib:

“Hakimiyyət mövcud idarəetmə ənənəsini qoruyub saxlamaq istəyirsə, belə bir sazişi imzalamaz. Hazırkı gedişat hakimiyyətin idarəetmə ənənəsindən geri çəkildiyini göstərmir. Mövcud formatın onun üçün daha optimal olduğunu daxili və xarici ictimaiyyətə davamlı olaraq verir. Hökumət cəmiyyətlə münasibətlərini və özünün zəif tərəflərini bilir. Bu kontekstdə Avropa Birliyi ilə saziş imzalanacaqsa, öhdəliklər götürəcək, onlara əməl etməklə hökumət indiki yanaşmasında dəyişiklik yaratmalıdır. Dəyişikliklər isə hakimiyyət üçün risklidir. Məsələ ondadır ki, saziş imzalanacağı təqdirdə, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır. Bunun isə yeni öhdəlikləri var, bu, iqtisadi azadlıqları, inhisarçılıqla, korrupsiya ilə mübarizə məsələlərini özündə ehtiva edir. Başqa bir məsələ insan haqları ilə bağlıdır, hökumət bu yöndə köklü islahatlara getməlidir, amma hökumətin belə bir istəyi görsənmir. Yəni bütün sadaladığım əsaslar hökumətin bu istiqamətdə addımlar atmaq istəmədiyini göstərir. Hakimiyyətə sadəcə mövcud format qorumaq lazımdır”.

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb. Üstəlik, müxalifət partiyaları saziş layihəsinin açıqlanmamasından narahat olduqlarını bildiriblər

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG