Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

146 sonra...


Azərbaycan mətbuatı, arxiv foto
Azərbaycan mətbuatı, arxiv foto

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. 1875-ci ilin bu günündə Rusiya imperiyasında Azərbaycan dilində ilk qəzet -"Əkinçi" qəzeti nəşrə başlayıb.

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etməyə başladığı «Əkinçi» qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlandığı deyilir.

Bu il isə «Sərhədsiz Reportyorlar» beynəlxalq qeyri-hökumət təşkilatının açıqladığı media azadlığı reytinqində 180 ölkə arasında Azərbaycan 167-ci yerdə qərarlaşıb.Rəsmilər isə bildirir ki, Azərbaycanda media azaddır və ona heç bir əngəllər yaradılmır.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva da "Turan" Agentliyinə bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib :

«Bu gün ölkəmizdə 5 mindən çox media subyekti var. Təsadüfi də deyildir ki, milli mətbuatın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir».

«Yaşayış binalarının tikilib jurnalistlərin istifadəsinə verilməsi...»

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin diqqəti mərkəzindədir :

«Media orqanlarına birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi, eləcə də dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binalarının tikilib jurnalistlərin istifadəsinə verilməsi mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir».

Sədaqət Vəliyeva
Sədaqət Vəliyeva

Deputat qeyd edib ki, tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç «klassik» qolunun ( icra, qanunverici və məhkəmə orqanları) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur:

«Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda da öz təsdiqini tapır. Eyni zamanda, milli mətbuat azad, demokratik mətbuat missiyasının, insanların düşüncəsinə, sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olduğunu isbatlayır».

«Jurnalistlərin dostu» mükafatları...

S.Vəliyevanın fikrincə, ölkə rəhbərliyinə təqdim olunan «Jurnalistlərin dostu» mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür:

«Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olub».

O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində ( İkinci Qarabağ müharibəsi ) və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu, jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi.

Media məsələləri üzrə ekspert Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan ötən bir ilin yarıya qədərini müharibə ovqatında yaşayıb:

«Yerdə qalan yarım ildən bir qədər artıq dövrdə mediada elə bir təməl hadisə baş verməyib ki, onu qiymətləndirəsən. Bir neçə ildir müəyyən gözləntilər vardı ki, köklü dəyişikliklər olacaq, azad medianın fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına yönəlik addımlar atılacaq. Ancaq bu gözləntilər özünü hələ ki, doğrultmur».

« Müsbətə doğru irəliləyişlərdən danışmaq çox çətindir»

Ekspertin fikrincə, ortalıqda medianın gələcəyini necə inşa etməni ifadə edən strategiya yoxdur:

«Nə də belə bir strategiyanı hazırlmaqda, ortaya qoyub həyata keçirmək əzmini aşkar şəkildə ortaya qoyanlar var».

Amma onun deməsinə görə, bu kontekstdə media qanunvericiliyi ətrafındakı müzakirələr diqqətə layiqdir:

«Heç olmasa media ilə bağlı bu məsələ gündəmdədir. Durumdan narahat olan çevrələr var, durumun yaxşılaşdırılmasına hədəflənən rəylər, çağırışlar var. Belə rəy, çağırışların diqqətə alınıb-alınmayacağı başqa məsələdir. Ancaq belə çağırışlar nəzərə alınmadan yaxşı nəsə inşa edilməyəcək».

Xalid Ağaliyev, 19 iyun 2013
Xalid Ağaliyev, 19 iyun 2013

X.Ağalıyevin qeyd etməsinə görə, son bir ilin xülasəsinin yaxın gələcəyə nikbin baxmağa əsaslar yaratdığını təəssüf ki, söyləmək olmaz.

O, vurğulayıb ki, jurnalistlər diffamasiyaya görə, hələ də cinayət məsuliyyətinə cəlb edilib, həbsə atılırlarsa, informasiya əldə etmək haqqı təmin edilmirsə, jurnalistləri, medianı qoruyan qanunlar işləmirsə, az qala bütün media hökumətin ayıracağı maliyyədən asılı durumdadırsa, müsbətə doğru irəliləyişlərdən danışmaq çox çətindir.

«Dəyişiklik fərdi məzmunludur »

Ekspertin sözlərinə görə, amma xeyli zahiri dəyişiklikləır edilib :

«Agentlik yaradıldı, teleradio tənzimləyicisində dəyişikliklər baş verdi. Ancaq hələ ki, bu tip dəyişikliklər zahiri dəyişikliklərdən o yana keçməyib. Dəyişiklik media mühitinə təsirsizdir, hansı ki, bu mühit azad olmalıdır. Dəyişiklik fərdi məzmunludur »

X.Ağalıyev qeyd edib ki, son bir ildə böhtan və təhqirə görə məhkəməyə çəkilən jurnalistlərin sayı 20-dən artıq olub :

«İnformasiya əldə edilməsi sahəsi də problemlidir. Yerli məhkəmələr informasiya sorğularına cavab almayan jurnalistlərə gərəkli qanuni dəstəyi vermir. İctimai olaylardan bilgi toplayan jurnalistlər yenə də özlərini təhlükəsiz hiss etmirlər. Bir ildə belə olaylarda jurnalistlərə münasibətdə 25-dən artıq insident baş verib».

XS
SM
MD
LG