"Bizim Yol" qəzeti yazır ki, bir aya yaxındır ölkə epidemiyanın cəngindədir. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə iddia edib ki, “ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür”.
Qəzet yazır ki, xəstəlik kütləvi yayılıb və vəziyyət də kifayət qədər narahatvericidir:
"Əgər durum baş epidemioloqu narahat etmirsə, bu, başqa məsələ. İstərsəniz adına pnevmoniya (sətəlcəm) deyin, istərsəniz quş və ya donuz qripi, heç fərq etməz, bu, bir bəladır. Yeri gəlmişkən, quş qripi dediyimiz H5N1 ilə yoluxmada da adi fəsil qripləri zamanı rast gəlinən əlamətlər qeyd edilir: hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları, baş ağrısı, ümumi zəiflik, bəzən ishal, ürəkbulanma və qusma. Donuz qripinin əlamətləri də 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, qusma və ishaldır. Virusun əlamətləri adi qripdə olduğu kimidir. İndiki virus da hər iki xəstəliyin əlamətlərini daşıyır. Indi biz bu virusun quş və ya donuz qripi olub-olmadığından da məlumatsızıq. Əgər bizim evdə uşaqdan böyüyə hər kəs bu virusa yoluxubsa, xəstəlik qohum-qonşudan yan keçməyibsə, qarşınıza çıxan 10 adamdan 7-sində xəstəliyin əlamətləri müşahidə olunursa, deməli vəziyyət qələmə verildiyindən də ciddidir".
Qəzet yazır ki, bu xəstəliyin acı nəticələrini sonralar eşidəcəyik.
Qara bazarda bir dollar 2 manata yaxınlaşıb
Azadlıq.info saytı yazır ki, ötən ilin dekabrın sonlarından ölkədə fəaliyyət göstərən əksər banklar müştərilərinə dollar satmaqdan imtina ediblər.
"İlin sonunda 32 bankdan cəmi 6-sı dollar satırdı. Satılan məbləğin də maksimum miqdarı 100 dollar idi. Bayram ərəfəsində də ölkədə eyni vəziyyət müşahidə edildi. Yeni ilin ilk günlərindən etibarən isə bankların demək olar ki hamısı dollar satışından imtina edib.
Belə olan halda banklarda dollar tapa bilməyən müştərilər “qara bazar”a müraciət edir. Qeyri-qanuni fəaliyyət göstərən “qara bazar”da isə nə qədər istəsən dollar tapmaq mümkündür. Özü də rəsmi məzənnədən bir neçə dəfə baha. İndi “qara bazar” da dolların satışı 1,98 AZN civarındadır".
Azərbaycanın siyasi və diplomatik mövqeləri keçən il daha da möhkəmlənib
"Azərbaycan" qəzeti yazır ki, sentyabrın 26-da Azərbaycan Konstitusiyasına edilən əlavə də dəyişikliklərl bağlı referendumun keçirilməsi ötən ilin ən mühüm hadislərindən olub.
"Azad, demokratik və şəffaf şəraitdə yekunlaşan seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynadı. Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklərə ölkə vətəndaşları müsbət münasibət bildirdilər. Əsas Qanunun 23 maddəsində dəyişikliyin, həmçinin 6 yeni maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu".
Qəzet yazır ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər mütərəqqi xarakter daşıyıb:
"İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlılığına təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır".