Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:09

'Qismən azad' qiymətləndirməsini nə ekspertlər qəbul edir, nə də deputat


İnternet azadlığı
İnternet azadlığı

«Səhər tezdən Google oyatdı ki, e-mail-ini ələ keçirmək istəyirlər», – araşdırmaçı-jurnalist Xədicə İsmayılova noyabrın 14-də Facebook səhifəsində yazır. O, AzadlıqRadiosuna deyir ki, bunun arxasında hakimiyyətin durduğunu düşünür:

«Güman edirəm ki, mənim e-mail hesablarımla maraqlanan ancaq hökumətdir. İnanmıram başqa kiminsə marağında olsun».

Elə eyni gündə «Freedom House» insan haqları təşkilatının internetdə azadlığın durumu ilə bağlı açıqladığı hesabatda Azərbaycan «qismən azad» ölkələr sırasında yer alıb.

Sənəd ötən ilin iyunundan bu ilin mayına qədərki dövrü əhatə edir.

Hesabatda deyilir ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da hökumət kiberhücum alətlərindən özünə düşmən bildiyi şəxslərə – əsasən də korrupsiya və cinayətkarlığı faş edənlərə qarşı istifadə edir.

Bundan başqa, bir çox hallarda Bəhreyn, Azərbaycan, Meksika və Çin kimi ölkələrdə fəalların sosial media hesablarının qanunsuz haker hücumları vasitəsilə izlənməyə məruz qaldığı bildirilir.

Amma iş ondadır ki, Bakıda bəzi rəsmilər də, ekspertlər də Azərbaycanın «qismən azad» ölkələr arasında yerləşdirilməsi ilə razılaşmırlar.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«İNTERNET AZADLIĞINI TƏHDİD EDƏN, MƏHDUDLAŞDIRAN ADDIMLAR»

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Azərbaycan internet azadlığına görə 2017-ci ilin martına qədər «qismən azad» ölkə kimi qiymətləndirilsəydi, bu, «təbii və normal» sayılardı. Ancaq mütəxəssis bu ilin martında qanunvericiliyə edilən dəyişiklikdən sonra həmin qiymətləndirməylə razılaşmır, əksinə, ölkədə internet azadlığının daha da pisləşdiyini qeyd edir. Onun qənaətincə, qanunvericiliyə dəyişiklikdən sonra uyğun icra hakimiyyəti orqanının məhkəmə qərarı olmadan istədiyi sayta blok qoyması, bununla bağlı müraciətə məhkəmənin qısa vaxt ərzində baxması və s. hallar internet azadlığını təhdid edən, məhdudlaşdıran addımlardır.

«Buna görə də düşünürəm ki, «Freedom House»un hesabatı sadəcə 2016-cı ili əhatə edir. 2017-ci ildə çox sayda hadisələr baş verdi, Azərbaycanda alternativ media mənbəyi kimi tanınan saytlara çıxışlar rəsmi olaraq icra strukturu tərəfindən qanunsuz bloklandı və məhkəmə də bu qərarı qüvvədə saxladı», – Ə.Məmmədli deyir. O, sözügedən qurumun 2018-ci ildəki növbəti hesabatında Azərbaycanın adının «qismən azad» ölkələr sırasına salacağını düşünmür.

Xədicə İsmayılova
Xədicə İsmayılova

«AZƏRBAYCAN DA RUSİYANIN, TÜRKİYƏNİN YOLUNDADIR»

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova da son yarım ildə Azərbaycanda internet azadlığı məhdudlaşdırıldığı qənaətindədir, o, xüsusən də bəzi saytların bloklanmasını, kütləvi aksiyaların canlı yayımlanmaması üçün həmin ərazilərdə internetin «vurulması»nı qeyd edir. Jurnalist eyni zamanda yada salır ki, ötən illərdə tənqidçi bloqqerlər həbsdən buraxılmışdısa, bu il ölkənin «ən populyar» bloqqeri Mehman Hüseynov həbsdədir və bunların hesabatda əksini tapmamasına bir az təəccüblənir də. Ancaq X.İsmayılova yaranmış durumun səbəbini Azərbaycanın qonşularıyla bağlayır.

«Məsələ bundadır ki, dünya boyunca nisbi olaraq müəyyənləşdirilən dəyərlər dəyişib. Misal üçün, Rusiya və Türkiyədə qanunvericilik səviyyəsində internet azadlığına qarşı o qədər ciddi addımlar atılıb ki. Azərbaycanda isə o meyarlar üzrə hələlik addımlar atılmayıb. Amma Azərbaycan hökuməti də həmin yoldadır. Bu qiymətləndirmə nisbidir. Bu o deməkdir ki, bizimlə eyni regionda olan ölkələrdə vəziyyət daha da pisləşib», – deyə X.İsmayılova izah edir.

Zahid Oruc
Zahid Oruc

DEPUTATDAN ÇIXIŞ YOLU: «HÖKUMƏT BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ETMƏLİDİR»

Deputat Zahid Oruc isə qurumun hesabatında deyilənləri qəbul etmir və tənqidləri ötən illər ərzində «Freedom House» təşkilatıyla hökumət arasında normal əməkdaşlıq formatının formalaşmaması ilə əlaqələndirir. Buna təəssüfləndiyini söyləyən deputat nəticədə qurumun hesabatlarının «qərəzli, birtərəfli, Azərbaycanı idarə etməyə çalışan mərkəzlərin sifarişi» və ya daxildə konkret qüvvələrə yönəldilmiş şəkildə hazırlandığını düşünür.

Z.Oruc sosial mediada və ya internetdə problemlərin tək Azərbaycanda deyil, keçmiş sosialist Avropa ölkələrində də olduğunu bildirir. O, Rusiyanın son illər informasiya savaşı aparmaq məqsədilə iki informasiya subyekti yaratdığını xatırladır: «Sputnik» və «Russia Today». Deputat bu qurumların hər ikisinə qarşı beynəlxalq məkanda «dirəniş» olduğunu, fəaliyyətlərinin dayandırılması yönündə iş aparıldığını bildirir:

«Avropa Birliyi isə 2016-cı ildən Rusiyanın Avropa məkanında informasiya təsirinin azaldılması məqsədilə sənəd qəbul edib. Bundan ötrü Avropa Parlamentində yığışaraq sənədlər qəbul edirlər. Əks planda işləməyə çox sayda informasiya qurumları yaradırlar. Bu, azad sözə qarşı savaş sayılmır, ancaq Azərbaycanda görülən tədbirlər «Freedom House»un qeyd etdiyi qiymətləndirməyə səbəb olur. Məncə, buna görə də Azərbaycan hakimiyyəti belə qurumlarla dialoqdan kənarda qalır və bu da münasibətləri gərginləşdirir».

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Deputat bu cür qurumlarla münasibətlərdə yeni dönəmin başlanmasını, bu məqsədlə «Freedom House», «Human Rights Watch», «Amnesty International» kimi qurumlarla görüşlərin keçirilməsini istəyir. O hesab edir ki, bu addım hökumət əleyhinə tənqidlərin azalmasına yol açacaq.

XATIRLATMA

Martın sonundan ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və İnformasiya Texnologiya Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla həmin saytların bloklanması məhkəmə müstəvisində həllini tapıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına, onun təhlükəsizliyinə ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Zaman-zaman ölkədə bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.

XS
SM
MD
LG