Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:02

Freedom House-un internet azadlığı hesabatında Azərbaycandan nə yazılıb?


Freedom House insan haqları təşkilatının noyabrın 14-də açıqlanmış yeni hesabatında deyilir ki, hökumətlər dünya boyunca sosial mediada informasiyanın manipulyasiya edilməsi, internetin sərbəstlik verən vasitə kimi hədələnməsi cəhdlərini artırıblar.

“İnternetdə azadlıq 2017: Demokratiyanın Əngəllənməsi üçün Sosial Medianın Manipulyasiyası” (Freedom on the Net 2017: Manipulating Social Media to Undermine Democracy) adlı hesabatda deyilir ki,internetin manipulyasiyası və dezinformasiya taktikasından azı 18 ölkənin seçkilərində istifadə edilib.

Bu da qeyd olunur ki, son yeddi ildə dalbadal internetin məhdudlaşdırılması bütün dümyada atmaqda davam edib.

Bu hesabat 65 ölkəni və dünya üzrə internet istifadəçilərinin 87 faizini əhatə edir. Bu hesabatda 2016-cı ilin iyunu və 2017-ci ilin may ayı arasında baş vermis hadisə və proseslər təhlil edilib.

Ümumilikdə 30 ölkədə informasiyanın saxtalaşdırılması üçün internetin manipulyasiyasından istifadə edilib.

Ötənilki hesabatda bu ölkələrin sayı 23 idi.

Muzdlu şərhçilər, trollar, botlar...

Dünya boyunca liderlər öz dəstəklərini artırmaq məqsədilə muzdlu şərhçilərdən , trollardan, botlardan, saxta xəbər saytlarından və təbliğatdan istifadə ediblər.

Üç ildir ki, dalbadal Çin dünyada internet azadlığının ən böyük qənimi olub. Onun ardınca reytinq cədvəlində Suriya və Efiopiya gəlir.

Bu da qeyd olunur ki, son bir ildə dövlət senzorları əsasən mobil telefon rabitəsinin filtrlənməsini və bloklanmasını artırıblar.

Bir çox hökiumətlər Facebook kimi platformalrda canlı video yayımlarının əngəllənməsini həyata keçiriblər.

Bu arada habelə media və xəbər qurumlarına, müxalifət və insan haqları fəallarına internet hücumları çoxalıb. 65 ölkədən 34-də bu sayaq kiberhücumlar qeydə alınıb.

14 ölkədə Virtual Fərdi Şəbəkələrin və ya VPN-lərin məhdulaşdırılması həyata keçirilib.

İnternet istifadəçiləri və jurnalistləri üzərinə fiziki hücumların sayı son bir ildə 50 faiz artıb.

İnternet azadlığının ən pis korlandığı ölkələr sırasına Ukrayna, Misir və Türkiyə daxildir.

İnternetdə azadlıq hesabatında 65 ölkədə internet və rəqəmsal medianın azadlıq dərəcəsi 0-dan 100-dək şkalada ölçülüb.

0-dan 30-dək balla qiymətləndirilmiş ölkələr “azad ölkələr” kateqoriyasına daxil olub.

“Qismən azad ölkələrin” balı 31-dən 60-dəkdir. “Azad olmayan” ölkələr kateqoriyasına 61-dən 100-dək balı olan ölkələr daxil edilib.

Beləliklə bu hesabatda Gürcüstan 24 balla azad ölkə hesab edilib. Ermənistan 32, Qırğızıstan 37, Ukrayna 45, Azərbaycan isə 58 balla “qismən azad” kateqoryasında qərar tutub.

Qazaxıstan 62, Belarus 64, Rusiya 66, Pakistan 71, Özbəkistan 77 və İran 85 balla “azad olmayan” ölkələr kateqoriyasınadır.

Azərbaycanda haker hücumlarının izi hökumət IP-lərinə gedib çıxır

Hesabatın bir neçə bölümündə spesifik olaraq Azərbaycanla bağlı məqamlar az deyil.

Sənədin bir yerində qeyd olunur ki, hökumətlər kiberhücum alətlərindən özlərinə düşmən bildikləri şəxslərə - əsasən də korrupsiya və cinayətkarlığı faş edənlərə qarşı istifadə ediblər.

Hesabatda deyilir ki, bir çox hallarda Bəhreyn, Azərbaycan, Meksika və Çin kimi ölkələrdə fəalların sosial media hesabları qanunsuz haker hücumları vasitəsilə izlənməyə məruz qalıb.

Müstəqil internet ekspertləri bu hücumaların arxasında hökumətlərin dayandığı qənaətinə gəliblər.

Ölkələr üzrə manipulyasiya taktikasına aid cədvəldən görünür ki, Azərbaycanda dezinformasiya taktikasının 5 növündən 4-ü işə salınıb. Bunlar muzdlu hökumətyönlü şərhçilərdən, iqtidaryönlü mediadan, siyasi botlardan və hesabların oğurlanmasından istifadədir.

Bu da qeyd olunur ki, Azərbaycanda media plüralizmi xaricdən maliyyələşən media qurumlarının işinin məhdudlaşdırılması nəticəsində ciddi şəkildə pisləşib. Belə bir vəziyyət medianı reklam bazarından pay almaq məqsədilə hökumətdən asılı vəziyyətə salır.

Hesabatda deyilir ki, son bir il ərzində 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib. Azərbaycanda Abzas xəbər portalı 2017-ci ildə hökuməti tənqid edən materialların dərcindən az sonra belə hücumlara məruz qalıb.

Xəbər portalı domenini dəyişməyincə ona giriş bərpa olunmayıb. Ekspertiza bu hücumların izinin Azərbaycan hökumətinə aid IP ünvanlarına gedib çıxdığını göstərib.

Azərbaycan hökuməti bundan əvvəlki illərdə də internet azadlığının məhdudlaşdırılmasına və senzura edilməsinə görə tənqid edilib.

Rəsmi Bakı bir qayda olaraq bu tənqidləri rədd edir və bildirir ki, Azərbaycanda internet tam sərbəstdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG