Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:01

'Azərbaycan sanki Rusiya ilə razılığa gəldi ki, Paşinyan uduzsun'


Azərbaycan- Ermənistan sərhədində gərginlik davam edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Azərbaycan- Ermənistan sərhədində gərginlik davam edir

Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, onların ərazisindən keçən dəhlizi heç vaxt müzakirə etməyiblər və etməyəcəklər: "Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatı ilə heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər".

Halbuki, mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər zamanı deyirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizidir, hansı ki, açılmalıdır və açılacaq: "Bildiyiniz kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib. Ondan sonra Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupun iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın".

E.Məmmədov
E.Məmmədov

"Bu, Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlıdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da "Turan"a deyib ki, dəhlizin olması Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzaladıqları sənədlərdə də öz əksini tapıb. Deputat hesab edir ki, N.Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dediyi daxili auditoriyaya yönəlik bəyanatdır.

E.Məmmədovun fikrincə, o, baş nazirliyə gələndən elə belə populist bəyanatlar verməklə məşğul olub: "İndi o yenə də həmin variantlara əl atır. Bu, Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlıdır".

"Burada Rusiyanın da, Türkiyənin də, İranın da, bizim də..."

E.Məmmədovun fikrincə, əgər Ermənistan xalqı düşünüb düzgün nəticə çıxara bilsə, onlar inkişaf etmək üçün Zəngəzur dəhlizinin olmasını hamıdan çox istəməlidir: "Çünki o dəhlizin olması onları tarix boyu dəstəkləyən, bu gün də müdafiə edən Rusiya ilə birbaşa dəmir yolu əlaqələrinin olmasına gətirib çıxaracaq. Bu onların çox xeyrinədir. Yəni, onlar digər əlaqələrini də bu dəhliz vasitəsilə həyata keçirə bilər, tranzit dövlət statusunu əldə edə bilər".

Deputat da hesab edir ki, həmin dəhliz açılacaq: "Burada Rusiyanın da, Türkiyənin də, İranın da, bizim də, elə Ermənistanın özünün də çox ciddi strateji maraqları var".

Ə.Oruclu
Ə.Oruclu

"Dəhliz niyə üç ay əvvəl yada düşmürdü?"

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, həmin dəhliz ətrafında mübahisənin məhz bu günlərdə qızışması təsadüfi deyil. O hesab edir ki, bu, Ermənistandakı qarşıdan gələn seçkilərlə bağlıdır və Rusiya çalışır ki, bütün vasitələrlə N.Paşinyanı kənarlaşdırsın: "Ona qarşı koalisiya yaradılır, amma Rusiya ekspertləri görür ki, Paşinyana hələ də xalqın dəstəyi güclüdür və birdən dəhliz yada düşür. Çünki bu dəhliz məsələsində güzəştə getmək Paşinyan üçün məğlubiyyət deməkdir. Bəli, Paşinyan dəhliz məsələsi yer alan məlum 10 noyabr bəyanatına imza atıb, amma sual yaranır: dəhliz niyə üç ay əvvəl yada düşmürdü?".

Ekspertin sözlərinə görə, məsələdə Rusiya maraqlıdır: "Diqqət yetirin ki, dəhliz məsələsi kəskinliklə (Rusiya xarici işlər naziri) Lavrovun bu günlər səfərinin ardınca gündəmə qayıtdı. Azərbaycan sanki bu məsələdə Rusiya ilə razılığa gəldi ki, Paşinyan seçkilərdə uduzsun".

"Azərbaycan Rusiyadan müəyyən qarantiyalar alıb"

Ə.Oruclunun fikrincə, Azərbaycan Rusiyadan müəyyən qarantiyalar alıb. Politoloqun xatırlatmasına görə, prezident İ.Əliyev əminliklə deyir ki, dəhliz açılacaq. O, əlavə edir ki, sözügedən dəhliz Azərbaycan üçün vacib olsa da, ilk növbədə Rusiyaya gərəkdir: "Çünki həmin dəhlizə o özü nəzarət edəcək. Paşinyan isə son ana kimi müqavimət göstərəcək. Dəhliz, yəqin ki, açılmayacaq və kompromis variantlar tapılacaq. Hər halda, müharibə olmayacaq".

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG