Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Azərbaycan hərbi xərcləri 36 faiz azaldıb


Bakıda hərbi parad. 2013
Bakıda hərbi parad. 2013

Son 2 ildə Azərbaycan dünyada hərbi xərcləri azaldan ölkələr içində 3-cü yerdə qərarlaşıb. Hərbi xərcləmələr 36 faiz azalıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (ingiliscə qısa adı – SIPRI) aprelin 24-də açıqladığı hesabatda belə deyilir. Hesabatda ötən il dünyada hərbi xərclərdəki tendensiyalar araşdırılıb.

Ümumilikdə, keçən il dünyada hərbi xərclər 1686 milyard dollara çatıb ki, bu da 2015-ci ildəkindən 0,4 % çoxdur.

Regionlar üzrə hərbi xərclərdəki meyllər fərqlənir. Asiya və Okeaniya, Mərkəzi və Şərqi Avropa, Şimali Afrikada bu sektora xərclənən vəsait artıb. Mərkəzi Amerika və Karib regionu, Yaxın Şərqdə, Cənubi Amerika və Saharaaltı Afrikada isə azalıb.

HƏRBİ XƏRCLƏR LİDERLƏRİ

Birləşmiş Ştatlar dünyada orduya ən çox pul ayıran ölkə statusunu saxlayır. Orduya xərcləri 2015-2016-cı ildə 1,7 % yüksəldib və 611 milyard dollara çatdırıb.

İkinci yerdə gələn Çində isə artım 5,4 faizdir, ötən il 215 milyard dollar hərbiyə xərclənib. Rusiyada 2016-cı ildə xərclər 5,9% yüksələrək 69,2 milyard dollara çatıb.

S-400 raketləri
S-400 raketləri

Qərbi Avropada artıq ikinci ildir ki, hərbi xərclər yüksəlir, ötən il 2,6% artıb. Ən böyük artım İtaliyada qeydə alınıb. 2015-2016-cı illərdə 11%-lik artım olub.

Mərkəzi Avropa ölkələri ötən il hərbi xərcləri 2,4% çoxaldıblar. “Bu, daha çox Rusiyanın böyük təhlükə yaratması fikriylə bağlıdır. Baxmayaraq ki, ötən il Rusiyanın hərbi xərcləmələri NATO-nun Avropa üzvlərinin cəmi xərclədiyinin 27%-i qədər olub, bu yanaşma qalmaqdadır”, – SIPRI-nın baş tədqiqatçısı Siemon Wezeman deyir.

NEFT ÖLKƏLƏRİ

Ötən il hərbi xərclərdən ən çox kəsənlər neft gəlirləri azalan Venesuela (–56%), Cənubi Sudan (–54%), Azərbaycan (–36%), İraq (–36%) və Səudiyyə Ərəbistanıdır (–30%). Anqola, Ekvador, Qazaxıstan, Meksika, Oman və Peruda da diqqətçəkən azalma qeydə alınıb. Hərbi xərcləri azaldan 15 ölkədən yalnız ikisi neft ixracatçısıdır.

Foto arxiv
Foto arxiv

Amma hesabatda o da qeyd olunur ki, Əlcəzair, İran, Küveyt və Norveç kimi neft ixracatçıları, neftin ucuzlaşmasının yaratdığı şoka rəğmən, iqtisadi baxımdan daha yaxşı durumdadırlar və 2016-cı ildə hərbi xərcləri saxlaya biliblər.

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN

Hesabat müəllifləri vurğulayırlar ki, Ermənistanla Azərbaycan arasında toqquşmaların davam etməsinə baxmayaraq, hər iki ölkənin hərbi xərcləri 2011-ci ildən bəri ilk dəfə azalıb. Ermənistan bu sektora xərcləri 5,5% faiz azaldıb. Azərbaycanın hərbi xərclərinə isə neftin ucuzlaşması təsir göstərib, ötən il 36% azalaraq 1,4 milyard dollara düşüb.

Qeyd edək ki, ötən il müdafiə xərclərinin azalmasının bir səbəbi də manatın devalvasiyası ilə izah olunur. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib, manat dollara nisbətən 2 dəfə dəyər itirib.

Foto arxiv
Foto arxiv

2016 – cı ildə büdcədə hərbi xərclər 2 milyard 228 milyon, bu il isə 2 milyard 642 milyon manat proqnozlaşdırılır. Müdafiə Nazirliyinə 1 milyard 102 milyon, Dövlət Təhlükəsizlik Xidmətinə 93 milyon, Xarici Kəşfiyyat Xidmətinə 18 milyon manat nəzərdə tutulub.

QLOBAL ÜDM-NİN 2,2 FAİZİ

SIPRI-nın hazırladığı sənəddə vurğulanan digər əsas məqamlar bunlardır:

2016-cı ildə dünyada hərbi xərclər qlobal ÜDM-nin 2,2 faizi qədər olub;

Ukraynanın ötən ilki hərbi büdcəsi 3,5 milyard dollar olub, yəni 3,8% azalma baş verib. Amma 2007-2016-cı illərdə bu ölkə orduya xərclənən vəsaiti 28% yüksəltmişdi. Ötən ilki azalma münaqişənin nisbətən səngiməsiylə bağlı olub. Bu il hərbi xərclər yenə artacaq, çünki yeni texnika alınır.

Foto arxiv
Foto arxiv

İran 2007-2016-cı illərdə hərbi büdcəni 7,3% kəsmişdi, 2015-2016-cı ildə isə 17% yüksəldib. Hesabat müəllifləri qeyd edirlər ki, beynəlxalq sanksiyaların qaldırılması İran iqtisadiyyatına gəlir gətirib, hökumət ordu xərcləmələrini artıra bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG