Orduda rüşvət azalıb
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin bildirdiyinə görə, hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz azalıb.Hərbi prokuror deyir ki, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə cinayətləri 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb. O, ötən il bəzi növ cinayətlərdə cüzi artım olduğunu desə də, həmin cinayətlərin detallarına varmayıb.
İlham Əliyev 4 milyard xəbərini təkzib edir
Maliyyə nazirinin ardınca prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından 4 milyard dollarlıq yardım istəməsi barədə xəbərləri təkzib edib.
Ölkə başçısı yanvarın 29-da gənclərlə görüşündə deyib ki, “Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmir.
Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir” (Apa).
Tikinti şirkətləri gözləmə mövqeyinə keçib
Ev alan yoxdur. “Təzə il girəndən hər gün gəlib soruşuram ki, iş var, ya yox. Deyirlər, “yoxdur”. Bu gün – sabah bir ay olacaq. Düz- əməlli bir söz deyən də yoxdur ki, adam işini bilsin. Əgər iş dayanıbsa, mən də çıxıb gedim rayona”.
Astaradan olan fəhlə Əzizbala Mehdiyev deyir ki, keçən ilin sonunda fəhlələr öz aralarında tikintinin dayanacağı haqqında danışırmışlar. Ancaq onlara bu haqda rəsmi məlumat verilməyib.