Bu günki AzadlıqLive-da:
İlham Əliyev deyir ki, məmurun kabinetində Azərbaycanda istehsal olunan mebel olmalıdır, əsgərə Azərbaycan ayaqqabısı alınmalıdır
Nisyə alanlar və nisyə verən-verməyən dükan sahibləri
Manatın devalvasiyası nisyə mexanizmini də öldürdü- bunu iqtisadçı Nemət Əliyev deyir
MB sədri Elman Rüstəmov deyir ki, hökümət dollarla kredit götürənlərə güzəşt etməyəcək.
Millət vəkili Vahid Əhmədovsa deyir ki, hökumətlə ümumi razılıq bu olub ki, dollarla götürülən kreditlər problemi öz həllini tapsın- 10 min dollaradək olan kreditlər 1,05 məzənnəsi ilə ödənsin.
Neft ucuzlaşdıqca azadlıq azalır
Freedom House təşkilatının 2016-cı il üçün hesabatı “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” ( Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.
Hesabatda deyilir ki, ötən 2015-ci il dünyada bir-birini çulğalayan bir neçə böhran yaşayıb və nəticədə demokratik ölkələrdə ksenofobiya yaranıb, təbii ehtiyatlara söykənən ölkələrdə iqtisadiyyatlara ağır zərbə dəyib və bu da avtoritar rejimlərin fərqli düşüncə üzərinə hücumlarını şiddətləndirib. Bütün bunların nəticəsi olaraq artıq dalbadal 10-cu ildir ki, qlobal azadlıq tənəzzüldədir.
Bu da qeyd olunur ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək repressiv petrodövlətlərdə ümumun rifahı üçün təhlükə yaradıb.
Qafqazın korrupsiya çempionu
Transparency İnternational təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama İndeksi 2015” (Corruption Perceptions Index 2015) hesabatını açıqlayıb.
Bu hesabatda Azərbaycanın adı xüsusi olaraq çəkilir. Azərbaycan sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” fəsillərindən “pis”ə düşüb.
Bu hissədə Macarıstan, Polşa və Türkiyədəki vəziyyətin pis olduğu bildirilir, lakin vəziyyətin Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda daha bərbad olduğu deyilir.
"Amansız repressiyalar"
Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb. Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.
«Human Rights Watch» təşkilatının insan haqları ilə bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir.