Dollardan "Allaha güvənirik" şüarını yığışdırmaq istəyirlər
"İn God We Trust" (Allaha inanırıq, güvənirik ) ABŞ-ın bu rəsmi dövlət şüarını dollar əskinasından yığışdırmağı təklif edirlər. Ohayo ştatından bir qrup ateist məhkəməyə rəsmi müraciət edib. Onların nümayəndəsi Michael Newdow deyib ki, "Allaha güvənirik" ifadəsi ABŞ Konstitusiyasını pozur, çünki Ali Qanuna görə din dövlətdən ayrıdır.
Məhkəmə iddianı təmin etsə, dollardan "In God We Trust" götürüləcək.
Bu məlumatı World Religion News verir.
Aqramunt Qarabağ problemini qaldırdı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt seçilib. O bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.
AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. “Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”
Qiymət Mehdiyev bəyanat yaydı
SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.
Q.Mehdiyevin Anspress-ə təqdim etdiyi bəyanatda deylir: "Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.
Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.
Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.
Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".
O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılıb.
Hava limanlarında viza mərkəzləri açılır
Fevralın 1-dən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.
Məlumatı «Azərbaycan Hava Yolları» yayıb.
Bu mərkəzlərdə Fars Körfəzi ölkələrinin (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt), habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.