Dollar təkcə MB-dən və Neft Fondundan gəlir
İlham Əliyevin "Manata əlavə dəstək olmayacaq" fikrini İqtisadçı ekspert Vüqar Bayramov belə dəyərləndirir: «Bu açıqlama manatın «üzən məzənnə» siyasətinə keçməsi və bundan sonra milli valyuta məzənnəsini daha çox bazarın müəyyənləşdirməsi ilə bağlıdır. MB son ilyarım boyunca bazara 12 milyard dollardan çox valyuta çıxarıb və xarici valyuta ehtiyatını kəskin azaldıb. Bunu nəzərə alsaq, deməli, hökumət müdaxiləni ən aza endirməyə çalışır».
Ekspertin fikrincə, hökumət müdaxiləsinin mərhələli azalması xarici amillərin manata təzyiqini artıra bilər: «Hələlik, dollarlaşma prosesi başa çatmayıb və xarici valyutaya yüksək tələb qalmaqdadır. Dollardan qurtulma prosesi baş vermədiyindən bazarın özündən dollar təklifi olduqca azdır. Təklif yenə də MB-dən və Dövlət Neft Fondundan gəlir».
Vüqar Bayramovun qənaətincə, MB müdaxiləni kəssə, manat yenidən dəyərsizləşə bilər: «Axı MB bazarda yenə aparıcı oyunçudur və dollara təklifin ödənməsində onun payı hələ yüksəkdir. Dollarlaşma prosesi başa çatınca MB müdaxiləsinin sürməsi manatın mövcud məzənnəsini qoruyub saxlamaq üçün vacibdir».
Keçən il 267 əcnəbiyə vətəndaşlıq verilib
2015-ci ildə Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin 2015-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirəsində Xidmətin rəisi Firudin Nəbiyev deyib.
Ötən il Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 105 mindən çox müraciət daxil olub - F.Nəbiyev bildirib.
Azərbaycan kimə nə satır və alır?
Ötən il Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, Rusiya və Türkiyə olub. Bu barədə Dövlət Gömrük Komitəsinin 2015-ci ilin nəticələri üzrə açıqladığı hesabatda bildirilir.
Qurumun saytında yerləşdirilən məlumata görə, ölkəyə idxal məhsullarının böyük hissəsi təxminən 15 faizlə Rusiyanın payına düşür. İdxal məhsullarının 12 faizi Türkiyədən, 9 faizi ABŞ-dan, 7 faizi Almaniyadan, 6 faizi İtaliyadan daxil olub.
Azərbaycanın mal ixrac etdiyi əsas ölkələr İtaliya, Almaniya, Fransa, İsrail və Çexiya olub.
Ölkə ixracının əsas məhsulu neft, neft məhsulları və təbii qaz olub. Bunlar ixracın 85 faizini təşkil edib.
Meyvə-tərəvəz ixcracın təxminən 3 faizini, çay 0,17, bitki və heyvan mənşəli piylər və yağlar 1,34, şəkər 1,86, spirtli və spirtsiz içkilər 0.23 faizidir.
İdxalın 10 faizini yeyinti məhsulları, 26 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edib.
Moody's 6 Azərbaycan bankının reytinqini azaldıb
«Moody's Investors Service» beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın 6 bankının kredit dərəcələrinə dəyişiklik edib. «Moody's» «VTB Bank»ın, «Bank of Baku» ASC-nin və «Unibank» ASC-nin uzunmüddətli depozit reytinqlərini aşağı salıb və «neqativ» (mənfi) proqnoz verib.
«Moody's» həmçinin «Xalq Bank», «Bank Respublika» və «Kapital Bank»ın uzunmüddətli depozit reytinqlərinin proqnozunu «Stabil»dən «Neqativ»ə dəyişib.