Azərbaycanda 50 adamdan "donuz qripi" şübhəsi ilə qan analizi götürülüb
İndiyə kimi “donuz qripi” şübhəsi ilə 50-dən artıq insandan qan nümunəsi götürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoluxma halı aşkarlanmayıb. Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər də görülüb: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".
"Sədərək"də alver "ölüb"
“Sədərək” Ticarət Mərkəzində əksər dükanlar bağlıdı. Səbəb alıcı azlığıdır.
Satıcılar AzadlıqRadiosuna bildiriblər ki, alver olmadığından bir çox dükan sahibləri mağazaları bağlamaq məcburiyyətində qalıblar. Üstəlik, yer haqlarının çox olması onları belə bir addım atmağa vadar edib.
İD qruplaşması maaşları 2 dəfə kəsir
İslam Dövləti qruplaşması öz yaraqlılarının maaşını iki dəfə kəsib. Bunu Britaniyanın İndependent qəzeti İslam Dövləti qruplaşmasının "xəzinədarlığının" sənədinə əsasən bildirir. Təşkilat elan edir ki, nəzərdə tutulmamış vəziyyət yaranıb.
Yanvarın 11-də ABŞ beton dağıdan iki bomba ilə İslam Dövləti qruplaşmasının İraqda pul saxlanan dərin bunkerini dağıtdı. Həmin bunkerdə İD qruplaşmasının milyonlarla dolları var idi.
Geniş özəlləşdirməyə gedilir
Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Prezident struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyib və bir daha bəyan edib ki, “bir-birini təkrarlayan”, “lazımsız” dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını söyləyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə də toxunub. O, bu məsələyə Milli Məclisin növbədənkənar sessiyasında baxılacağını da bildirib
Bundan əlavə, İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, “iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” ilə bağlı tapşırıqlar verib.