Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Müsavat fəalı həbs olunarkən yeri niyə gizli saxlanılıb?


A.Həsənov
A.Həsənov

Siyasi mühacir kimi Litvada yaşayan, ötən ilin oktyabrında Bakıya gəldiyi gün həbs olunan Müsavat Partiyasının fəalı Azad Həsənovu Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Vəkili Osman Kazımov deyir ki, onun həbsi üçün hazırlanan əməliyyata idarənin polkovniki Fikrət Qasımov rəhbərlik etsə də, rəsmi sənədlərdə onun adı yoxdur. O, heç şahid kimi də dindirilməyib. Ona görə də vəkil adıçəkilən polis polkovnikinin məhkəməyə çağrılıb dindirilməsini istəyir. Mayın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat fəalının işinə baxılarkən də bu barədə vəsatət qaldırıb.

Vəkil deyib ki, A.Həsənov saxlandıqdan sonra onun qohumlarına yeri barədə məlumat verilməyib, özünün də yaxınlarıyla əlaqə saxlamasına imkan yaradılmayıb. Müdafiəçinin fikrincə, onun bu hüquqlarını F.Qasımov məhdudlaşdırıb.

O.Kazımov deyir ki, A.Həsənovun yaxınları xeyli vaxt onun yerini öyrənməyə çalışıblar. Bu məqsədlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Baş Prokurorluğun «Qaynar xətt»inə müraciətlər olunub. Vəkil bunu sübut etmək üçün vəsatət qaldırıb ki, məhkəmə həm nazirliyə, həm də prokurorluğa sorğu göndərsin: «Bütün bu məsələlər araşdırılmalıdır ki, onun yeri barədə yaxınlarına niyə məlumat verilməyib, ailə üzvləri ilə əlaqə saxlamaq hüququ niyə məhdudlaşdırılıb».

Vəkilin daha bir vəsatəti Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub-çıxanların qeydiyyatının aparıldığı kitabçadan çıxarışın məhkəməyə təqdim edilməsi olub. Vəkil hesab edir ki, müsavatçı fəalın cibindən narkotik çıxdığını iddia edib, bu işdə hal şahidliyi edən Böyükbəy Əmirbəyov heç həmin gün idarədə olmayıb. Çünki A.Həsənov özü də həmin şahidi orada görmədiyini söyləyir. Vəkil istəyir ki, kitabçadan çıxarış alınsın, məhkəmə görsün ki, bu şəxs oktyabrın 10-da o idarəyə daxil olub, yoxsa yox.

Məhkəmə vəsatətləri təmin edib. Bu məsələlər mayın 27-də keçiriləcək növbəti iclaslarda araşdırılacaq.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG