Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Azad Həsənov buraxıldı


A.Həsənov
A.Həsənov

Xəstə atasını görmək üçün mühacir kimi yaşadığı Litvadan Bakıya gəlib, həmin gün də həbs olunan müsavatçı fəal Azad Həsənov azadlığa buraxıldı. Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası A.Həsənova CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma saxlama) maddəsiylə verilən ittihamı CM-in 234.1 maddəsinə tövsif edib. Yəni ittihamdan satış məqsədini çıxarıb. Bu maddə ilə ona 1 il həbs cəzası təyin edib. Amma XM-in 70-ci maddəsi təyin edilməklə, cəza şərti hesab olunub.

Hökmdən öncə prokuror da çıxışında ittiham maddəsinin dəyişməsini, CM-in 234.1 maddəsiylə ona 1 il 6 ay həbs cəzası verilməsini istəyib.

Vəkil Osman Kazımov A.Həsənovun günahsız olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib. Deyib ki, bu cinayət işi əvvəldən axıra qədər yalan və saxtakarlıqlardan ibarətdir.

Müdafiəçi prokurorun çıxışından da narazılığını dilə gətirib: «Təəssüf ki, prokuror ittihamdan imtina etmədi. Elə bir insana cəza istədi ki, o insan günahsızdır, vətəndən didərgin düşüb, xəstə atasıyla vidalaşmağa gəlmişdi. Prokuror ata sədaqətinə, vicdana cəza istədi».

Cinayət işinin materiallarındakı, polislərin ifadələrindəki uyğunsuzluqları bir-bir sadalayan O.Kazımov çıxışının sonunda məhkəmədən A.Həsənova qarşı haqsızlığın aradan qaldırılmasını xahiş edib:

«Azad bu ölkədə həm də məhkəmələrin müstəqilliyindən ötrü mübarizə aparırdı. Azadlıq onun haqqıdır. Məhkəmə olaraq, sizin də vəzifəniz yalanlarla, saxtakarlıqlarla onun əlindən alınmış bu haqqını özünə qaytarmaqdır».

A.Həsənovun son sözü qısa olub. Deyib ki, onu tanıyanlar ilk gündən şərləndiyini, narkotik ittihamının ona yapışmadığını bilirdilər. Məhkəmə gedən dövrdə başqaları da buna əmin oldu: «Həbsimin səbəbi siyasi baxışlarım, müsavatçı olmağım, vətənimi sevməyimdir. Mənim haqqım bəraət hökmüdür. Sizdən də onu istəyirəm».

Təxminən on dəqiqəlik müşavirədən sonra hökm oxunub.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG