Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 15:00

Azərbaycanla Aİ arasında sazişlə bağlı ictimai dinləmələr keçirilib


Azərbaycan-Aİ
Azərbaycan-Aİ

Aprelin 18-i Bakıda Azərbaycan və Avropa İttifaqı arasında gözlənilən sazişə dair ictimai dinləmələr keçirilib.

Tədbir Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə ərsəyə gəlib.

Dinləmələrdə çoxsaylı müxalifət partiyalarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının (QHT) və medianın təmsilçiləri iştirak edib. Tədbiri həmçinin, xarici diplomatik missiyaların, o cümlədən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təmsilçiləri müşahidə edib.

Dinləmə iştirakçıları birmənalı şəkildə Azərbaycanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarı olduqlarını bildiriblər. Amma onlardan bir çoxunun fikrincə, imzalanacaq saziş layihəsi cəmiyyətə açıq olmalı və cəmiyyətin maraqlarını əks etdirməlidir.

«Hazırda saziş Azərbaycan cəmiyyəti üçün açıq deyil»

«Azərbaycan cəmiyyəti sazişin hazırlanmasında iştirak etməyib», -beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzəsində deyib.

Keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn də eyni mövqeyi ifadə edib.

REAL Partiyasının sədri İlqar Məmmədov isə deyib ki, indiki hökumət xalqın maraqlarına xidmət edən saziş imzalaya bilməz.

Azərbaycanda nə Avropa standartlarına cavab vermir?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

«Avropa İttifaqı ilə başqa cür saziş istəyiriksə…»

«Avropa İttifaqı ilə başqa cür saziş istəyiriksə, onda mən xahiş edirəm ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevi yola salaq. Onda başqa bir keyfiyyətdə saziş imzalayaq», - Məmmədov bəyan edib.

Milli Şuranın sədri Cəmil Həsənli də bildirib ki, Azərbaycan hakimiyyəti uzun müddət Avropaya inteqrasiyadan kənarda qalmaq istəyib. Onun fikrincə, hakimiyyətin məqsədi Avropa dəyərlərini öz dəyərlərinə uyğunlaşdırmaqdır. C.Həsənli qeyd edib ki, məhz buna görə də Avropa Şurasına üzvlüklə bağlı ümidlər doğrulmayıb.

«Hökumətin artıq Avropaya inteqrasiyadan kənarda qalmaq limiti qurtarıb. Amma indi sazişi elə imzalamaq istəyir ki, bu onun ömrünün uzanmasına, möhkəmlənməsinə xidmət etsin», - o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli də deyib ki, sazişin imzalanması lazımdır. Onun fikrincə, bu saziş layihəsi Azərbaycan hökumətinin mövqeyi deyil, kompromisin nəticəsidir. Ə.Kərimli vurğulayıb ki, onlar bu sazişdə tərəf deyil, amma mövqelərini çatdırmalıdırlar. AXCP sədri vurğulayıb ki, növbəti imitasiyaya istəmirlər.

Danışıqlar hansı vəziyyətdədir?

Bu il aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib.

Orada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, artıq saziş 90 faiz razılaşdırılıb. «İndi bir intizam yaratmaq və onu həyata keçirtmək lazımdır. Orada Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik», - deyə nazir vurğulamışdı.

Azərbaycan rəsmiləri demokratiya və insan hüquqları ilə bağlı tənqidləri qərəzli sayır, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG