Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Azərbaycanda hakim və prokurorların mülkiyyəti niyə açıqlanmır?


Avropa Şurasının yenicə açıqlanmış hesabatında deyilir ki, Azərbaycanda millət vəkilləri, hakimlər və prokurorlar arasında korrupsiyanın önlənməsinə dair tövsiyələrin icrasında irəliləiyiş əldə olunsa da, onların mülkiyyətinin bəyan edilməsinə hələ də nail olunmayıb.

Avropa Şurasının GRECO adlı antikorrupsiya qrupunun iyunun 18-də açıqlanmış hesabatında deyilir ki, Azərbaycan hazırda 21 tövsiyədən 13-nü tam qənaətbəxş şəkildə, 5 tövsiyəni isə qismən həyata keçirib, lakin 3 tövsiyəyə hələ də əməl olunmayıb.

Sənəddə bu da bildirilir ki, Azərbaycanda deputatların etik davranış qaydalarına dair qanunun qəbul edilməsi tərəqqi sayıla bilər. Qanun layihələrinin ictimai müzakirələri üçün iş çərçivəsinin hazırlanması da pozitiv addımdır.

Lakin hesabatda vurğulanır ki, hazırda qanunvericilik millət vəkillərinə nəzarət səlahiyyəti versə də, bunun real həyatda səmərəli olduğunu göstərən əlamətlər yoxdur.

Hakimlərin məsələsinə gəlincə isə GRECO tövsiyələrin tətbiqində irəliləyiş olmamasından narahatlıq ifadə edir.

Burada söhbət hakimlərin və prokurorların, habelə millət vəkillərinin öz aktivlərini və ya başqa sözlərlə mülkiyyətini bəyan etməsi barədə tövsiyənin 2005-ci ildən bəri icrasız qalmasından gedir.

Hesabatda habelə Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı tövsiyənin icrası vəziyyətindən narahatlıq ifadə olunub.

Tövsiyədə Məhkəmə-Hüquq Şurası heyətinin yarısından az olmayan hissəsinin birbaşa seçilmiş və ya həmkarlar ittifaqları tərəfindən təyin edilmiş hakimlərdən ibarət olması istənir.

GRECO bu tövsiyənin icrasında heç bir irəliləyişin olmamasına təəssüfləndiyini bildirir.

İradənin olmaması

Hesabatda bildirilir ki, GRECO məhkəmələrin müstəqilliyinin təmin edilməsi məqsədilə bütün kateqoriyalardan olan hakimlərin və məhkəmə sədrlərinin təyin edilməsində Məhkəmə-Hüquq Şurasının rolunun artırılmasını, habelə hakimlər üçün sınaq müddətinin azaldılmasını istəyir.

GRECO bunu da qeyd edir ki, prokurorluq üzərində təsirin azaldılması üçün kiçik qanunvericilik addımları atılıb, lakin belə bir təsir tamamilə aradan qaldırılmalıdır.

Hesabatda millət vəkillərinin, hakim və prokurorların öz mülkiyyətini açıqlamasının təmin edilməsi istiqamətində iradənin olmamasından narahatlıq ifadə olunur.

GRECO Azərbaycanın hakimiyyət orqanlarını bu mühüm antikorrupsiya tədbirinin nəhayət həyata keçirilməsinə çağırıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanın sözü gedən tövsiyələri həyata keçirməsinin vəziyyətinə növbəti dəfə 2019-cu il, dekabrın 31-dək baxılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG