Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Azərbaycanda doğulan hər iki uşaqdan birinin valideynlərinin rəsmi gəliri olmayıb


Doğum evi
Doğum evi

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik sosial müavinət də ödənilir. Qanunvericiliyə görə, anadan olan uşağın valideynlərindən ən azı birinin rəsmi sığorta ödənişi, dolayısıyla, rəsmi iş yeri varsa, uşağı doğulanda Dövlət Sosial Müdafiə Fondu (DSMF) birdəfəlik müavinət ödəyir. Yeni dünyaya gəlmiş uşağın valideynlərindən heç biri işləmirsə, bu müavinət dövlət büdcəsi hesabına verilir.

Sosial müavinətin verilməsiylə bağlı bu məqam həm də ölkədə işsizlik və qeyri-rəsmi məşğulluğun gerçək durumunun daha qanqaraldıcı olmasını üzə çıxarır. Dövlət Statistika Komitəsinin sosial müavinətlərə dair göstəricilərindən görünür ki, 2019-cu ildə toplam 129 min ailəyə uşağın dünyaya gəlməsinə görə birdəfəlik müavinət ödənilib. Müavinət alan 129 min ailədən cəmi 56 min 300-ü, yəni bütün müavinət alan ailələrin cəmi 43 faizi bunu sığorta ödənişi kimi əldə edib.

Müavinət alan hər 100 ailədən 57-də valideynlərin heç bir rəsmi gəliri olmayıb

Yerdə qalan 72 min 700-ə yaxın ailədə isə valideynlərin heç birinin rəsmi sığorta ödənişi olmadığından müavinət dövlət büdcəsi hesabına ödənilib. Başqa deyimlə, müavinət alan hər 100 ailədən 57-də valideynlərin heç birinin rəsmi gəliri olmayıb. 2019-cu ildə ölkədə doğulan uşaqların sayı isə bütövlükdə 141 minə yaxındır. Bu o deməkdir ki, həmin il ölkədə doğulan hər iki uşaqdan birinin valideynlərindən heç birinin rəsmi gəliri olmayıb. Bununla belə, hökumətin açıqladığı işsizlik göstəriciləri bir o qədər də narahatedici həddə deyil. İqtisadiyyatın böyük zərbə aldığı koronavirus pandemiyası başlayanadək Azərbaycanda rəsmi işsizlik səviyyəsi 5 faizdən də aşağı idi. Pandemiya ilində ölkədə işsizlərin sayı təxminən 50 faiz artaraq 256 min 600 nəfərdən 376 min 900 nəfərə çatıb. Bu say 2003-cü ildən bəri son 17 ildə qeydə alınan ən yüksək göstərici idi. Hazırda Azərbaycanda işsizlərin rəsmi göstəricisi 7 faiz civarındadır.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanda uşaq dünyaya gətirənlərin çoxu gənclərdir. Yenə rəsmi rəqəmlərdən aydın olur ki, 2019-cu ildə övlad dünyaya gətirmiş anaların orta yaşı 25.7 olub. Şəhərlərdə bu rəqəm 26.7, kənd yerlərində isə 24.8 səviyyəsindədir. Həmin il ilk uşağını dünyaya gətirən anaların orta yaş həddi isə ölkə üzrə 24-ə bərabərdir.

Çoxuşaqlı Yevlax

Azərbaycanda uşaqlarla bağlı ödənilən daha bir müavinət beşdən çox uşağı olan qadınlara ödənilən sosial ödənişdir. Həmin müavinətlə bağlı qanunda qeyd edilir ki, bu müavinət "beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda təyin edilir". Müavinətin məbləği hazırda 55 manatdır.

Beşdən çox uşağı olan qadınlara ödənilən sosial müavinətlə bağlı ən çox diqqət çəkən məqam bu ödənişi ən çox alan şəxslərin Yevlaxda olmasıyla bağlıdır. Həmin rayonun, rəsmi olaraq, 130 minə yaxın əhalisi olsa da, burada müavinət ödənilən uşaqların sayı, rəsmi olaraq, 2.3 milyona yaxın əhalisi olan Bakı şəhərində eyni müavinəti alanların sayından çoxdur. Yevlaxda beş və daha çox uşağı olan qadınlara 1 min 359 uşağa görə müavinət ödənildiyi halda, paytaxt Bakıda bu rəqəm 1 min 73 nəfərdir. Yevlax və Bakıdan sonra bu müavinətin ən çox ödənildiyi rayon Astaradır – 551 nəfər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG