Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

ABŞ hesabatında Gəncə hadisələri, ‘sünni və şiələri birlikdə ibadət edən Azərbaycan’


Birləşmiş Ştatların Beynəlxalq Din Azadlıqları Komissiyası aprelin 29-da özünün sayca 20-ci illik hesabatını açıqlayıb.

Bir qayda olaraq bu hesabatlarda dünya ölkələrində din azadlıqlarının vəziyyəti təhlil edilir.

Hesabat ABŞ Dövlət Departmentinə ölkənin xarici siyasətində bu sənəddəki məlumat və təhlillərin nəzərə alınmasını tövsiyə edir.

Hesabatda 16 ölkə və 12 vahid “xüsusilə narahatlıq doğuran” qrupa daxil edilib.

Bu ölkələr Birma, Çin, Eritrea, İran, Şimali Koreya, Pakistan, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan və Türkmənistandır.

Azərbaycan hesabatda Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyə ilə birlikdə ikinci dəstəyə salınıb.

Xüsusilə narahatlıq doğruran vahidlər isə bunlardır: İraq və Suriyadakı İslam Dövləti ekstrermist təşkilatı, Somalidəki Şahab qrupu, Yəməndəki huti qiyamçıları və Suriyadakı Həyat Təhrir əş-Şəm qruplaşması.

Məhdudlaşdırıcı qanunlar

Hesabatda deyilir ki, Azərbaycan hökuməti 2018-ci ildə din azadlığı məsələsinin müzakirəsinə doğru müəyyən pozitiv maraq göstərsə də, ümumilikdə bu sahədə ölkədə ciddi dəyişiklik baş verməyib.

Hökumət 2009-cu il tarixli Din Azadlığı qanunu və inzibati və cinayət məcəllərlərinə edilmiş düzəlişlər vasitəsilə ölkədəki dini fəaliyyətləri ciddi nəzarət altında saxlayır.

Bu da deyilir ki, sözü gedən qanunlar qeydiyyatdan keçməmiş dini icmaların fəaliyyətini reallıqda cinayət əməli edir.

Amma sənəddə bu da qeyd olunur ki, Azərbaycan pozitiv addım olaraq dörd qeyri-müsəlman təşkilatını qeydiyyatdan keçirib, lakin 2018-ci il boyunca rəsmi qeydiyyat qaydalarını pozan dini icmaların təqibi, təhdid və qısnanması davam etdirilib.

2018-ci ildə protestantlar, Yəhvanın Şahidləri və bəzi müsəlman qrupları hökumət tərəfindən hədəflənib.

Hesabatda iyul ayında Gəncə şəhəri icra başçısına sui-qəsd cəhdi və iki polis zabitinin öldürülməsi ilə əlaqədar hökumətin “dini radikallar” adlandırdığı şəxslər saxlanıb.

Gəncədə həbs edilənlərin anaları aksiya keçiriblər
Gəncədə həbs edilənlərin anaları aksiya keçiriblər

Hesabatda deyilir ki, Gəncədə baş vermiş hadisələrin əsl mahiyyətini müəyyən etmək çətin olsa da, insan haqları qruplarlı hökumətin bu hadisələrdən siyasi fərqli düşüncə üzərinə hücum, habelə İslam terroru xofunun yaradılması üçün istifadə etdiyini bildirirlər.

Hesabat xatırladır ki, hələ də həbsxanalarda olan 68 vicdan məhbusunun çoxu Müsəlman Birliyi hərəkatının üzvləridir.

Bu da qeyd olunur ki, bütün ötən il ərzində bu hərəkat üzvlərinə işgəncə verilməsi “sistematik və endemik” xarakter alıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanın bu il də 2-ci dəstədə saxlanmasına belə neqativ hallar əsas verib.

Bu kateqoriyaya bir qayda olaraq “xüsusilə narahatlıq doğuran” kateqoriyanın azı bir faktorunun mövcud olduğu ölkələr salınır.

ABŞ hökumətinə tövsiyələr

Hesabat ABŞ hökumətinə Azərbaycanla bağlı konkret tövsiyələr verir.

Bunlardan biri də Azərbaycan hökumətini 2009-ci il qanununun dəyişdirilərək Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in 2012-ci il tarixli tövsiyələrinə uyğuynlaşdırmağa, xüsusilə də Bakıdan kənarda yerləşən qeyri-ənənəvi qrupların qeydiyyatlı və ya qeydiyyatsız azad fəaliyyətinə icazə verilməsinə, vicdan məhbuslarının, özəlliklə də etiqadına görə həbs olunanların azadlığa buraxılmasına, ailə üzvlərinin, insan haqları müşahidəçilərinin onlarla təmasına imkan verilməsinə çağırmaqdır.

ABŞ hökumətinə bu da tövsiyə edilir ki, inanc azadlığını qrant kateqoriyasına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyət sferasına daxil etsin.

Bu da məsləhət görülür ki, Milli Demokratiya Fondu Azərbaycanda dözümlülük və din azadlığına dair vətəndaş cəmiyyəti proqramlarına qrantlar ayrılmasına sövq edilsin.

ABŞ hökumətinə tövsiyələrdən biri də Azərbaycanda baş verən hadisələr barədə senzurasız informasiya yayan AzadlıqRadiosu və Amerikanın səsi radiolarının maliyyələşdirilməsinin davam etdirilməsidir.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti 2018-ci ildə də insan haqlarına neqativ təsir edən sovet dövrü qanunları ilə vurnuxmaqda davam edib.

Amma bu məqamda bu da qeyd olunur ki, Rusiya və İran arasında yerləşməsi bu sahədə Azərbaycan hökuməti üçün çətinliklər yaradır. Lakin vurğulanır ki, Azərbaycan hökuməti 2018-ci il boyu da siyasi təqibləri davam etdirib.

Hesabatda xatırladılır ki, beynəlxalq icma Azərbaycanda xüsusilə də dini qrupların icbari qeydiyyat qaydasının mövcudluğundan, habelə dini etiqadına görə həbs olunmuş şəxslərin işgəncələrə məruz qalmasından narahatdırlar.

İmamlar, 7-ci günün adventistləri və başqa qruplar

Sənəddə deyilir ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi indiyədək 877 müsəlman və 32 qeyri-müsəlman qrupların qeydiyyatdan keçirildiyini, həmçinin 2250 məscidin, 14 kilsənin və 7 sinaqoqun azad fəaliyyət göstərdiyini bildirir. Amma bununla yanaşı Baptist və Yəhvanın Şahidləri kimi qruplar da daxil bir sıra icmalar hələ də qeydiyyatdan keçirilməyib.

Komitə bunu texniki imnkanlarının azlığı ilə izah edir. Hesabatda deyilir ki, buna görə də bir çox hallarda dini icmaların qeydiyyatından birbaşa imtina edilmir, lakin bu proses uzadılır.

Məsələn deyilir ki, Yəhvanın Şahidləri qrupu Gəncədə 2010-cu ildən bəri qeydiyyatını gözləyir.

Azərbaycan pravoslavları Pasxanı qeyd edirlər
Azərbaycan pravoslavları Pasxanı qeyd edirlər

Zaqatalanın Əliabad kəndindəki baptistlər belə bir qeydiyyatı 1998-ci ildən gözləyirlər. Onlar hətta onlara Milad bayramını birlikdə keçirmək imkanının verilmədiyini iddia edirlər.

Buna baxmayaraq 2018-ci ildə 4 qeyri-müsəlman icması – Yeni Həvari (New Apostle), Üzüm bağı Azərbaycan (Vineyard Azerbaijan ), Bakıda Yəhvanın Şahidləri və Gəncədə 7-ci Günün Adventisləri qrupları qeydiyyatdan keçirilib.

Hesabatda Azərbaycanın bütün məscidlərinə imamların Qafqaz Müsəlmanları İdarəsi tərfindən təyin edilməsi, müstəqil imamların fəaliyyətinin qarşısının alınması da əks olunub.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycanda dini ədəbiyyatın çapı və satışı ilə bağlı da ciddi məhdudiyyətlər qoyulub. Buna da diqqət çəkilir ki, heç bir rəsmi qadağan siyahısı olmasa da, bir çox dini ədəbiyyatın satışına və yayılmasına yol verilmir.

Məsələn 2018-ci ildə Komitə “dini stabilliyə təhlükə” mülahizələri ilə Elşad Mirinin “Bunlar İslamda yoxdur” kitabını qadağan edib.

Hesabatda prezident İlham Əliyevin 2018-ci ildə dördüncü müddətə seçilməsinin məhdud siyasi mühitdə baş verməsinə dair ATƏT-in bəyanatı xatırladılır, amma ümumilikdə vurğulanır ki, ABŞ və Azərbaycan arasında xüsusilə də terrorla mübarizə və təhlükəsizlik sahələrində əməkdaşlıq mövcuddur.

Yaxşı rəy

Hesabatın Azərbaycana aid hissəsinin sonunda ABŞ-da bir çox prezidentliyə namizədlərin dini məsələlər üzrə müşaviri olmuş Johnnie Moore-un fərdi rəyi verilib.

Moore bəyan edir ki, Azərbaycanın bundan sonra da ikinci dəstədə saxlanmasına ehtiyac görmür, beləki ümumlikdə bu ölkənin geniş ictimaiyyəti dini dözümlülük nümayiş etdirir:

“Bu, sünni və şiə dindarların, katolik və rus pravoslav xristianların birlikdə ibadət etdiyi, yerli yəhudi icmasının bütün azadlıqlara və tam təhlükəsizliyə malik olduqları demək olar ki, başdan-başa müsəlman bir ölkədir”.

Özü də bir din xadimi olan Moore Azərbaycan və Ermənistan liderlərini uşaqların gələcəyi naminə sülhü davam etdirməyə, “qılıncları kotana çevirməyə” çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG