Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Ekspertlər: Azərbaycanda bahalaşma davam edir


İnflyasiya: Statistika Komitəsi, yoxsa bazarlar düz deyir?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

İnflyasiya: Statistika Komitəsi, yoxsa bazarlar düz deyir?

Azərbaycanda istehlak mallarının, xidmətlərinin qiyməti ilə bağlı durum necədir? Artma yoxsa azalma var?

Dövlət Statistika Komitəsi iyunun 12-də məlumat açıqlayıb və bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin həmin dövrünə nisbətən 2,4% artıb.

Beləliklə, rəsmi statistikaya görə, son bir ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% artıb.

Bakıda, kiçik sahibkar Faiqə Abışova isə deyir ki, bəzi məhsulların qiymətində artım hətta 30 faizə qədərdir:

“Məsələn, süd və süd məhsulları bahalaşıb. Əvvəllər 1 manat 20 qəpiyə satılan “Milla” smetanları indi 1 manat 60 qəpiyədir. “Bizim tarla”nın konservləşdirilmiş turşu məhsullarında, mürəbbədə artım var. Toyuq məhsulları da 15-20 qəpik bahalaşıb”.

Bununla belə Faiqə Abışova deyir ki, artım sürəti əvvəlki tempdə deyil və bəzi malların qiyməti isə heç dəyişmir.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, ötən bir ildə qiymətlərdə artım olduğunu başqa statistik məlumatlardan da görmək mümkündür:

“Əgər pərakəndə satış dövriyyəsinə baxsaz, bu göstərici 20 faiz civarında artıb. Bu artım fiziki olaraq deyil, nominal artıb. Bu da onun göstəricisidir ki, qiymətlər artıb. Çünki insanların alış-verişi artmayıb, amma qiymətlər artıb. Ona görə də mən rəsmi rəqəmləri real saymıram, sadəcə olaraq, Dövlət Statistika Komitəsi və Mərkəzi Bank çalışırlar ki, inflyasiya səviyyəsi birrəqəmli görünsün”.

Toğrul Maşallı hesab edir ki, ötən bir ildə bahalaşma 6-7 faiz ətrafında olub. Onun sözlərinə görə, bu da iqtisadiyyatda durğunluğun göstəricisidir. İqtisadi durum nə pisləşir, nə də yaxşılaşır, sabit dayanıb, artıma doğru hərəkət olmasa, indiki durum yaxşı vəziyyət deyil.

Dövlət statistikasına görə, bu ilin mayına nisbətən aprel ayında bəzi məhsullar ucuzlaşıb - bunlar əsasən mövsümi məhsullardır - alça, çiyələk, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor və s.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, mövsümi ucuzlaşma ümumi ərzaq inflyasiyasına təsir etməməlidir.

Hökumət rəsmiləri isə bildirirlər ki, əhalinin pul gəlirləri inflyasiyanın yeminə çevrilməsin, camaatın dolanışığı yaxşılaşsın deyə tədbirlər görürlər.

Bu ilin əvvəlində minimum əmək haqqı və pensiyalar təqribən 40 faiz artıb. Prezident İlham Əliyev keçən ay Bakıda yol tikinti layihəsinin açılışında deyib ki, indiki halda siyasətini insanların rifah halını yaxşılaşdırmağa yönəldib:

"Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır".

İqtisadi təhlilçi Toğrul Maşallı isə gözləyir ki, pul kütləsi artırdığı üçün növbəti bahalaşma dalğası yarada bilər:

“Bir çox artım aprel may ayında baş verib, ilin əvvəlindən baş verməyib. Biz bu artımın nəticəsini indi görməyə başlayırıq. Ona görə yayda ola bilər ki, qiymət artımı baş versin. Çox ciddi bir artım gözləmirəm. Ümumi olaraq düşünürəm ki, ciddi bir dəyişiklik baş verməzsə, ilin birinci hissəsində inflyasiya yeddi faizdən yuxarı olmayacaq, ola bilsin ki, il ərzində də inflyasiya elə bu səviyyədə qalsın, çünki Mərkəzi Bank da əlindəki vasitələrdən istifadə edir ki, inflyasiya səviyyəsi qalxmasın”.

Toğrul Maşallı hesab edir ki, bir çox sahələrdə iqtisadi islahatlar aparılmalıdır ki, qiymətlər bahalaşmasın, bazarda bolluq olsun, əhalinin sosial durumu yaxşılaşsın.

İlin əvvəlində Mərkəzi Bank inflyasiyanın 4 faiz civarında olacağını bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG