Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Azərbaycanda 125 milyonluq tenderi udan almanla bağlı qalmaqal necə bitdi


Pul
Pul

Alman işadamına qarşı dələduzluqda suçlanan işadamı Ələddin Yusifov təxminən bir il həbsdə saxlandıqdan sonra oktyabrın 30-da məhkəmə zalından azadlığa buraxılıb. Söhbət alternativ enerji mənbələrinin müəyyən edilməsi, istifadəsi və satışıyla məşğul olan alman şirkəti «Airwerk»in baş direktoru Ştixternat Haynz-Georg Tomasa qarşı 6 milyonluq dələduzluqdan gedir.

Qazaxıstandan alınan neft məhsullarının Gürcüstanın Poti limanında satışından tutmuş, Qırğızıstanda qurğuşun mədənində tikinti, Afrikanın Syerra-Leone Respublikasında almaz mədənində hasilata qədər müxtəlif işlərlə məşğul olan 57 yaşlı Ə.Yusifova şərti cəza verilib.

Azərbaycanda külək enerjisiylə bağlı 125 milyon dollarlıq layihə həyata keçirən alman işadamı məhkəməyə məktub göndərib ki, Ə.Yusifovla barışıblar. Onun vəkili barışıq sazişini hakimlərə təqdim edib. Əlavə edib ki, Ə.Yusifovun qızı özlərinə məxsus əmlakları dəymiş zərərin bir hissəsinin əvəzinə zərərçəkmişə verib. Üstəlik, öhdəlik götürüb ki, 1 il 6 ay ərzində hər ay ona 100 min manat pul ödəyəcək.

Cinayət işinin materiallarında yazılıb ki, «QKSSS» MMC-nin rəhbəri olan Ə.Yusifov öncə alman şirkətinin Asiya üzrə nümayəndəsi Elşən Şıxkərimovu tanıyıb, «Airwerk»in əməkdaşlarına öz ofisində yer verib. Bundan sonra şirkətin alman rəhbəriylə də tanış olub.

Ofşor şirkətə göndərilən milyonlar

Zərərçəkmiş Ş.H.G.Tomas deyir ki, Azərbaycanda tenderdə 125 milyon dollarlıq layihəni qazanandan sonra o layihə çərçivəsində yerli şirkətlərə təxminən 45 milyonluq işlər vermişdilər. İnşaat sahəsiylə bağlı işləri də Ə.Yusifov həyata keçirə biləcəyini deyib. Ancaq onun bu sahədə yetərincə bacarıqlı olmadığını görüb, işləri ona verməkdən imtina edib: «Ələddin özü də bundan narazı qalmadı, çünki bilirdi ki, haqlıyıq. Sonra Ələddin neft məhsullarının alqı-satqısıyla məşğul olduğunu dedi, bu məsələ məni maraqlandırdı...».

Zərərçəkmişin sözlərinə görə, Ə.Yusifova ümumilikdə 6 milyon avro pul köçürülüb. Öncə 2 milyon avro onun Bakıda «Texnikabank»dakı hesabına göndərilsə də, Ə.Yusifov geri qaytarıb. Deyib ki, həm məbləğ artırılsın, həm də Latviya bankına köçürülsün. Bir qədər sonra 4 milyon, ardınca da 2 milyon avro Latviyada «Parexbanka»da «Ortel Energe LLP» şirkətinin hesabına köçürülüb. Bu şirkət İngiltərədə qeydiyyatdan keçsə də, faktiki fəaliyyəti olmayıb, Ə.Yusifov ondan ofşor kimi istifadə edib.

«O pul mənə sələmlə verilmişdi»

Ə.Yusifov isə deyir ki, yalandır, alman biznesmendən 6 yox, 4 milyon alıb. Özü də birgə iş qurmaqdan ötrü yox, sələmlə alınıb: «Faizlə aldığım 4 milyon avronun müqabilində 6 milyon avro qaytaracağım barədə razılığa gəlmişdik. Aylıq faiz də ödəyirdim. Ayda 80 min avro olmaqla, bir il ərzində 1 milyon avro ödəmişəm. Pulu ya Elşənə, ya da almanların özlərinə verirdim».

Ə.Yusifov deyib ki, Qazaxıstandakı biznesində problemlər yaranıb. 1 milyon 200 min dollarlıq neft məhsulları almaq üçün Qazaxıstandakı şirkətin hesabına pul köçürülsə də, şirkət ona məhsulu göndərməyib. Bundan sonra Ə.Yusifov başqa adamlara pulların ödənilməsində də çətinlik çəkib: «Bu barədə Elşənə dedim, xahiş elədim daha faiz hesablanmasın. Elşən dedi ki, bu məsələyə aidiyyəti yoxdur, pul faizi ilə birlikdə ödənilməlidir. Qaradağdakı zavodumu, Sumqayıtdakı torpaq sahələrini, «Avropa» mehmanxanasının yanındakı evi 1 milyon 500 min manata satıb Elşənə verdim. Ümumiyyətlə, nağd şəkildə Elşənə və onun adamlarına 3 milyon 500 min avro pul vermişəm. Pulu faizi ilə birgə artıqlamasıyla ödəmişəm, borcum qalmayıb».

Zərərçəkmiş isə deyirdi ki, cinayət işi başlanana qədər Ə.Yusifov 1 milyon avro nağd ödəyib, 2 milyonu da verdiyi villa ilə əvəzlənib.

«3 milyon borcu qalıb», - alman işadamı istintaqda belə demişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG