Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:26

'Neft məhsulları üçün verdiyimiz pullara o, Afrikada qızıl yataqları almışdı'


Dollar
Dollar

Neft məhsullarının idxalı-ixracı və bənzər işlərlə məşğul olan «QKSSS» MMC-nin rəhbəri Ələddin Yusifov 6 milyonluq dələduzluq suçlaması ilə həbs olunub. Bu cinayət işində zərərçəkən isə alman biznesmen – «Airwerk» şirkətinin direktoru Ştixternat Haynz-Georg Tomasdır.

Onların hər ikisi iyunun 5-də məhkəmədə ifadə verib. Azərbaycanlı və alman iş adamlarının arasındakı qalmaqal Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

«Azərbaycan ona 104 milyonluq layihə verdi»

Ə.Yusifov özünü təqsirli bilmir. Deyir ki, Haynz-Georg Tomas özü 2010-cu ildə şirkətin iki əməkdaşı ilə onun yanına gəlib:

«Mənim bir neçə ölkədə şirkətlərim var idi. İllik dövriyyəm 50 milyon, illik gəlirim də 10 milyon dollar idi. Yanıma gələndən sonra onların fəaliyyətini araşdırdım, gördüm ki, bu adam Almaniyada heç bir uğur əldə etməyib. «Airwerk» şirkətinin hesabında bir dollar da pul yox idi. Azərbaycan tərəfi həmin şirkətə külək enerjisi ilə bağlı layihə üçün 104 milyon avro pul ayırdı. Haynz-Georg Tomas və onun işçiləri bir il mənim ofisimdə oturublar. Həmin dövrdə «Airwerk» şirkətinin rəhbəri başqası idi - Holqar Hart idi. Səlahiyyəti olmadığı halda, indi məhkəmədə mülki iddianı Haynz-Georg Tomas qaldırıb».

***Buna da bax-İcra başçısının polis oğlu verdiyi milyonları geri tələb edir

Həmin şəxslərin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiklərini deyən Ə.Yusifovun sözlərinə görə, sonradan «Airwerk» şirkəti bir layihədə onun şirkətiylə iş görmək üçün hesabına 2 milyon dollar pul köçürüb: «Bu pulun 1.4 milyonu Qazaxıstandan neft məhsullarının alınmasına yönəldildi. Amma bu iş alınmadı. Bizdən asılı olmayan səbəb idi. Hətta Elşən Şıxkərimov (o da «Airwerk» şirkətində işləyib) da o işin arxasınca Qazaxıstana getmişdi. Sonra mən həmin pulun 1 milyonunu «Airwerk» şirkətinin rəhbərinə verdim. 200 mini də Elşən Şıxkərimova vermişəm. Mənim isə Qazaxıstanda olan pulum batdı. Bu günə qədər də həmin məbləği ala bilməmişəm».

Təqsirləndirilən şəxs təsdiqləyib ki, xarici ölkələrdə onun adına ofşor hesablar olub. «Airwerk» şirkəti də iş görmək üçün onun Riqadakı ofşor hesabına 4 milyon dollar pul köçürüb: «Mən qazancı nağd şəkildə hissə-hissə Elşən Şıxkərimova verdim. Ona 4 milyon dollar pul vermişəm. 2014-cu ildə Elşən mənə yazdı ki, onlara 300 min dollar verəcəyim qalıb. Onda mən xaricdəydim, gəlib ofisimi girov qoydum, bildirim ki, nə olur olsun, borcumu verəcəyəm».

«Xahiş etdi ki, pullar Azərbaycandakı hesaba köçürülməsin»

Zərərçəkmiş alman Haynz-Georg Tomas onun yalan danışdığını bildirib, səslənən fikirləri «fantaziya» adlandırıb:

***Buna da bax-Keçmiş deputat oğlunun 210 minlik qalmaqalı bitdi

«Biz Azərbaycanda 125 milyon dollarlıq layihə udmuşduq. Yerli şirkətlərə təxminən 45 milyonluq işlər vermişdik. Düzdür, Ələddinin ofisindən istifadə etmişik, lakin tenderlə bağlı işləri özümüz hazırlamışıq. Ələddin o vaxt özünü bizə inşaat rəhbəri kimi təqdim etmişdi, tenderdə işi qazandığını demişdi. Sonra da biz onun inşaat sahəsində bacarıqlı olmadığını gördük. Hətta onun lazimi texnikası da yox idi. Biz də tenderi ona vermədik. Ələddinin özü də bundan narazı qalmadı, çünki bilirdi ki, haqlıyıq. Sonra Ələddin neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu dedi. O söhbət məni maraqlandırdı».

Zərərçəkmişin sözlərinə görə, Ə.Yusifovun «Texnikabank»dakı hesabına əvvəlcə 2 milyon avro pul köçürülüb. Ə.Yusifov məbləği artırmasını istəyib. Amma xahiş edib ki, pullar Bakıdakı hesabına köçürülməsin. Ona görə də Riqadakı ofşor hesaba köçürülüb:

«Ələddinin hesablarına ümumilikdə 6 milyon dollar pul köçürülüb. Sonra Ələddini tapmaq çətin oldu, gah Afrikaya gedirdi, gah da başqa ölkələrdə olurdu. Sonradan öyrəndik ki, bizim neft məhsulları üçün köçürdüyümüz pullara o, Afrikada qızıl yataqları alıb. Ələddinlə sonuncu dəfə 2015-ci ildə görüşdüm və pullarımızı qaytarmasını tələb etdim. Dedi ki, guya pulları kiməsə qaytarıb, bizə borcu yoxdur. Sonra villasını bizə təklif etdi. Villanın sənədlərində də problem vardı, amma bizə 1 milyonu nağd ödəyib, 2 milyonu da villasına çıxdıq. İndi onun bizə 3 milyon dollar borcu var».

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG