Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Necə oldu ki, Azərbaycan Türkiyəyə vizasız gediş-gəliş imkanı yaratdı?


Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev
Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev

Azərbaycan sentyabrdan Türkiyə vətəndaşları üçün viza məhdudiyyətini aradan qaldırır. AzadlıqRadiosuna danışan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu addımı iki ölkə arasında münasibətlərin inkişafına bağlayır:

“İnkişaf edən strateji tərəfdaşlıq bu kimi addımın atılmasını, yəni asan gediş-gəlişin təmin olunması zərurətini ortaya çıxarır. Buna görə də belə bir qərar qəbul edilib”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu addımı alqışlayır və indiyədək Türkiyə vətəndaşları üçün viza rejiminin götürülməməsini “təhlükəsizlik məsələləri”ylə izah edir. Onun qənaətincə, görünür, təhlükəsizlik məsələləri həll olunduğundan, belə bir “böyük addım” atılıb:

“Türkiyədə indi mürəkkəb vəziyyətdir. Ələlxüsus Türkiyədə suriyalı çoxsaylı qaçqınların olması narahatlıq yaradırdı, mən bildiyim qədər belə idi. Amma təhlükəsizlik məsələləri aradan qaldırılıbsa, siyasi baxımdan, təbii ki, bu addım çoxdan atılmalı idi. Çox lazımlı addımdır. İki ölkə, iki xalq arasında olan münasibət, əməkdaşlıq bunu tələb edirdi. Görünür, artıq bu təhlükəsizlik məsələləri həllini tapıb. Bu, hər iki ölkə üçün çox böyük hadisədir. Əlaqələr daha da güclənəcək”.

Türkiyə rəsmiləri Bakı qarşısında viza probleminin aradan götürülməsini həmişə qaldırıblar. Bu ölkənin mediası da sözügedən məsələni gündəmdə saxlamağa çalışırdılar.

Hələ 2012-ci ildə - baş nazir Recep Tayyip Erdoğanın Azərbaycana səfəri zamanı prezident İlham Əliyev jurnalistlərin bu sualına cavab olaraq demişdi ki, Azərbaycanın “daxili prosedurları hələ tamamlanmayıb”.

“Bu prosedurlar tamamlanandan sonra, əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımlar atacağıq”, - dövlət başçısı belə söyləmişdi.

Bir il sonra Erdoganla Əliyev birgə mətbuat konfransında yenidən bu məsələyə toxunmuşdular.

“Biz artıq qərara gəldik ki, ilkin mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək”, - İlham Əliyevin sözləridir. O, hər bir ölkənin, o cümlədən Azərbaycanın da viza ilə bağlı öz siyasəti olduğunu vurğulamışdı:

“Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Əminəm ki, bundan sonra belə suallara daha ehtiyac qalmayacaq".

“Azərbaycan viza məsələsini həll etmək məcburiyyətində idi”

“Türkiyə prezidenti Recep Tayyip Erdoğan hər dəfə Bakıya gələndə viza məsələsini qaldırırdı. Mən xatırlayıram ki, türk jurnalistlərin prezident İlham Əliyevə verdiyi hər iki sualdan biri vizaya aid idi. Hər dəfə soruşurdular ki, nə zaman Bakı Türkiyə vətəndaşları üçün vizanı ortadan qaldıracaq? Bu baxımdan problemin həlli zəruri idi”, - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

O, Azərbaycan tərəfinin vizanın qaldırılmamasını həmişə “texniki məsələlərlə” əlaqələndirməyə çalışdığını xatırladır:

“Mən sonradan qapalı söhbətlərdə eşidirdim ki, rəsmi Bakı təhlükəsizlik məsələlərinə görə ehtiyat edir. Amma Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Buna görə də Azərbaycan viza məsələsini həll etmək məcburiyyətində idi. Viza məsələsi strateji əməkdaşlığa kölgə salan yeganə element idi”.

Elxan Şahinoğlu da Tofiq Zülfüqarov kimi təhlükəsizlik problemlərinin hansısa şəkildə yoluna qoyulduğunu, “nələrəsə hesablandığı” üçün prezident İlham Əliyevin belə bir qərar verdiyini düşünür.

Tehran da soruşa bilər: “Bəs İran vətəndaşları?”

Siyasi şərhçilər Azərbaycanın qonşusu İranın da yaxınlarda belə bir addımın atılmasını istəyə biləcəyini ehtimal edirlər.

Elxan Şahinoğlu Türkiyə kimi İranın da Azərbaycan vətəndaşlarına viza tətbiq etmədiyini xatırladır və Tehranın “Türkiyə vətəndaşlarına viza rejimi ortadan qaldırılırsa, bəs bizim vətəndaşlara bunu niyə tətbiq edirsiniz”, - deyə sual edə biləcəyini düşünür.

Ancaq o da etiraf edir ki, İranla bağlı məsələ mürəkkəbdir. O, son zamanlar ABŞ-la İran arasındakı qarşıdurmanın dərinləşdiyinə və müharibə ehtimalının artdığına diqqət çəkir:

“Müharibədən danışılırsa, qaçqın axını ilə üzləşə bilərik... Vəziyyət mürəkkəb olsa da Tehran Bakıya müraciət edəcək. Bakı nə cavab verəcəksə, mənə çox maraqlıdır. Durub deyə bilməz ki, Amerika müharibə edəcək deyə çəkinirik. Nəsə addım atmaq məcburiyyətində qalacaqlar və düşünürəm bu məsələni çox uzada bilməyəcəklər”.

“Bəzən İranda radikal dairələrin aktivliyi üzə çıxır, Gəncədə olanlar...”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İran vətəndaşları üçün viza məhdudiyyətinin aradan qaldırılamsının, ən azı, turizimin inkişafı baxımından faydalı ola biləcəyini deyir. Ancaq Azərbaycanın, müharibə aparan ölkə kimi, təhlükəsizlik məsələlərini nəzərə almalı olduğunu bildirir. Bu səbəbdən deyir ki, “diqqətlə, yüz ölçüb bir biçib qərar vermək lazımdır” və ardınca əlavə edir:

“Təhlükəsizlik problemləri çox ciddidir. Terror hadisələri və başqa hadisələr göstərir ki, xaricdən gələn təhlükə mövzusu aktualdır. Biz vəziyyəti yaxşı başa düşürük. Xoş niyyətlə, dost kimi baxanlara həmişə şadıq. Amma təəssüf ki... Doğrudur, Türkiyə hökuməti özü radikallarla mübarizə aparır. Bəzən İranda radikal dairələrin aktivliyi üzə çıxır, Gəncədə olanlar və s. bunu göstərir. Xüsusi orqanlar təhülkəsizlik məsələləri ilə bağlı bir yol tapsalar, viza məhdudiyyətinin aradan götürülməsi digər ölkələrlə əməkdaşlıq baxımından, turizm və başqa baxımdan çox faydalı olardı”.

XİN sözçüsü Leyla Abdullayeva bununla bağlı AzadlıqRadiosu-na bildirir ki, hazırda qərar ancaq Türkiyə ilə bağlı verilib, digər ölkələrlə bağlı qərar olsa, ictimaiyyət məlumatlandırılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG