Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:35

Azərbaycan Türkiyə vətəndaşlarını niyə ekstradisiya etmir


Həbsxana
Həbsxana

Türkiyənin «FETÖ» üzvü (Türkiyə hökuməti Fəthullah Gülənin tərəfdarlarını belə adlandırır) kimi təqdim edib təhvil almaq istədiyi vətəndaşların Azərbaycanda məhkəmə yoluyla azad edilib, dərhal sonra da tutulub aparılması praktikaya çevrilib. Sonuncu dəfə İsa Özdemirlə bağlı eyni hal yaşandı.

Türkiyənin axtarışa verdiyi Özdemir bir neçə ay öncə Bakıda saxlansa da, iyulun 12-də səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsi onun təhvil verilməsi haqda təqdimata «yox» dedi. Məhkəmə zalından buraxılan Özdemir heç bir dəqiqə keçməmiş mülkigeyimlilər tərəfindən saxlanılaraq aparıldı. Günorta saatlarında artıq Türkiyənin «Anadolu» agentliyi Azərbaycandan İ.Özdemir, Ukraynadan da Salih Zeki Yiğit adlı vətəndaşların əməliyyat nəticəsində tutulub gətirildiyi haqda məlumat yaydı.

Xəbərdə deyilirdi ki, adları çəkilən şəxslər özəl təyyarə ilə İstanbula gətirilib.

«Təhvil verməyin məsuliyyəti var»

Özdemirdən öncə fevral ayında Binəqədi və Nərimanov rayon məhkəmələrində Ayhan SeferoğluErdoğan Taylan, apreldə Bakı Ağır Cinayətlər Məhkəməsində Mustafa Ceyhan eyni aqibətlə üzləşmişdi. «FETÖ üzvü kimi beynəlxalq axtarışa verilib Azərbaycanda həbs olunsalar da, məhkəmə qərarı ilə sərbəst buraxılıb, zalı tərk edən kimi də tutulub naməlum istiqamətdə aparılmışdılar. Bir neçə gün sonra ailələrinə onların Türkiyədə olması barədə xəbər çatdırılmışdı.

Eyni halın dəfələrlə təkrarlanması göstərir ki, Azərbaycan tərəfi Türkiyənin istədiyi şəxsləri məhkəmə yoluyla yox, qeyri-rəsmi yolla təhvil verməyi üstün tutur. Niyə?

Adları çəkilən Türkiyə vətəndaşlarından birinin təhvil verilməsi barədə təqdimata baxıb, «yox» deyərək azad etmiş hakimlərdən biri adının çəkilməməsi şərtiylə bu haqda AzadlıqRadiosuna danışıb. Deyib ki, onun verdiyi qərar tam qanuni olub: «Mən həmin şəxsin təhvil verilməsi haqda qərar çıxara bilməzdim. Beynəlxalq hüquq normaları bunu tələb edir. O adamların əksəriyyəti sığınacaq üçün BMT-yə müraciət etmiş şəxslərdir. Onu təhvil verməyin məsuliyyəti var. İkincisi, şəxsi hansısa ölkəyə təhvil verərkən əmin olmalısan ki, orada işgəncəyə, pis rəftara məruz qalmayacaq. Türkiyədə məlum həbslər zamanı pis rəftarla bağlı çoxlu şikayətlər var».

Hakim deyir ki, Türkiyə tərəfinin istədiyi vətəndaşları təhvil alma müraciətinə məhkəmənin «hə» deməsi gələcəkdə Azərbaycana problem yarada bilər: «Çox böyük ehtimalla bu işlər Avropa İnsan Haqları Məhkəməsinə çıxarılacaq. Şəxsən mən fərqli qərar çıxarsaydım, gələcəkdə bu iş Avropa Məhkəməsində araşdırılanda dövlətimi pis vəziyyətdə qoyardım».

Ekstradisiya
Ekstradisiya

«Könüllü səfərə gedənlər»

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Azərbaycandan aparılan Türkiyə vətəndaşlarının əksəriyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyindən «himayə sənədi» adlandırılan sənədlər alıblar. Bu da o deməkdir ki, həmin şəxs qurumun Azərbaycan nümayəndəliyində qeydiyyatdan keçir, hazırda olduğu ölkədə sığınacaq üçün müraciət edib. Azərbaycan nümayəndəliyi isə məsələni monitorinq edir. İşlər üzrə hələ yekun qərar verilməyib.

Son olaylardan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi həmin şəxslərin Türkiyəyə verilməsi məsələsiylə bağlı da araşdırmalar aparır. Ancaq araşdırmanı həyata keçirən hüquqşünaslar bu haqda danışmaqdan imtina edib. AzadlıqRadiosuna bildirilib ki, bu proseslə bağlı açıqlama verilə bilməz.

Radionun mövzu ilə bağlı əldə etdiyi başqa bir məlumata görə, məhkəmədən buraxılıb, dərhal tutulan şəxslərin əksəriyyətinin Türkiyəyə aparılmasını Azərbaycan tərəfi onların deportasiya olunması kimi rəsmiləşdirib. Amma aralarında «könüllü səfərə gedənlər» də var.

Azərbaycan qanunvericiliyinə görə, deportasiya qərarından şikayət verilməsi deportasiya icraatını dayandırmır.

«Ekstradisiya bahalı prosesdir»

Hüquqşünas Səməd Rəhimli AzadlıqRadiosuna mövzunu şərh edərkən bildirib ki, Azərbaycan strateji saydığı qonşularına, özəlliklə Türkiyə və Rusiyaya münasibətdə ekstradisiya məsələlərini hüquqi və faktiki yollarla azaltmağa çalışır. Bunlardan da biri şəxsin məhkəmə yoluyla ekstradisiyası yox, başqa inzibati vasitələrlə göndərilməsinə nail olmaqdır:

S.Rəhimli
S.Rəhimli

«Türkiyə və Azərbaycan arasında ekstradisiya qaydaları Avropa Ekstradisiya Konvensiyası ilə tənzimlənir. Həm Konvensiyaya, həm də Azərbaycan cinayət prosessual hüququna görə, ekstradisiya məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmənin ekstradisiya qərarından apellyasiya və kassasiya şikayəti verilə bilər. Bu icraatın üzərinə digər rəsmiləşdirmələri də gəlsək, ekstradisiya prosesi kifayət qədər vaxt aparan prosesə çevrilir. Çünki şəxslər, adətən, ekstradisiya qərarlarından şikayət verirlər. Bundan əlavə, ekstradisiya icraatının sonunda şəxsin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilmək üçün yetərincə vaxta sahib olurlar. Buna görə də onların şikayət verib ekstradisiya icraatını dayandırmaq imkanları olur. Beləliklə, ekstradisiya icraatı kifayət qədər vaxt aparan və bir növ inzibati baxımdan bahalı prosesdir».

Hüquqşünas deyir ki, «gülənçi»lərlə bağlı məsələ ortaya çıxanda Azərbaycan əvvəlcə məsələnin inzibati yolla həllini seçdi - axtarılan şəxsləri sadəcə, deportasiya etdi. Daha sonra isə Türkiyədən ekstradisiya müraciətləri daxil oldu və bunun əsasında ekstradisiya icraatı, məhkəmə işləri başladı. Hüquqşünas güman edir ki, şəxslərin Avropa Məhkəməsinə müraciət etməyə başlaması Azərbaycanı təcili icraat tapmağa vadar etdi, məhkəmələr ekstradisiya işləri üzrə icraatı yekunlaşdırdılar və ekstradisiya müraciətlərini rədd etdilər. Bundan sonra isə həmin şəxslər yenə dövlət məmurları tərəfindən tutularaq deportasiya edildilər. S.Rəhimlinin sözlərinə görə, nəticə olaraq, Azərbaycan «yox» demir, sadəcə, dövlət aparatı icraatı qeyri-formal üsullarla qısaldır: «Azərbaycan Türkiyə və Rusiyadan gələn ekstradisiya tələblərini daima yerinə yetirib. Hətta milli hüququ pozmaq bahasına...».

Hüquqşünas əlavə edir ki, bu işlərin bəziləri artıq Avropa Məhkəməsinə verilib. Hələ icraat başlamasa da, həmin işlər qeydiyyata alınıb. S.Rəhimlinin fikrincə, həmin şikayətlər üzrə Azərbaycan əleyhinə pozuntu qərarları çıxması ehtimalı yüksəkdir. Çünki Azərbaycan öz ölkəsinə qaytarıldıqda işgəncə və digər pis rəftara məruz qalacaq şəxsləri qaytarmamaq öhdəliyi daşıyır.

«Bundan əlavə, Azərbaycan hökuməti, adətən, «centlmen sazişi» əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyində qeydiyyata alınmış şəxsləri onlar barədə icraat getdiyi müddətdə ölkədən çıxarmır. Amma bu cür razılaşma Azərbaycan hökuməti üçün hər hansı beynəlxalq hüquqi öhdəlik yaratmır. Azərbaycan hökumətinin öhdəliyi isə başqadır - öz yurisdiksiyası altında olan əcnəbiləri işgəncə və pis rəftar riski olduqda öz mənşə ölkələrinə qaytarmamaq. Bu, həm milli hüququn, həm də beynəlxalq hüququn tələbidir. Azərbaycan hökuməti bu öhdəliyi pozub», – hüquqşünas vurğulayıb.

Rəsmi Ankara 2016-ci ilin iyulundakı uğursuz çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fəthullah Güləni və tərəfdarlarını suçlayır. Gülən bu ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG