Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 17:51

Azərbaycanda probasiya nəzarətindən istifadə artır


Elektron qolbaqla izləmə. Foto illüstrasiya
Elektron qolbaqla izləmə. Foto illüstrasiya

İsveçrənin Lozanna Universiteti Avropa Şurası üçün Avropa məkanında probasiya nəzarəti ilə bağlı araşdırma aparıb. Probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi ertələnmiş məhkumları əhatə edir. Bu nəzarət mexanizmi sosial-hüquqi xarakterli tədbirləri nəzərdə tutur. Beləcə, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilir, məhkumların islahı, toplum həyatına uyğunlaşması və reabilitasiyası üçün kompleks tədbirlər görülür.

Araşdırmanın nəticələrinə görə, Avropa məkanında probasiya nəzarətində olanların sayı 2019-cu ildə 1 milyon 456 min nəfərdən 2020-ci ildə 1 milyon 500 min nəfərə yüksəlib. Başqa deyimlə, belələrinin sayı il ərzində 44 min nəfər və ya 10 faizə yaxın artıb. Araşdırma göstərir ki, həbs cəzası yerinə elektron alətlərlə izləmə, ictimai işlərə və islah işlərinə cəlbetmə, azadlığın məhdudlaşdırılması, ev həbsi, şərti azadlıqdan məhrumetmə kimi qərarların tətbiqi getdikcə genişlənir.

Türkiyə əhalisinin 1 faizi həbsdə və ya probasiya nəzarətindədir

Hesabatda qeyd edilir ki, Avropada hər 100 min nəfərdən 265-i həbsxanada və ya probasiya nəzarəti altındadır. Bu göstərici sarıdan müxtəlif ölkələr arasında ciddi fərqlər gözə çarpır. Avropa məkanında məhkumların və probasiya nəzarətində olanların sayına görə lider ölkə Türkiyədir. Türkiyədə əhalinin hər 100 min nəfərindən 984 nəfər ya həbsxanada, ya da probasiya nəzarətindədir. Bu o deməkdir ki, Türkiyənin göstəricisi Avropa ortalamasını üç dəfədən çox aşır. Türkiyədən sonra ilk iki yeri Polşa (839 nəfər) və Gürcüstan (826 nəfər) tutur. Araşdırma müəllifləri bildirir ki, bu ölkələrdə həm məhkumların, həm də şərti azadlıqda olanların say çoxluğu həmin ölkələrdə probasiya nəzarətinin alternativ cəza növü kimi yox, əlavə sanksiya növü kimi tətbiq edildiyini göstərir.

Avropa məkanında hər 100 min nəfərdən 149-u sırf probasiya nəzarətindədir. Bu göstərici üzrə lider ölkə Polşadır. Polşada əhalinin hər 100 min nəfərindən 643 nəfər, növbəti yerləri tutan Türkiyədə 627 nəfər, Litvada 568 nəfər, Gürcüstanda isə 562 nəfər probasiya nəzarətindədir.

Avropa Məkanında probasiya nəzarətində olanların sayının ən az olduğu iki ölkə Şimali Makedoniya və Serbiyadır. Burada probasiya nəzarətində olanların sayı, müvafiq olaraq, əhalinin hər 100 min nəfərinə 6 və 35 nəfərə bərabərdir. Ancaq bu ölkələrdə probasiya nəzarətinin nisbətən təzə başlandığını da unutmaq olmaz. İsveçrə (47 nəfər), Norveç (49 nəfər), Finlandiya (54 nəfər) və Bolqarıstan (56 nəfər) da probasiya nəzarətindəkilərin sayca az olduğu ölkələr arasındadır. Bu ölkələr həbsxanalardakı məhkumların say azlığına görə də fərqlənir.

Azərbaycanda durum necədir?

Araşdırmada bildirilir ki, Azərbaycan, Serbiya və İspaniya bu nəzarət mexanizminin istifadəsini ən çox artıran ilk üç ölkədir. Ermənistan, Bolqarıstan və Yunanıstansa, əksinə, probasiya nəzarətində olan şəxslərin sayca azalması ilə seçilib.

Araşdırmaya görə, Azərbaycanda probasiya nəzarətində olan şəxslərin toplam sayı 14 min 178 nəfərdir. Bu o deməkdir ki, əhalinin hər 100 min nəfərindən təxminən 143-ü probasiya nəzarətindədir. Bu isə Avropa üzrə orta göstəriciyə (149 nəfər), az qala, tam uyğundur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda probasiya nəzarəti 2017-ci ildən bəri tətbiq edilir.

Avropa Şurasının bir müddət əvvəl açıqladığı digər bir hesabat quruma üzv ölkələrdə məhbus və həbsxanalarla bağlı idi. Həmin hesabatdan məlum olur ki, Azərbaycanda probasiya nəzarətində olan 14 mindən çox insandan başqa, toplam 21 min 12 məhbus cəza çəkməkdədir. Əhalinin hər 100 min nəfərinə düşən məhbus sayı isə 208.7 nəfərdir. Bu göstərici ilə Azərbaycan Avropa məkanında hesabatın əhatə etdiyi 50-yə yaxın ölkə arasında ən yüksək beşinci nəticəyə malikdir.

Azərbaycanda məhbuslar ən çox narkotik cinayətlərində təqsirləndirilir. Ölkədə haqqında məhkəmə qərarı qüvvədə olan 17 min 763 məhbusdan 5 min 108 nəfəri, yəni bütün məhbusların 29 faizi məhz narkotik cinayətlərində suçlu bilinib. Başqa bir diqqətçəkən məqam odur ki, Azərbaycan məhkum sayına görə siyahıda ilk yerlərdən birini tutsa da, məhkumlara xərclənən vəsaitin həcmi baxımından siyahının ən sonlarındadır. Ölkədə 1 məhbusa günlük çəkilən xərc təxminən 7.9 avrodur. 2019-cu ildə həbsxanalara xərclənən vəsaitin toplam həcmi 55 milyon avro olub. Yalnız iki ölkə - Bolqarıstan (5.7 avro) və Rusiya (2.8 avro) adambaşına düşən xərclərdə Azərbaycandan daha geridədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG