Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:02

Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadır


Həbsxana
Həbsxana

Avropa Şurasının illik hesabatına görə, Azərbaycan Avropada ən çox məhbus olan ölkələrdən biridir.

Avropa Şurası quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı illik hesabatını açıqlayıb. Hesabatdan aydın olur ki, indi Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür. Bir il öncə həmin göstərici 218.2 idi. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir.

Azərbaycanda həbs həyatı yaşayanlardan 474 nəfəri, yəni, bütövlükdə məhbusların 2.3 faizi xarici ölkə vətəndaşlarıdır. Ölkə həbsxanalarında olan qadınların sayı 570 nəfərdir, başqa deyimlə, bütün məhbusların 2.7 faizi.

Şuraya üzv ölkələr arasında ən yüksək məhbus göstəricisi Türkiyədədir. Burada əhalinin hər 100 min nəfərinə 357 məhbus düşür. Növbəti yerləri Rusiya (356), Gürcüstan (263) və Litva (219) tutur. Region ölkələrindən Ermənistanda hər 100 min nəfərə - 75; Ukraynada isə 126 məhbus düşür.

Ən çox hansı cinayətlər törədilir?

Azərbaycanda həbsxanalarda olan 21 min 12 məhbusun 17 min 763-ü (84 faizi) haqqında artıq məhkəmə hökmü verilib. Həmin məhkumların 1 min 894 nəfəri (11 faizi) 1-3 il arası, 8 min 342 nəfəri (47 faizi) 3 ildən 5 ilədək, 4 min 788 nəfəri (27 faizi) 5 ildən 10 ilədək, 2 min 335 nəfəri (13 faizi) 10 ildən 20 ilədək, 284 nəfər isə (2 faizi) ömürlük həbs cəzasına məhkum edilib.

Azərbaycanda məhbuslar ən çox narkotiklə bağlı cinayət törədirlər. Ölkədə 17 min 763 məhbusdan 5 min 108 nəfəri, yəni bütün məhbusların 29 faizi məhz narkotik cinayətlərində təqsirli bilinib. Digər Avropa ölkələriylə müqayisədə belə cinayətlərin payı baxımından da Azərbaycan "lider"lərdən sayıla bilər.

Məhbusların ən çox təqsirləndirildikləri cinayətlər:

Cinayət

Məhbus sayı

Toplam məhbuslar içərisində payı

Narkotik cinayətləri

5 min 108

29 faiz

Təhqiredici hərəkətlər

2 min 497

14.2 faiz

Oğurluq

2 min 218

12.6 faiz

Yol-nəqliyyat hadisələri

1 min 436

8.1 faiz

Adam döymə

805

4.6 faiz

Soyğunçuluq

446

2.5 faiz

Təcavüz

279

1.6 faiz

Digər

4 min 854

27.5 faiz

Hesabatda qeyd edilib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin ümumi tutumu 25 min 501 nəfərdir. Yəni, hazırda həbsxanalardakı hər 100 yerdən 82.4-ü doludur. Bu göstərici üzrə dünyada lider Türkiyədir. Türkiyədə məhbusların sayı həbsxanaların tutumundan 27 faiz daha çoxdur.

Məhbuslara nə qədər xərclənir?

Azərbaycan məhkumların sayına görə siyahıda ilk yerlərdən birini tutsa da, məhkumlara xərclənən vəsaitin həcmi baxımından siyahının ən sonlarındadır. Ölkədə 1 məhbusa çəkilən günlük xərc təxminən 7.9 avrodur (15 manat 80 qəpik). 2019-cu ildə həbsxanalara 55 milyon avro (110 milyon manat) xərclənib. Adambaşına düşən xərclər baxımından cəmi iki ölkə – Bolqarıstan (5.7 avro və ya 11 manat 40 qəpik) və Rusiya (2.8 avro və ya 5 manat 60 qəpik) Azərbaycandan daha geridədir.

Qeyd edək ki, quruma üzv ölkələrdə hər məhbusa gündə ortalama 134 avro (268 manat) xərclənir. Qonşu ölkələrdən Gürcüstanda bu rəqəm 12.6 avro (25 manat 20 qəpik), Ermənistanda 18 avrodur (36 manat). Skandinaviya və Benilüks ölkələrində bir məhbusa çəkilən xərc 250-300 avro (500-600 manat) civarındadır. San-Marinoda isə bu göstərici düz 1 min 81 avroya və ya 2 min 162 manatadək yüksəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG