Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Azərbaycan Ermənistan baş nazirinə cavab verdi


N.Paşinyan
N.Paşinyan

BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatına Azərbaycan nümayəndə heyəti cavab verib. Həmin cavab mətnini Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

«İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı «Məxməri inqilab»ın hələ də təsiri altındadır. Populist və olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü, Yerevan küçələri ilə səhv salıb»,- cavab bəyanatında vurğulanır.

Müəlliflər xatırladırlar ki, Ermənistan Dağlıq Qarabağı, ətraf yeddi rayonu və bəzi eksklavlar da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini zəbt edib.

Müəlliflər vurğulayır ki, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrlə Azərbaycana qarşı hərbi qüvvə tətbiq olunması faktını və bu hərəkətlərin qanunsuz olduğunu etiraf edib: «Təəccüb doğurmur ki, öz çıxışında Ermənistan baş naziri bilərəkdən Təhlükəsizlik Şurasının qətnamələri üzərindən sükutla keçdi. Eynilə o, münaqişə ilə bağlı qəbul edilmiş digər mühüm sənədlərə də istinad etmədi».

Müəlliflər qeyd ediblər ki, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlayıb: «Azərbaycan bu günədək etnik, mədəni müxtəlifliyini qoruyub saxlayıb, paytaxt Bakı şəhəri, ölkənin digər bölgələri sülh, harmoniya və şərəflə həyat sürən on minlərlə erməninin evidir».

Sənədin sonunda da yazılıb: «Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə olaraq qalacaq...».

Xatırlatma

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib ki, «Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır. Əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox».

Ermənistan baş naziri vurğulayıb ki, «əgər Azərbaycan həqiqətən sülh prosesinə sadiqdirsə, o, Dağlıq Qarabağla dialoq aparmalıdır».

N.Paşinyan deyib ki, hərbi vasitələrlə problemin həlli bütün regiona, demokratiya və insan hüquqlarına təhlükədir: «Azərbaycan problemin hərbi həlli fikrindən tamamilə vaz keçməlidir».

N.Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olmamalıdır. Onun iddiasına görə, bu, oradakı etnik erməniləri soyqırımı təhlükəsi ilə üz-üzsə qoya bilər.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG