Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:39

Azərbaycanın taxıl aldığı ölkədə taxıl bahalaşıb


Qazaxıstanda taxıl yığımı

Qazaxıstanda buğdanın, çörəyin və unun qiymətində artım baş verdiyi bildirilir. Ölkənin bir sıra əyalətlərində qeyd edilən məhsulların qiymətlərində təqribən 10 faizə yaxın bahalaşma olduğu açıqlanıb.

Bəs bu qiymət artımı buğda idxalçısı olan Azərbaycanda da bahalaşmaya səbəb ola bilərmi?

«Azərbaycan bazarına təsir etməyəcək»

Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə «Turan» agentliyinə deyib ki, Qazaxıstanın daxilində unun və buğdanın bahalaşması Azərbaycan bazarına təsir etməyəcək: «Birincisi, baş verənlər Qazaxıstanın daxili bazarına aid proseslərdir...».

Mərkəz rəhbərinin fikrincə, bunun dünya bazarındakı ixraca təsiri olmayacaq. F.Fikrətzadə əlavə edib ki, bu mövsüm digər ölkələrdə bol məhsuldarlıqla əlaqədar dünya bazarında qiymətlər aşağı düşüb.

Mərkəz rəhbərinə görə, Qazaxıstanın buğda ixracında Azərbaycanın idxal payı 15-20 faiz arasındadır ki, bu da həlledici deyil: «Üçüncü səbəb budur ki, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, buğdanın, unun, çörəyin istehsalı, idxalı, satışı kimi bütün prosesləri əlavə dəyər vergisindən azad edib».

F.Fikrətzadənin vurğulamasına görə, təhlillər göstərir ki, Qazaxıstandakı bahalaşmanın Azərbaycana təsiri olmayacaq.

«Nisbətən bahalaşma ola bilər»

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə deyib ki, son zamanlar Qazaxıstan taxıl əkin sahələrinin azaldılması istiqamətini götürüb. Onun deməsinə görə, hazırda bu ölkə daha çox öz tələbatını ödəmək və heyvandarlığı inkişaf etdirmək üçün yemçiliyə diqqət yetirir.

V.Məhərrəmli hesab edir ki, Qazaxıstanda qiymətlərin bahalaşması Azərbaycanda da qiymətlərə nisbətən də olsa, təsir edə bilər: «Çünki Qazaxıstan da ərzaq buğdasının bir hissəsini Rusiyadan idxal edir. İndiki halda Qazaxıstan Rusiyadan idxalı artırır. Azərbaycanın da əsas buğda idxalçısı Rusiyadır. Buna görə də, ümumi tələbat fonunda qiymətlərdə nisbətən də olsa, bahalaşma ola bilər».

Ekspert əlavə edib ki, Azərbaycanın idxal etdiyi buğda, əsasən, 4-cü, 5-ci sinif, aşağı keyfiyyətli buğdadır: «Azərbaycandan fərqli olaraq digər ölkələr Rusiyadan ancaq ərzaq buğdası idxal edir. Hazırda da daha çox ərzaq buğdasının qiymətində artım müşahidə edilir».

V.Məhərrəmli
V.Məhərrəmli

«Bu ilin sonuna kimi ciddi bahalaşma olmayacaq»

Ekspert deyib ki, Azərbaycanın idxal etdiyi 4-cü, 5-ci sinif, aşağı keyfiyyətli buğdanın qiyməti ötən il ilə müqayisədə bu il bahalaşıb. O, bundan sonra ciddi bahalaşma gözləmir: «Odur ki, ölkədə çörəyin, unun qiymətinin bahalaşması yaxın zamanda baş verməz, bu ilin sonuna kimi ciddi bahalaşma olmayacaq, Yeni ildən sonra tələbatlara baxaraq proqnoz vermək olar».

Dəqiq statistika..?

V.Məhərrəmli iddia edib ki, Azərbaycanın problemi həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də Dövlət Statistika Komitəsinin ölkədə taxıl istehsalı ilə bağlı şişirdilmiş rəqəmlər ortaya qoymasıdır: «Bu il taxıl istehsalında ciddi artım olduğunu, 300 min tona qədər artıq taxıl istehsal edildiyini bildirirlər. Elə keçən il də bu qədər artım göstərmişdilər. Son iki ildə rəqəmləri şişirtməklə məşğuldurlar. Bu da imkan vermir ki, real vəziyyətlə bağlı dəqiq statistikanı əldə edək və ona uyğun proqnoz verək».

V.Məhərrəmli deyib ki, bu ilin avqust ayında 200 min ton, sentyabr ayında isə 260 min ton buğda idxal edilib. Onun deməsinə görə, Azərbaycanın belə idxalı son dövrlərin tarixində heç vaxt olmayıb: «Bu da onunla bağlıdır ki, bu il taxılçılıqda olan problemləri pərdələmək üçün istehsal rəqəmlərini həddən artıq şişirtdilər. Reallıqda isə Azərbaycanın buğdaya olan ehtiyacı artıb. Bu isə o deməkdir ki, istehsal azalıb».

Amma rəsmilər ölkədə rəqəmlərin şişirdilməsi ilə bağlı iddiaları qəbul etmirlər.

Xatırlatma

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında ölkəyə 1 milyon 112 min 878.72 ton taxıl idxal edilib. Buna 240 milyon 747.29 min dollar xərclənib.

Ötən ilin eyni dövründə isə 829 min 249.40 ton taxıl alınmışdı. Ona isə 151 milyon 427.93 min dollar verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG