Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

Prokuror Aygün Bəylərin qardaşına 19 il 6 ay həbs cəzası istədi


Abbas Hümmətov
Abbas Hümmətov

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətova 19 il 6 ay həbs cəzası istənilib. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə dövlət ittihamını müdafiə edən prokuror bu təkliflə çıxış edib.

Əməkdar artistin qardaşı qətl hadisəsinə görə həbs olunub. Bu ölüm işinə görə onunla yanaşı, daha beş nəfər də məhkəmə qarşısına çıxarılıb.

Təqsirləndirilən şəxslərə qarşı ittihamın məhkəmədə sübuta yetirildiyini deyən prokuror onlardan Fuad Məmmədzadə, Ramil ƏsirovElnur Alxasovun hər birinin 20 il, Abbas Hümmətovun 19 il 6 ay, Cavid Alxasovun 18 il 6 ay, Elmir Əsədovun isə 18 il azadlıqdan məhrum edilməsini istəyib.

***Buna da bax-Aygün Bəylərin qardaşı qətlə görə məhkəmə önündə

Prokurordan sonra zərərçəkmişin hüquqi varisi kimi mərhumun anası çıxış edib. O, oğlunun ölümündə əli olanların hamısının ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 5-də təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı və onların özlərinin son sözü ilə davam edəcək.

Qətlə yetirilən Elnur Hümmətov da Aygün Bəylərgilin qohumudur.

İttihama görə, təqsirləndirilənlər E.Hümmətovun polisə onların narkotik əkmələri haqda xəbər çatdırmasından şübhələniblər. Ona görə də E.Hümmətovu boğub qətlə yetirib, meyiti də Qala qəsəbəsində qazdıqları quyuda basdırıblar.

***Buna da bax-'Hollandiyadan Bakıya poçtla narkotik toxumu gəlirdi'

E.Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. Üç il sonra – 2016-cı ilin avqustun 30-da E.Hümmətovun qətlə yetirildiyi müəyyənləşdirilib, meyitin qalıqları basdırıldığı yerdən çıxarılıb.

Təqsirləndirilən şəxslərin əksəriyyəti, o cümlədən Abbas Hümmətov ölüm işinə görə özünü təqsirli bilməyib. Müğənninin qardaşı bildirib ki, o, hadisə yerinə gələndə artıq E.Hümmətov öldürülmüşdü. Dediyinə görə, hadisə haqda qorxudan heç kimə məlumat verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG