Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 20:29

Axtarışda olduğu üçün narkodispanserdə gizlənmişdi


Narkoloji dispanser. Foto arxiv

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğın vaxtı orada olanlardan biri də Şirzad Əsədovdur. Yanğına görə həbs olunanların cinayət işində o da zərərçəkən qismində tanınıb. Çünki hadisə vaxtı tüstüdən boğulurmuş...

İndi məlum olur ki, Ş.Əsədov axtarışda olduğuna görə gedib Narkoloji Mərkəzdə qalmaq qərarına gəlib. Bu barədə onun özü Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkən qismində ifadə verərkən danışıb. Bildirib ki, Narkoloji Mərkəzə getməkdə məqsədi həm gizlənmək, həm də müalicə olunmaq olub.

Müalicə üçün Mərkəzə müraciət edəndə ad-soyadını səhv deyib: «Həbsdən çıxdığım elə də uzun müddət deyildi. Yenə başqa bir məsələyə görə axtarışa verilmişdim. Üç ay idi ki, axtarışdaydım. Həm müalicə olunmaq, həm də həbsə düşməmək üçün Mərkəzə müraciət etdim. Azad həkimin xəstəsi idim. Həkimə də adımı səhv demişdim. Məni qəbul edib palataya köçürdülər».

Ş.Əsədov yanğın günü olanlardan da danışıb. Bildirib ki, hadisə baş verəndə o, üç gün idi ki, Mərkəzdə müalicə alırdı. Yanğın başlayanda da yatmış olub: «Hiss elədim ki, boğuluram. Oyandım ki, hər yer tüstüdür, göz-gözü görmür. Durub dərhal qaçdım. Birtəhər o korpusdan çölə çıxa bildim. Boğulurdum, təcili yardım eləyib, başqa bir korpusda palataya yerləşdirdilər».

Narkoloji Mərkəzdəki yanğınla bağlı istintaq vaxtı Ş.Əsədovun kimliyi ortaya çıxıb və o, həbs olunub. Məhkəməyə də Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altında təcridxanadan gətirilmişdi. Deyir ki, heç kimdən şikayət və tələbi yoxdur.

Zərərçəkən Nail Talıbov isə yanğın başlayanda oyaq olub, sanitar qovşaqdan qayıdanda səs-küydən eşidib ki, yanğın var: «Mən qaldığım palatada suyumuz vardı, onu gətirib tökdüm. Xeyri olmadı, otaqda yaşlı kişi vardı, ona kömək edib çölə çıxardım. Yanğınsöndürənlər gələnə kimi Mərkəzin mühafizəçisi Amidlə yanğını söndürməyə çalışdıq, olmadı».

Rüfət Əmrahlı adlı başqa bir zərərçəkən deyir ki, yanğından bir gün əvvəl Mərkəzə yerləşdirilmişdi. Hadisə vaxtı da dərmanların təsirindən ağır yuxuda olub: «Otaqda Rəşad adlı oğlanla qalırdım. Məni də çətinliklə Rəşad oyatmışdı. Heç pal-paltarımı götürə bilmədim, alt paltarında çölə qaçdım...».

Bu zərərçəkənlər də kimsəyə qarşı şikayət və tələbinin olmadığını bildiriblər.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

64-yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir. Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG