Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

‘Məndən sonra nə qədər dost-tanışımı tutub, pullarını alıb buraxdılar’


Yanvarın 30-da AXCP funksionerlərinin məhkəməsinə gələnləri yenə binanın önündən tutub aparıblar. Hadisə AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin üzvü Ruslan Həsənov, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin işinə baxılan zaman, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. On nəfərə yaxın adam saxlanıb, onların arasında Babək Həsənovun qardaşı Cavid Həsənli, Vidadi Rüstəmlinin qaynı da var.

“Məhkəməyə gələn yaxınlarımızı həbs edirlər”

Məhkəmədən öncə baş verənlər prosesdə də müzakirə olunub. Təqsirləndirilən Babək Həsənov hər dəfə bu məhkəməyə gələnlərin həbs olunduğunu hakimlərin nəzərinə çatdırıb, onların da məsələyə müdaxilə etməsini istəyib:

“Bizim yaxınlarımız məhkəməni izləməyə gəlir, onları həbs edirlər. Bu gün də on nəfərə yaxın saxlanan var. Eşitdiyimizə görə, polislərə göstəriş verilib ki, hər dəfə bu məhkəməyə gələnlərdən bir neçə nəfər həbs olunmalıdır. Bunu polislər özləri deyib. Adamları məhkəmə zalına buraxmırlar. Biz buna etiraz edirik. Məhkəmənin də bu məsələyə münasibət bildirib, tədbir görməsini istəyirik".

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov cavabında deyib ki, onlar məhkəmə zalından kənarda olanlardan məlumatsızdılar. Məlumatları olsa belə, müdaxilə də edə bilməzlər:

“Məhkəməyə gələnlərin buraxılmasına da başqa qurum nəzarət edir”.

Vəkil Bəhruz Bayramov bundan öncəki məhkəmə iclaslarını izləməyə gəlmiş, lakin binanın önündə saxlanıb 20-30 sutka inzibati həbs cəzası verilən şəxslər haqqındakı məhkəmə qərarlarında yazılanları hakimin diqqətinə çatdırıb.

İnzibati həbs qərarlarında yazılıb ki, onlar məhkəmənin gedişinə mane olduqlarına görə cəzalandırılıblar:

“Bu adamlar heç məhkəmə binasına daxil olmadan həbs ediliblərsə, bunlar necə prosesin gedişinə maneçilik yaradıblar?”

Eldar İsmayılov yenə də bu məsələlərin indi baxılan işə aidiyyəti olmadığını bildirərək, şahidləri dindirib.

Şahidlər jurnalist AXCP üzvü Təzəxan Mirələmli və Rusiyadan Azərbaycana qeyri-rəsmi pul köçürmələrilə məşğul olan şəxslər idi.

Təzəxan Mirələmli bildirib ki, Saleh Rüstəmovun qardaşı oğlu Elturan veb-kamera və mikrofon göndərib. Onları əmisi oğlu Vidadi vasitəsilə göndərib. Təzəxan Mirələmli bildirib ki, o da deyildiyi kimi, avadanlıqları götürüb AXCP sədri Əli Kərimliyə çatdırıb:

“Elturan Rüstəmli Facebook-da yazıb məndən soruşdu ki, Əli Kərimlinin canlı yayımlarında görüntü niyə keyfiyyətsiz olur? Dedim ki, ola bilsin, kameralar köhnədir. Elturan dedi ki, vebkamera və mikrofon göndərəcək, həmin şəxslə görüşüb, əşyaları ondan alıb Əli Kərimliyə çatdırmaq lazımdır. 2018-ci ilin martında Elturanın dediyi nömrəyə zəng elədim, “Gənclik”də görüşüb avadanlıqları götürdüm. Heç onda avadanlıqları verən adamın adının Vidadi olduğunu bilmirdim, sonradan bildim”.

“Ondan dəfələrlə pul almışamsa, məni niyə tanımadı?”

Şahid Heydər Əhmədov deyir ki, Moskvada yaşayan bacısının həyat yoldaşının göstərişilə onun dediyi adamlara Bakıda pul çatdırıb. Onların arasında Vidadi Rüstəmli də olub. Deyir, Vidadiyə bir neçə dəfə pul çatdırıb, ən böyük məbləğ təxminən 36 min dollar olub. Qalan hallarda 5-8 min dollar verdiyi vaxtlar olub. Hər dəfə də pulu alanda kağıza yazdırıb, imzalatdırıb.

Heydər Əhmədov məhkəmədə deyib ki, aylıq 500 manat müqabilində qanunsuz işlə məşğul olub.

Vidadi Rüstəmli təsdiqləyib ki, doğrudur, bir dəfə bu adamdan 36 min dollar pul götürüb, onu da Moskvadan şəriki göndərib, burada evinin təmirinə xərcləyib. Qalan 5-8 min dollar haqda deyilənlər isə yalandır. Vidadi Rüstəmli pulu götürəndə qəbz yazılması haqda deyilənləri də təkzib edib:

“Oradan pulu göndərən adam buradakına ad-familiyanı deyir. Burada götürən də şəxsiyyət vəsiqəsini göstərib götürür. Mən də elə götürmüşəm 36 mini. Qəbz söhbəti yalandır, onları sonradan “banditizm”də yazdırıblar”.

Gədəbəydə yaşadığını, dəfələrlə Vidadiyə pul verdiyini deyən şahid Rauf İsgəndərovun sözlərinə görə, bankdan kənar köçürmə ilə məşğul olmasının qanunsuz iş olduğunu anlayır, amma ailəsini dolandırmaqdan ötrü bu işlə məşğul olub. Dediyinə görə, Vidadiyə verdiyi ən böyük məbləğ 3 min dollar, ən azı isə 400-500 dollar olub.

Vidadi Rüstəmli isə bu adamdan pul almadığını, onun yalan danışdığını söyləyib:

“Deyir ki, guya 2017-ci ilin yanvar, fevral, mart aylarında Gədəbəydə mənə pul verib. Mən onda Gədəbəydə yox, Bakıda olmuşam, ondan necə pul götürə bilərdim?”

Qanunsuz pul köçürməsilə məşğul olduğunu etiraf edən daha bir şahid Ceyhun Hüseynov dəfələrlə Vidadi Rüstəmli ilə görüşüb, ona pul verdiyini deyir. Amma o məhkəmə zalında Vidadini tanımadı.

“Əgər onun dediyi kimi, biz dəfələrlə görüşsəydik, o, məni tanımalıydı. Amma nə indi tanıdı, nə də “banditizm”dəki üzləşmədə tanımışdı. Mən onunla bir dəfə görüşüb, Moskvadan şərikimin göndərdiyi 50 mini götürmüşəm. O pula da yeni evimə əşyalar almışam”, – Vidadi Rüstəmli bildirib.

Hakim ondan pulu göndərən tanışlarının kimliyini soruşanda Vidadi Rüstəmli belə cavab verib:

“Mənim həbsimdən sonra nə qədər dost-tanışımı tutmuşdular. Hamısından pul alıb buraxdılar. Rusiyada mənimlə şərik işləyən adamlar var, onların adını da bu səbəbdən demək istəmirəm...”

Təqsirləndirilən Babək Həsənov isə soruşub ki, bu adamlar özləri də qanunsuz pul köçürməsilə məşğul olub, cinayətə yol verdiklərini təsdiqlədikləri halda, niyə azadlıqdadılar, məsuliyyətə cəlb olunmayıblar?

Onun sualı cavabsız qalıb.

Məhkəmə fevralın 1-də davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdular. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG