Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:15

Cəbhəçilərin həbs xəbərləri gəlməkdə davam edir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Babək Muradov, Feyruz Rəhimov, Elnur Quliyev, Yaşar Kərimov Emin Fərhadovun inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, fəallardan üçü - B.Muradov, Y.Kərimov və E.Fərhadov İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsini pozmaqda təqsirli biliniblər:

"Onlar, Elnur Quliyev və Feyruz Rəhimov 30 sutka müddətinə həbs olunublar. E.Quliyev və F.Rəhimovun maddəsini öyrənmək mümkün olmayıb".

AXCP-dən bildirildiyinə görə, B.Muradov, E.Quliyev və F.Rəhimov iyulun 30-da, digər iki partiya üzvü iyulun 28-də saxlanıb.

Partiyadan verilən digər məlumata görə, dünən, iyulun 30-da saxlanan cəbhəçilərdən Elnur Cabbarlı Müşviq Quliyev barədə isə, hələlik, heç bir məlumat yoxdur.

AXCP iyulun 30-da ümumilikdə beş üzvünün saxlandığını bildirir.

Amma bütün bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

3 cəbhəçinin saxlandığı bildirilir

Bugün, iyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 üzvünün - Babək Muradov, Elnur Quliyev və Müşfiq Quliyevin saxlanıldıqları deyilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, hər üç fəal evdən aparılıb.

AXCP-dən bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, son iki həftə ərzində partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb.

Onlardan 16 nəfəri haqqında cinayət işi başlandığı, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Daha 15-ə yaxın cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir. Saxlananlardan bəzisinin də buraxıldığı açıqlanıb.

Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı, əsasən, Cinayət Məcəlləsinin (CM) 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanlardan ikisinə əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verilib.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər.

AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

Multimedia

XS
SM
MD
LG