Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:44

AXCP üzvünə ilyarım həbs cəzası istənildi


M.İmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) koronavirus yaymaqda suçlanan gənc fəalı Məhəmməd İmanlının 1 il 6 ay azadlıqdan məhrum edilməsi istənilir. Noyabrın 30-da Sabunçu rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, M.İmanlıya CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Amma M.İmanlı və vəkili dövlət ittihamçısının dedikləri ilə razılaşmayıb.

"Bizi qonşularımız da gördü"

Prokurorun çıxışından öncə məhkəmədə Sabunçu rayon Polis İdarəsinin üç əməkdaşı dindirilib. Onlar bildiriblər ki, iyulun 20-də əməliyyat məlumatı əsasında M.İmanlını küçədə getdiyi yerdə saxlayıb, polis idarəsinə gətiriblər.

M.İmanlı isə polislərin dediklərinin doğru olmadığını, onlardan ikisini, ümumiyyətlə, tanımadığını deyib. Cəbhəçi gəncin sözlərinə görə, iyulun 16-da sahə müvəkkili telefonla ona zəng edib. O da həmin zəng əsasında evin yanında sahə müvəkkili ilə görüşüb və götürüb aparıblar: "Həmin vaxt bizi qonşularımız da gördü...".

Gənc fəal deyir ki, onu Sabunçu rayonu, 13-cü polis bölməsinə aparıblar, orada dörd gün saxlayıblar. Həmin dörd gün ərzində Baş Prokurorluğun İstintaq İdarəsinə aparıb, Orduya dəstək yürüşü ilə əlaqədar dindiriblər: "Məni İstintaq İdarəsinə apardıqları da oldu, oradan müstəntiqlərin özləri də bölməyə gəlmişdilər".

"Çünki məndə bu xəstəlik yox idi"

M.İmanlının sözlərinə görə, iyulun 20-də bölmədən Sabunçu rayon Polis İdarəsinə aparılıb, məhkəmədə dindirilən üç polisdən birini də orada görüb. İdarədə koronavirus yayma ittihamı irəli sürülüb, barəsində məhkəmə qərarıyla həbs-qətimkan tədbiri seçiləndən sonra isə Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb: "Orada saxlansam da, heç bir müalicə aparılmadı, çünki məndə bu xəstəlik yox idi. Əvvəldən də olmamışdı".

M.İmanlının vəkili onun iyulun 16-da saxlandığını sübut etmək üçün onun ailə üzvlərinin və qonşularının əlavə şahid qismində dindirilməsi, polislərin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.

Vəkil çıxışında M.İmanlı haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Cəbhəçi gənc də son sözündə təqsirsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, himayəsində iki azyaşlı uşaq var, biri həbsindən sonra doğulub, indiyədək üzünü görməyib.

Hakim Mirheydər Zeynalov hökm çıxarmaq üçün müşavirəyə gedib. M.İmanlının yaxınlarına bildirilib ki, hökm dekabrın 1-də elan olunacaq.

Xatırlatma

Məhəmməd İmanlı bu ilin iyulunda – orduya dəstək yürüşündən sonra həbs olunan 50-yə qədər AXCP fəalından biridir.

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 nəfər AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.

XS
SM
MD
LG