Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:36

Avtomobil alarkən aldanmamaq üçün nə etməli


Sovet maşını
Sovet maşını

İşlənmiş maşın alarkən bir çox məsələyə diqqət yetirməyin gərəkdiyi bəllidir. Belə sövdələşmə zamanı bəzən alıcılara vurulmuş, yenidən yığılmış, kilometrajına müdaxilə edilmiş və yaxud hətta heç mövcud olmayan avtomobillər satmağa çalışırlar. Son zamanlar Rusiyada get-gedə daha çox rast gəlinən avtofırıldaq növü alıcılardan çox avtomobilini satmaq istəyən şəxsləri hədəfləyir.

Sankt-Peterburq sakini Roman Zhuravlyov Yeni il bayramları ərzində satmaq istədiyi avtomobili haqda məlumatı pulsuz elan saytına yerləşdirib. Potensial alıcı elə həmin gün tapılıb. Anna adlı bir qadın zəng vuraraq hazırda xaricdə istirahətdə olduğunu, ancaq maşını əldən buraxmamaq üçün 50 min rubl (882 dollar) beh ödəmək istədiyini deyib.

706 dollarlıq ehtiyatsızlıq

«O, eyni zamanda, maşının vəziyyəti, neçənci əl olması haqda suallar verirdi. Sənədlərin surətini göndərməyimi xahiş etdi. Yəni hər şey adi qaydada gedirdi... Bunun fırıldaq olmadığına, demək olar, əmin idim», – R.Zhuravlyov 78.ru saytına deyib.

Roman öz bank kartının rekvizitlərini «alıcı»ya göndərib, ardınca da bank əməkdaşının əməliyyatı təsdiqləmək xahişinə cavab verib. Hətta mobil telefonuna gələn beşrəqəmli kodu da deyib. Üstündən bir sutka keçmiş onun hesabından 3 min, kredit hesabındansa daha 36 min rubl pul çıxarılmışdı. Ehtiyatsızlıq Roman-a 40 min rubla (706 dollar) başa gəlib. Polisə müraciət edərkən o, bu halın birinci olmadığını öyrənib.

Roman etiraf edir ki, əmanətlərini həmin hesabda saxlasaydı, itkiləri daha böyük olardı. O, itirdiyi məbləği geri qaytaracağına ümid etmir. Əvəzində sadəcə, satışa çıxardığı avtomobilin qiymətini itirdiyi məbləğ qədər artırmalı olub.

Banklar bu növ fırıldağın sadəlövh müştərilərin pulunu oğurlamağın ən populyar üsulu olduğunu təsdiqləyirlər. Bütün profilaktik tədbirlərə – çoxmərhələli avtorizasiya, parol və SMS kodların gizliliyinə baxmayaraq, fırıldaqçılar cəmi bir neçə saatın içində lazım olan məlumatı ələ keçirərək, bank hesabını boşaldırlar.

Maşın bazarında "bərkgedən" avtomobillər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bank əməkdaşı Elvira Milova deyir ki, kartın arxa tərəfindəki məlumatı heç kimə, ən yaxın qohumlara belə vermək olmaz.

Bank məsuliyyət daşımır

Belə hallarda bank məsuliyyət daşımır. Çünki istifadəçinin özü öz parollarını fırıldaqçılara ötürüb. Pulsuz elan saytlarında da bu növ fırıldaqlar haqda xəbərdarlıq edilir və istifadəçilərə öz şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməmək tövsiyə olunur.

«Müştəri öz hərəkətləri ilə cinayətə yardım edib. Özü də kartını itirməyib, məhz fəal şəkildə telefonla öz məlumatlarını ötürüb, yaxud da saxta sayta daxil edib. Bu hallarda bank məsuliyyətdən azad olur», — hüquqşünas Aleksei Koitov deyir.

Ancaq hətta uğurlu sövdələşmə və müqavilənin imzalanması da satınalmanın baş tutması demək deyil. Kirill Zhukov uzun müddət pul yığdıqdan sonra Sankt-Peterburqdakı «Kia Motors» dilerinin avtosalonundan təzə maşın alıb. Ona iki həftədən sonra maşının açarlarının çatdırılacağı deyilib.

Avtosalonun əməkdaşları onda hər hansı şübhə yaratmayıb. Ancaq Yeni il bayramları ərəfəsində ona dilerin iflasa uğradığı haqda bildiriş gəlib. Salona gələn Kirill özündən başqa daha 60 nəfərin eyni duruma düşdüyünü öyrənib. Salonun direktoru deyib ki, bank onun avtomobilinə həbs qoyaraq, dayanacağa aparıb.

Alıcılar bunun fırıldaq olduğuna əmindirlər. Şirkət onlara maşın satan zaman əvvəlcədən bilirdi ki, müştərilər heç vaxt açarları görməyəcəklər.

Avtomobil salonu
Avtomobil salonu

Qənaət etmək istədi, amma...

Çox zaman avtomobil fırıldaqçıları alıcının pula qənaət etmək istəyindən yararlanırlar. Avtomobil qiyməti orta bazar qiymətindən xeyli ucuz təklif olunanda, alıcı ona lazım olan krediti götürməyə həvəslə razılaşır. Məsələn, Mikhail Pegasin çox ucuz qiymətə təklif olunan «Şkoda»nı almaq üçün salona gələrək şərtlərlə tanış olub. Ona öncə avtomobilin qiymətinin 10%-i qədər ilkin ödəniş etməli olduğu deyilib. Ödəniş müqabilində ona çek verilib. Salonun əməkdaşları onun sənədlərini guya surətini çıxarmaq üçün götürərək, bir neçə saatlığına gözdən itiblər. Bir neçə saatdan sonra menecer deyib ki, Mikhail-in seçdiyi avtomobil bank şərtlərinə uyğun gəlmir və indi o, başqa, işlənmiş maşın seçməli, üstəlik, ilkin ödənişlə vidalaşmalıdır. O, nisbətən baha, 410 min rubla (7 min 240 dollar) olan «Ford Focus» avtomobilini seçib. Ancaq Mikhail alqı-satqı sənədində tamamilə başqa rəqəmin, 650 min rubl (11 min 466 dollar) yazıldığını görüb. Menecer ümumi məbləğin broker qiymətləri və salonun komissiya xərclərini də əhatələdiyini deyib.

Yalnız Mikhail kredit müqaviləsini imzalayandan sonra şərtləri ona göstəriblər. Müqavilədən öncədən vəd edilmiş illik 9% əvəzinə, 23% yazılıbmış. İndi bu fırıldağın qurbanı olmuş Mikhail 7 il ərzində hər ay 14.5 min rubl (256 dollar) ödəməli olacaq.

Polis belə halları araşdırmağı öhdəsinə götürmür. Çünki alıcıların özləri bu şərtlərlə razılaşaraq, müqaviləni imzalayırlar. Ancaq aldadılmış müştərilər əmindirlər ki, fırıldaqçılar müxtəlif psixoloji fəndlərdən istifadə edərək, onları düşünülməmiş qərarlar verməyə vadar edirlər. Sənədləri imzalayarkən çox ehtiyatlı olmaq, avtomobilin sahibi, yaxud avtodilerlə bağlı məlumatları dönə-dönə yoxlamaq lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG