Almaniya, Avstriya, Niderland, Danimarka və Yunanıstan sığınacaq müraciəti rədd edilən şəxslər üçün Ruandada mərkəz quracaq. Söhbət öz ölkələrinə qaytarılması mümkün olmayan miqrantlardan gedir. Layihə Vyanada təqdim olunub.
Artıq gələn ildən ilk göndərişlərin həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə Ruanda təxminən 100 nəfəri qəbul edəcək. "France Presse" agentliyinin məlumatına görə, beş ölkənin hər birindən 20 nəfər göndəriləcək.
Əvvəlcə düşərgəyə yalnız subay kişilər yerləşdiriləcək. Niderland bu mərhələdə ilk növbədə Afrika ölkələrinin vətəndaşlarını göndərməyi planlaşdırır. Layihəyə əsasən, Ruandaya köçürülən şəxslər işləmək, təhsil almaq və tibbi xidmətlərdən yararlanmaq imkanı əldə edəcəklər.
Layihənin Vyanadakı təqdimatı zamanı təxminən 100 nəfər insanların Ruandaya göndərilməsinə etiraz edib. "Human Rights Watch" (HRW) təşkilatı hesab edir ki, düşərgəyə yerləşdirilən qaçqınlar insan hüquqlarının pozulması ilə üzləşə bilərlər. Təşkilat Ruanda hakimiyyətinin öz tənqidçilərini təqib etdiyini vurğulayır. Hüquq müdafiəçiləri ölkədə insanların özbaşına saxlanılması və məhbuslarla qəddar rəftar edilməsi hallarını aşkarlayıblar.
HRW həmçinin xəbərdarlıq edir ki, Avropa ölkələri miqrantların qəbuluna görə ödəniş verməklə Ruanda hökumətini maliyyələşdirəcəklər. Qurum Ruanda rəhbərliyinin qonşu Konqo Demokratik Respublikasındakı silahlı üsyançıları dəstəklədiyini bildirir.
Böyük Britaniyanın da 2022-ci ildə miqrantların Ruandaya göndərilməsi ilə bağlı oxşar planı var idi. Həmin planda bəzi sığınacaq axtaran şəxslərin müraciətlərinə məhz Ruanda hakimiyyətinin baxması nəzərdə tutulurdu.
Amma 2023-cü ildə Böyük Britaniyanın Ali Məhkəməsi bu sxemi qanunsuz elan edib. Məhkəmə bu qərarı həmin şəxslərin təqib təhlükəsi ilə üzləşə biləcəkləri ölkələrə göndərilməsi riski ilə əsaslandırıb. O vaxtadək Britaniya hökuməti Ruandaya artıq 290 milyon funt sterlinq vəsait köçürmüşdü.