Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:23

Səməd Seyidov: 'Xoruz yox idi, səhər açılmırdı?'


Səməd Seyidov, Paris, yanvar 2013

Anar Məmmədli: “Artıq Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı səbr nümayiş etdirmək istəmir”

“Görünən budur ki, artıq Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı uzun müddətdir sərgilədiyi səbri bundan sonra davam etdirmək istəmir”,

– Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli belə söyləyir. O, AzadlıqRadiosuna açıqlamasında Avropa Şurası Nazirlər Komitəsinin REAL-ın həbsdəki sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin hökmünün icrasına dair qərarını şərh edir.

Buna da bax: İlqar Məmmədov İlham Əliyevə rəqibdir? - [6 deqiqe 53 saniye]

Anar Məmmədli qurumun “çoxdan gözlənilən qərar” çıxardığı qənaətindədir və əlavə edir ki, “xeyli gecikmiş qərardır”.

Anar Məmmədli, Bakı
Anar Məmmədli, Bakı

“Nazirlər Komitəsi son yarım ildə İlqar Məmmədovla bağlı mütəmadi toplantılar keçirirdi, onunla bağlı qərarın icra olunmamasına münasibət bildirilirdi. Bəzi hallarda, məsələn, iyunda keçirilən toplantıda aidiyyəti olmayan qərar qəbul edilmişdi. İlqar Məmmədovun azadlığa çıxması istiqamətində Azərbaycan hökumətinin üzərinə düşən öhdəliklər, ata biləcəyi addımlar bir yana qalmışdı, dövlət başçısının fevralda imzaladığı sərəncam təqdir olunmuşdu. Bu cür yubanmalar vardı”, - Anar Məmmədli söyləyir.

Bu maddənin tətbiqinin presedenti yoxdur

Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsi məsələsini, Avropa Məhkəməsinin hökmünün icra olunmamasını (Maddə 46 § 1) Avropa Məhkəməsi qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş olmazsa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Buna da bax: İlqar Məmmədov həbsxanada döyülüb​

Bəs bu addımlar nə vəd edir? Anar Məmmədli deyir ki, Konvensiyanın 46-cı maddəsinə görə, üzv ölkələrin hər biri Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) qərarlarının icrası ilə bağlı üzərlərinə öhdəlik götürüblər və buna sözsüz əməl etməlidirlər.

“Əgər öhdəliklərə əməl edilməsi ilə bağlı problem yaranarsa, məhkəmənin yurisdiksiyasında olan bu məsələyə yenidən baxılmalıdır. Daha sonra AİHM Nazirlər Komitəsi qarşısında tövsiyə ilə çıxış etməlidir. İlqar Məmmədovun işiylə də bağlı Nazirlər Komitəsi yenidən Avropa Məhkəməsinə müraciət edəcək və yekun qərar veriləcək. Komitə bundan sonra artıq sanksiyalarla bağlı addım atmalıdır”, – Anar Məmmədli bildirir.

Sanksiyalar məsələsinə gəlincə, SMDT rəhbəri indiyədək bu maddənin tətbiqi ilə bağlı konkret presedent olmadığını deyir.

AŞPA-nın iclası
AŞPA-nın iclası

“Sanksiya nə olacaq, nə gözlənilir bir söz deməkdə çətinlik çəkirəm”, – o əlavə edir.

“Eyni imzanı Ermənistan da qoyub”

“Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı 3 min qərar yerinə yetirilmir. Bu siyahının içində Ermənistan da var, elə “Çıraqov” məsələsi kifayətdir. Niyə yerinə yetirilmir bu qərar? Niyə bu qərar kənara qoyulub, İlqar Məmmədov məsələsindən yapışıblar? Niyə Azərbaycana sanksiyalar tətbiq olunmalıdır? Eyni imzanı Ermənistan da qoyub, eyni öhdəliyi Ermənistan da götürüb Avropa Şurası qarşısında, niyə onlarla bağlı addım atılmır?”, – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu sualları verir.

O, AzadlıqRadiosuna deyir ki, Böyük Britaniya kimi ölkələr AİHM-nin qərarlarını icra etmir, Rusiya Federasiyası isə ölkə daxilində Avropa Məhkəməsinin qərarlarının prioritetini ləğv edib:

“Siz eşitmisiniz ki, cənab Yagland bununla bağlı sanksiya təklif etsin?”

Səməd Seyidovun qənaətincə, Avropa Şurası “bəyanatlarla, hədə-qorxuyla, sanksiyalarla” çıxış edəcəksə, bu təşkilatın özünə problem yaradacaq.

“Yaxşı, tutalım, sanksiyalar tətbiq edildi, nə baş verəcək? Türkiyəyə belə sanksiya tətbiq edildi, nə oldu?.. Azərbaycana sanksiya tətbiq etmək istəyirlər? Azərbaycanı təşkilatdan çıxarmaq istəyirlər? Buyursunlar. Görək kim bundan udacaq, kim uduzacaq? Üzr istəyirəm, xoruz yox idi, səhər açılmırdı?”, - AŞPA-dakı nümayəndə heyətinin başçısı söyləyir.

Ilqar Məmmədov
Ilqar Məmmədov

O əmindir ki, kimlərsə Avropa Şurası-Azərbaycan münasibətlərini “sarsıtmaq və zərbə vurmaq” istəyirlər. Səməd Seyidovun fikrincə, bu “zərbə” daha çox Avropa Şurasının özünə problem yaradacaq:

“Məndə təəccüb doğurur, Azərbaycan ən çox müzakirə edilən ölkələrdəndir. Qəzetlərdə, Avropa Şurasında, oktyabr sessiyasında bir gün Azərbaycana həsr olunacaq, insan haqları, demokratik təsisatların durumu müzakirə olunacaq. Nə baş verib? Qat-qat artıq narahatlıq yaradan, ağlasığmaz problem yaradan ölkələr qalıb bir yana, Azərbaycan müzakirə edilir. Jagland bir tərəfdən əlindən gələni edir ki, sanksiyalar tətbiq olunan böyük bir ölkəni təşkilat yenidən qaytarsın, o biri tərəfdən AŞ üzvü, sanksiyası olmayan Azərbaycana sanksiyalar tətbiq olunsun”.

“Arzuedilməz və məyusedici haldır”

Anar Məmmədlinin fikrincə, Azərbaycan hakimiyyətinin oktyabrın sonuna qədər vaxtı var və bu müddətdə Azərbaycan hökumətinin İlqar Məmmədovla bağlı atacağı addım ölkənin Avropa Şurasındakı statusuna yetərincə təsirini göstərəcək.

“Məncə, Azərbaycanın yuxarı məhkəmə instansiyaları İlqar Məmmədovun işinə yenidən baxmalı və pozitiv qərar qəbul etməlidir. Əks halda, ölkənin Avropa Şurasında üzvlüyü, qurumdakı statusu yenidən müzakirə mövzusuna çevriləcək. Bütün hallarda məsələni bu qədər uzatmağa, süründürməçiliyə ehtiyac yox idi. Konvensiyanın 46-cı maddəsinin tətbiq ediləcəyi halda hakimiyyət lüzum olmadan Azərbaycanı Avropa Şurası ölkələri arasında bağlı analoqu olmayan duruma salacaq. Arzuedilməz və məyusedici haldır”, – SMDT rəhbəri deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG