Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:32

Avropa Parlamenti Azərbaycanın 'pulyuyan maşınına' dair qətnamə qəbul edib


Avropa Parlamentinin (AP) millət vəkilləri sentyabrın 13-də qəbul edilmiş qətnamədə bu yaxınlarda faş edilmiş Azərbaycan “pulyuyan maşınının” təhqiq edilməsinə və gələcəkdə korrupsiya hallarının qarşısının alınmasına çağırış ediblər.

Qətnamədə habelə Avropa İttifaqına Rusiyanın 32 rəsmisinə qarşı “Magnitsky siyahısı” üzrə sanksiyaların tətbiqi tövsiyə olunur.

AP millət vəkillərinin qəbul etdiyi qətnamədə bununla yanaşı qeyri-ittifaq ölkələri ilə sazişlər barədə Aİ qanunlarına antikorrupsiya maddəsinin əlavə edilməsi təklif edilir.

Avropa Parlamentinin xəbər portalında bu barədə yayılmış məlumatda deyilir ki, qətnamə “Azərbaycanın pulyuyan maşınına” dair faş edilmiş məlumatların tam təhqiq olunmasına çağırır.

Qətnamə bu yaxınlarda “Azərbaycanın pulyuyan maşını” kimi tanınan açıqlamaları, habelə “Azərbaycan və üçüncü ölkələrdəki başqa avtokratik rejimlərin Avropa qanunvericilərinin qərarlarına qanunsuz vasitələrlə təsir etmək cəhdlərini” qətiyyətlə pisləyir.

Bu qətnamə Avropa Parlamentində 578 leyhinə, 19 əleyhinə və 68 bitərəf nisbəti ilə qəbul edilib.

Beləliklə, bu qətnaməyə əsasən Avropa İttifaqı vəziyyəti dərindən təhqiq etməli və belə korrupsiya hallarının qarşısının alınması üçün çevik addımlar atmalıdır.

Sənəddə deyilir ki, korrupsiya “indiyədək çox az diqqət yetirilmiş insan haqları pozuntusu formalarından biridir” və Avropa İttifaqı buna qarşı mübarizədə beynəlxalq əməkdaşlığa nail olmalıdır.

Qətnamədə deyilir ki, Aİ qeyri-ittifaq ölkələri ilə sazişləri tənzimləyən qanuna antikorrupsiya maddəsi əlavə etməli, Aİ tərəfindən maliyyələşdirilən layihələrə, yerli antikorrupsiya agentlikləri ilə birlikdə yaxından və daimi nəzarət etməlidir.

Nəhayət qeyd olunur ki, ciddi insan haqları pozuntularına səbəb olan sistematik korrupsiya halları aşkar edildikdə son vasitə kimi sazişlər ləğv olunmalı və sanksiyalar tətbiq edilməlidir.

Bundan başqa AP millət vəkilləri Avropa İttifaqını müstəqil medianı, vətəndaş cəmiyyəti təşkilatlarını və korrupsiya hallarını faş edənləri mühafizə etməyə və onlara dəstək verməyə çağırıblar.

AP məruzəçisi Petras Auštrevičius deyib ki, Lüksemburq və Panama sızmaları, habelə Rusiya və Azərbaycanın pulyuyan maşınları korrupsiyanın dövlət sərhədlərini aşdığını və siyasətlərin qəbulunda dramatik təsirlərə malik olduğunu göstərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG