Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:26

Xədicənin müdafiəsinə beynəlxalq vəsatət təqdim olunub


Bir neçə nüfuzlu beynəlxalq təşkilat təhqiqatçı jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökumətinə qarşı iddiası ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə vəsatət təqdim edib

Bir neçə nüfuzlu beynəlxalq təşkilat təhqiqatçı jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökumətinə qarşı iddiası ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə vəsatət təqdim edib.

Article 19 – Qlobal İfadə Azadlığı Kampaniyası (Global Campaign for Free Expression - Article 19), Beynəlxalq PEN təşklilatı, Mediaya Beynəlxalq Dəstək (International Media Support IMS), İnsan Haqları naminə Beynəlxalq Partnyorluq (International Partnership for Human Rights IPHR) və Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists CPJ) üçüncü tərəf kimi Xədicə İsmayılovanın işi ilə bağlı vəsatətlə çıxış edib.

Bakı Konvensiyaya qarşı

Vəsatət məktubunda bildirilir ki, təhqiqatçı jurnalist və insan haqları müdafiəçisi Xədicə İsmayılova ilə bağlı iş Avriopa İnsan Haqları Konvensiyasının informasiyanın sərbəst şəkildə alınması və paylaşılmasını himayə edən 10-cu məddəsinin Azərbaycan Respublikası tərəfindən kobud şəkildə pozulması ilə əlaqədardır.

Jurnalistlər, media və vətəndaş cəmiyyəti üzərinə son hücumlar ölkənin hazırkı tarixində ifadə azadlığı üçün ən ciddi təhlükə kimi başa düşülməlidir

Bu da vurğulanır ki, İsmayılovanın həbsi və məhkum edilməsi jurnalistlər də daxil vətəndaş cəmiyyəti üzərinə davam edən sistematik repressiyaların nəticəsində baş verib.

Vəsatət müəllifləri yazırlar ki, bu iş yalnız bir fərdə aid olsa da, başqa jurnalistlərin, blogerlərin və vətəndaş cəmiyyəti fiqurlarının buna bənzər işləri ilə eyni əlamətləri əks etdirir.

“Jurnalistlər, media və vətəndaş cəmiyyəti üzərinə son hücumlar ölkənin hazırkı tarixində ifadə azadlığı üçün ən ciddi təhlükə kimi başa düşülməlidir” – deyilir sənəddə.

Məktubda qeyd edilir ki, Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması, çoxdan bəridir Avropa Şurası təsisatlarını ciddi narahat edir, lakin bütün çağırışlara baxmayaraq Azərbaycan mediaya qarşı repressiyalarını daha şiddətlə davam etdirir.

Məhbus jurnalistlər

Beynəlxalq jurnalist və insan haqları təşkilatlarının müştərək vəsatətində bildirilir ki, Azərbaycanda hazırda doqquz jurnalist siyasi motivli ittihamlarla həbsxanadadır.

Qeyd olunur ki, Nicat Əliyev (azadxəbər.az saytının baş redaktoru), Araz Quliyev (Xeber44.com), Pərviz Həşimov (“Bizim yol” qəzetinin redaktoru), Seymur Həziyev (“Azadlıq” qəzetinin müxbiri), Ərşad İbrahimov (“Azadlıq” qəzetinin Gəncə müxbiri), Hilal Məmmədov (“Tolışi Sado” qəzetinin redaktoru) Rauf Mirqədirov (Ayna/Zerkalo qəzetlərinin müxbiri) və Tofiq Yaqubludan (Yeni Müsavat qəzetinin yazarı) başqa hazırda daha 5 bloger və 4 insan haqları fəalı da həbsxanadadırlar.

Bu da qeyd olunur ki, bu şəxlərdən bəziləri ölkədə siyasi məhbus siyahısının tərtibi ilə məşğul olurdular.

Vəsatətdə qeyd olunur ki, Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin, Konvensiyanın 10-cu maddəsinin pozulması ilə bağlı qərarları da daxil olmaqla, hökmlərinin icrasından boyun qaçırması Azərbaycan hakimiyyətinin ifadə azadlığının təminatına dair öhdəliklərini yerinə yetirmədiyini göstərir.

Məktubda bu da xatırladılır ki, 2015-ci ilin dekabrında Avropa Şurasının baş katibi Thorbjorn Jagland Azərbaycanda qanunlardan hakimiyyət tənqidçilərinin susdurulması üçün istifadə edildiyini bildirib.

Vəsatətdə bu da xüsusi vurğulanır ki, Azərbaycanda həbs edilmiş jurnalist və insan haqları müdafiəçiləri Avropa Şurası təsisatları ilə fəal əməkdaşlıq etmiş şəxslərdir və Xədicə İsmayılova, İntiqam Əliyev, Emin Hüseynov, Anar Məmmədli və Rəsul Cəfərov bu fəaliyyətlərinə görə hakimiyyətin qisası ilə üzləşiblər.

İlham Əliyevin 3-cü müddəti

Məktubda prezident İlham Əliyev hakimiyyətinin iki müddəti ərzində ifadə azadlığının daha da məhdudlaşdırılması üçün çoxsaylı tədbirlərin görüldüyü qeyd olunur.

Xədicə İsmayılovanın həbsindən az sonra, onun keçmiş həmkarlarının çalışdığı AzadliqRadiosunun Bakı bürosuna reyd edilib və “Azərbaycanda sonuncu müstəqil informasiya mənbəyinin” qapıları möhürlənib

Müəlliflər qeyd edirlər ki, Əliyevin 2013-cü ildən başlanan 3-cü prezidetlik müddətində media üzərinə repressiyalar daha da artaraq beynəlxalq qeyri-hökumət təşkilatlarını da əhatə edib. Məktubda deyilir ki, bu vəsatəti imzalayan təşkilatların Azərbaycada artıq bir partnyoru da qalmayıb. Xədicə İsmayılovanın həbsindən az sonra, onun keçmiş həmkarlarının çalışdığı AzadliqRadiosunun Bakı bürosuna reyd edilib və “Azərbaycanda sonuncu müstəqil informasiya mənbəyinin” qapıları möhürlənib.

Jurnalist təşkilatları sözü gedən məktubda Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana, habelə bir sıra başqa ölkələrə aid baxılmış işlərini xatırladır.

Məktubda deyilir ki, Azərbaycanda jurnalistlər getdikcə sərtləşən repressiyalar mühitində fəaliyyət göstəririlər və Xədicə İsmayılovanın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi bu mənada tamamilə simptomatikdir.

“Davam etməkdə olan təqiblər Azərbaycan hökumətinin necə bir cəzasızlıq şəraitində fəaliyyət göstərdiyini və öz beynəlxalq öhdləliklərinə hörmət qoymadığını nümayiş etdirir” – deyilir vəsatətdə.

Məktub müəllifləri Avropa İnsan Haqları Məhkəməsindən bu vəsatətə daha geniş Azərbaycan kontekstində baxılmasını rica edirlər.

XS
SM
MD
LG