Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Son 3 ildə 5,2 milyon avro nəyə xərclənib?


Avropa Şurası və Avropa İttifaqının nümayəndələri oktyabrın 25-də Bakıda görüş keçiriblər
Avropa Şurası və Avropa İttifaqının nümayəndələri oktyabrın 25-də Bakıda görüş keçiriblər

Avropa İttifaqı və Avropa Şurasının Azərbaycanda keçirdiyi layihələr effektlidirmi, yoxsa “pul yumaq” niyyəti güdür? Bu sual bu gün – oktyabrın 25-də Bakıda keçirilən tədbirdə səslənib.

"2015-2018-ci illərdə Azərbaycanla “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" çərçivəsində ölkədə və xaricdə 100-dən çox tədbir keçirilib. Layihələrimizə 4 mindən çox milli iştirakçı cəlb olunub. Məhkəmələrlə beş pilot layihə həyata keçirilib. Layihələrin sonunda bəlli olub ki, mülki işlərin həll olunmasıyla bağlı nəticə 100 faizə yaxındır", – Avropa İttifaqı və Avropa Şurasının layihələr üzrə əlaqələndiricisi Arkadi Sytine belə deyir.

"Şərq Tərəfdaşlığı" ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulmuş "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" proqramı Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsindəki layihələr media, məhkəmə sistemi, vəkillik və başqa sahələri əhatələyir.

“BU, PUL YUMAQ DEYİLMİ”

Tədbirdə son 3 il ərzində layihələrə 5,2 milyon avro xərcləndiyi qeyd olunub.

Kestutis Jankauskas
Kestutis Jankauskas

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, yaxşı idarəçilik olmadan heç bir sahədə inkişaf mümkün deyil:

"Biz də bunun üçün çalışırıq. Proqram çərçivəsindəki üçillik əməkdaşlıq sayəsində demək olar, hər sahədə inkişafa nail olunub. Çalışırıq inkişaf davam eləsin. Ona görə layihələrimizi davam etdiririk. Xüsusən çirkli pulların yuyulması, terrorizmə qarşı mübarizə sahələrində bir neçə layihəmiz var. Çirkli pulların yuyulmasına qarşı işlər görülür, amma azdır".

Təxminən yarım saatlıq təqdimatdan sonra görüşün qalan hissəsi media üçün qapalı keçirilib.

Fasilədə Avropa Şurası və Avropa İttifaqının Bakı nümayəndəliklərinin rəhbərləri jurnalistlərin suallarını cavablandırıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, proqram çərçivəsində çoxlu işlər görüldüyü, inkişafa nail olunduğu deyilsə də, rəqəmlər bunun əksini göstərir. Proqramın istiqamətlərindən biri media azadlığı ilə bağlıydı. 2011-2014-cü illərdə ölkədə diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb olunan jurnalist olmayıb. Lakin proqramın gerçəkləşdirildiyi 2015-2018-ci illərdə çoxlu sayda media nümayəndəsi yazılarına görə cinayət məsuliyyətinə cəlb edilib, onlardan beşi uzunmüddətli həbs olunub:

"Proqram çərçivəsində çoxlu sayda prokurorluq əməkdaşına, hakimlərə treninqlər keçirildiyi bildirilir. 2014-cü ildə ölkədə siyasi məhbusların sayı 98 nəfər idisə, bu gün rəqəm 130-dur. Pilot layihə həyata keçirdiyiniz 5 məhkəmədən biri Yasamal rayon məhkəməsi olub. 28 May - Cümhuriyyət günü ilə bağlı yürüşə görə Azər Qasımlı və digərləri haqqında həbs cəzaları həmin məhkəmədə çıxarıldı. Effekt olmadığı, vəziyyət pisliyə doğru dəyişdiyi halda, bu prosesi imitasiya eləmək, vergi ödəyicilərinin pulunu xərcləməyin özü elə pul yumaq deyilmi?"

“ONLARA DOĞRU ŞEYLƏRİ ÖYRƏDİRSİZ?”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas cavabında deyib ki, o, istənilən halda, prosesi davam etdirməyin tərəfdarıdır: "Biz istəyirik ki, proses irəli getsin. Hesab edirəm ki, treninqləri davam etdirməliyik. Heç nə eləməməkdənsə, bunları eləmək yaxşıdır".

"Əminsinizmi ki, onlara doğru şeyləri öyrədirsiz? Axı, vəziyyət əksini deyir..." – sualına cavab verən səfir bildirib ki, treninq iştirakçılarına ən doğru praktikalar öyrədilir: "Biz doğru olanları onlara təqdim edirik. Sonra nə baş verdiyinə cavabdeh ola bilmərik".

Avropa Şurasının ekspertləri Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmişdi. Hökumət narazı qalaraq, təklifləri qəbul etmədiyindən iki ildir bu məsələ həllini tapmayıb.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, bu məsələ ilə bağlı proses növbəti fazada davam etdiriləcək: "Görünür, vaxt kifayət eləməyib. Biz əlimizdən gələni eləmişik".

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin aparılmadığını, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG