Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Avropa Məhkəməsinin kəsdiyi cərimələr: 'Hökumət pulumuzu vermir'


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

«Nümayəndəsi olduğum 56 nəfər Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə ona düşən kompensasiyanı ala bilmir», – vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, 56 nəfərdən bir neçəsi kompensasiyanı qismən ala bilsə də, bir qismi ümumiyyətlə, heç nə almayıb.

Siyasi fəal Bəxtiyar Hacıyev də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarıyla Azərbaycan hökumətinin ona ödəməli olduğu 10 min avronu ala bilmir. Onun sözlərinə görə, məhkəmənin qərarından bir il ötür və bu məbləğ ona 3 ay ərzində ödənməliydi.

«Ola bilsin, müstəqil şəxslərin, müxalifətçilərin hesablarına pul ödənməsini istəmirlər»

B.Hacıyev tək deyil. Siyasi fəal kimi 2010-cu ilin parlament seçkilərinə qatılan və hüquqları pozulan 10-dan artıq vətəndaş da AİHM-nin qərarı ilə onlara veriləcək kompensasiyanın ödənəcəyi günü gözləyir.

«Maraqlanmışam, bir çoxuna ya ödəniş edilmir, ya da 1000-1500 avro veriblər. Burda iki məsələ ola bilər. Ya texniki məsələdir. Maliyyə Nazirliyinin planlaşdırmasına uyğun olaraq ödəmələr hansısa məbləği aşanda növbəti rübə və ya yarım ilə saxlanır. İkinci bir səbəb siyasi səbəb ola bilər. Ola bilsin, müstəqil şəxslərin, müxalifətçilərin hesablarına pul ödənməsini və onun müxtəlif layihələrə istifadə edilməsini istəmirlər», – B.Hacıyev ehtimalını bölüşür.

H.Həsənov
H.Həsənov

Onun söylədiklərini nümayəndəsi Hafiz Həsənov da təsdiqləyir: «Bu işdə adı keçən digər ərizəçilərin də pulu ödənməyib. Bu haqda sosial şəbəkədə yazan Bəxtiyar bəy məsələni düz qoyur ki, hökumətin özünə cərimə ödəməli olanda üzərinə vəsait gəlir, hüquqi mexanizm yolu ilə cərimənin üzərinə gəlinən dəbbə pulları, penyalar filan hamısı ödətdirilir. Amma Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiya bir ildir verilmir. Özü də Avropa Məhkəməsinin qərarlarında nəzərdə tutulur ki, ərizəçilər gecikmələrə görə bütün xərcləri hökumətdən ala bilərlər. Ancaq Azərbaycan praktikasında hələlik bu yoxdur».

«Siyasi işlər üzrə kompensasiya ödəmirlər»

Vəkil Ə.Mustafayev kompensasiyaların ödənməsi üçün vaxtaşırı rəsmi qurumlara müraciət etdiyini, amma konkret cavab ala bilmədiyini deyir: «Cavab verirlər ki, «bilmirik, nə vaxt pul ayırarlar, onda da ödəyərik». Ancaq belə təəssürat yaranır ki, kompensasiyaları qəsdən ödəmirlər. 2016-cı ilə qədər ödəmələrdə heç bir problem olmurdu. 2016-cı ildə heç ödəmədilər. 2017-ci ildə bir qədər ödəsələr də, sonra dayandırdılar. Ötən ilin ortalarından xüsusən də siyasi motivli işlərlə, seçki məsələsiylə, inzibati və ya siyasi-ictimai fəalların həbsləriylə bağlı işlər üzrə ödəmə aparılmır. Deyilənə görə, mülki işlər üzrə kompensasiyaları ödəyirlər, ancaq belə işlər üzrə ödəmirlər. Bu da görünür, hökumətin siyasətinin bir hissəsidir. Məqsəd usandırmaq, bezdirmək, incitməkdir ki, Avropa Məhkəməsinə az şikayət getsin».

Ə.Mustafayev
Ə.Mustafayev

Vəkilin bu fikirlərinə hüquqşünas H.Həsənov da şərik çıxır. Onun sözlərinə görə, AİHM qərarlarında hökumətə seçki praktikasının, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr versə də, adətən, onlar yerinə yetirilmirdi, Azərbaycan tərəfi sadəcə, ərizəçilərin kompensasiyasını ödəməklə kifayətlənirdi: «Görünən budur ki, artıq kompensasiya da ödənmir. Amma Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadırsa, öhdəliklər götürübsə, onu icra etməli, o cümlədən kompensasiyanı da ödəməlidir».

Cavabdeh kimdir?

Bəs kimdir cavabdeh? Kimə müraciət etməli? Bu yerdə iş dolaşığa düşür bir az.

H.Həsənov bununla bağlı səlahiyyətli şəxsin Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov olduğunu deyir və ona müraciət edib. Hüquqşünasa da Ə.Mustafayevə verilən cavab verilib: «Büdcədən ayrılan vəsait bitib, yeni ildən ödəniləcək».

H.Həsənovun sözlərinə görə, vəziyyət bu şəkildə davam edərsə, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edəcək.

Ə.Mustafayev isə artıq adıçəkilən quruma müraciət edib.

«Əlimizdən başqa iş gəlmir. Çünki Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrasına məsul olan, təyin olunmuş vahid orqan yoxdur. Elə bir orqan olsa, onunla intensiv işləyə, mübahisə aça bilərdik. Bir neçə nümayəndə Maliyyə Nazirliyini, Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəliyini – bu qurum prezident administrasiyasının rəsmi strukturudur – ölkədaxili məhkəmələrə vermək istiqamətində məsləhətləşmələrə başlamışıq. Məqsəd kütləvi şəkildə müraciət etmək, məsələni ictimailəşdirməkdir. Hərçənd, qabaq belə praktika olub. Yerli məhkəmələrə belə müraciət olsa da, icraata götürməyiblər. Amma bu bir aksiyadır, heç olmasa, ictimaiyyət bilsin ki, hökumət vətəndaş qarşısında borcunu yerinə yetirmir», – Mustafayev deyir.

Ç.Əsgərov
Ç.Əsgərov

Çingiz Əsgərov nə deyir bəs?

AzadlıqRadiosunun əməkdaşı mövzu ilə bağlı Prezident Administrasiyasında sektor müdiri, AİHM-də Azərbaycanın nümayəndəsi Çingiz Əsgərovla əlaqə saxlayıb. O, sualı dinlədikdən sonra «Şərhsiz. Mən bu məsələni şərh etmirəm» söyləyib. «Vətəndaşlar kompensasiyalarının ödənməsini gözləyirlər, niyə ödənmir, niyə şərh vermirsiniz?» dedikdə səsini bir qədər ucaldaraq «Şərh etmirəm də, şərh etmirəm» deməklə telefon söhbətinə son qoyub.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı yaranıb.

İndiyədək vəkillər yerli mətbuata, adətən, hökumətin Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən müraciətləri əngəlləməyə çalışdığını, hətta poçtda həmin məktubların yoxa çıxdığını bildiriblər. Hətta bəzi vəkillərə AİHM-ə şikayət göndərməmək üçün basqılar edildiyi haqda da xəbərlər dolaşıb. Hökumət isə bu ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG