Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:15

Avropa Məhkəməsi keçmiş baş nazirə görə Azərbaycanı cərimələdi


B.Fərzəliyev

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bugün, mayın 28-də 1990-cı illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri olmuş Becan Fərzəliyevin şikayəti üzrə qərarı elan edib.

Qərara əsasən, sabiq baş nazirə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1, 6.2) pozuntusuna yol verilib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev deyib. Onun sözlərinə görə hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4700 avro, xərc və məsrəflərə görə isə 1500 avro təzminat ödəməlidir. Ərizəçi isə 100 min avrodan artıq təzminat tələb etmişdi: "Bu iş Becan Fərzəliyevə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı üzrə məhkəmə prosesləri ilə bağlıdır. Cinayət işi üzrə heç vaxt təqsirkar hesab edilməsə də, onun üzərinə dövlət vəsaitlərini mənimsəməsi əsası ilə təzminat ödəmək vəzifəsi qoyulub. Fərzəliyev iddia edirdi ki, onun Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası və mülkiyyət hüquqlarına müdaxilə edilib".

Xatırlatma

Becan Fərzəliyev 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikanın baş naziri olub. 2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub. Cinayət işində bir neçə helikopterin alınmasına dövlət vəsaitlərinin ayrılması, amma helikopterlərin alınmaması ilə bağlı ittihamlar vardı.

2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib.

Cinayət işinə xitam verilməsindən bir qədər sonra prokurorluq həmin iş üzrə şübhəlilərə qarşı Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada B.Fərzəliyev və daha iki nəfərin üzərinə mənimsədikləri dövlət vəsaitlərinə görə təzminat ödəmək vəzifəsinin qoyulması istənilib. Məhkəmə 2006-cı ilin mayında 2 milyon 327 min 59 manat (2 milyon 25 min avro) dəyərində mənimsəmənin baş verdiyi qənaətinə gəlib və həmin vəsaiti B.Fərzəliyev və daha bir cavabdehin ödəməli olmasına qərar verib.

Multimedia

XS
SM
MD
LG