Avropa Parlamenti Avropa İttifaqı (Aİ) xaricində deportasiya (qayıdış) mərkəzlərinin qurulmasını təsdiqləyib. Xəbəri "Euronews" yayıb.
"The Guardian" yazır ki, məqsəd sığınacaq üçün müraciətinə imtina alan, yaxud vizalarının müddəti bitmiş şəxslər üçün "etibarlı geri dönüş siyasəti" yaratmaqdır.
Sənəd Aİ üzvlərinə qanunsuz miqrantları onların gəldiyi ölkə ilə bağlı olmayan üçüncü ölkələrə qaytarmağa imkan verəcək. Bundan ötrü Aİ üzvünün həmin ölkə ilə ikitərəfli sazişi olmalıdır, öz ərazilərində qayıdış mərkəzləri tikməlidir.
Miqrantları qanuni nəzarətdə saxlama müddəti iki ilə qaldırılır, Aİ-yə girişə isə məhdudiyyətsiz qadağa qoyulur. Söhbət blok ərazisində qalmaq hüququ olmayanlardan gedir.
"Euronews" xəbər verir ki, qanunun son layihəsi Avropa Parlamenti ilə Aİ üzvləri arasında müzakirə olunacaq. Onların ailələri uşaqları ilə birlikdə deportasiya siyahısına salmaq istədiyi bildirilir. Yalnız himayəsi olmayan azyaşlılar istisnadır.
Parlamentdə Yaşıllar Partiyasını təmsil edən Melissa Kamara "Euronews"a deyib ki, "layihə "Taliban"la əməkdaşlığa yaşıl işıq yandırır, əfqanların məcburi qaytarılmasına imkan verir. Bu, Aİ dəyərlərinin tamamilə inkar olunmasıdır".
"Amnesty International" insan haqları təşkilatından İv Qeddi deyib ki, Avropa Parlamenti Aİ-nin "cəzalandırıcı və məhdudlaşdırıcı" tədbirlərinin genişləndirilməsinə səs verib. Onun sözlərinə görə, qayıdış mərkəzlərində insan haqlarının pozulmasına ciddi risklər yaradılır.