Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Avropa İttifaqı Belarusa qarşı sanksiyalara doğru ilk addımını atdı


Belarus etirazçısının plakatında: "Çıx get" yazılıb
Belarus etirazçısının plakatında: "Çıx get" yazılıb

Avropa İttifaqı avqustun 14-də mübahisəli prezident seçkisi və onun ardınca başlanan etirazları əzdiyinə görə Belarus üzərinə yeni sanksiyaların qoyulması istiqamətində ilk addımını atıb.

Reuters yazır ki, Avropa liderləri ittifaqın xarici işlər komissarına məsuliyyət daşıyan şəxslərin qara siyahısının tərtibini tapşırıblar.

Belarusa 26 ildir ki, prezidentlik edən Alyaksandr Lukashenka hazırda hakimiyyətinin ən böyük çətinliyini yaşayır.

On minlərlə etirazçı 6-cı gündür ki, Belarus şəhərlərinin küçələrinə çıxaraq seçki nəticələrinə etiraz edir və səslərin yenidən sayılmasına çağırır.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə Lukashenka səslərin 80, onun müxalifətdən olan rəqibi Svyatlana Tsikhanouskaya isə 10 faiz səs toplayıb.

Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 14-də keçirilən təcili iclasında İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ittifaq Belarusda zorakılıqlara, həbslərə və seçki fırıldağına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar qoyulması prosesinə başlayıb.

Aİ Belarus üzərinə ilk dəfə sanksiyaları 2004-cü ildə tətbiq etmişdi. Bu sanksiyalar 2011-ci ildə insan haqları pozuntuları və seçki saxtakarlığına görə daha da sərtləşdirilmişdi.

Bu sanksiyalardan bir çoxu 2016-cı ildə Lukashenka siyasi məhbusları azad etdikdən sonra qaldırılmışdı.

Lakin silah embarqosu, habelə iki müxalifət fəalının, bir jurnalist və bir biznesmeninin yoxa çıxması ilə bağlı qoyulmuş sanksiyalar qüvvədə qalır.

Avropa İttifaqı seçkinin nəticəsini qəbul etmir

Lukashenko hər hansı seçki fırıldağını inkar edir. Onun hökuməti seçkinin ardınca həbs edilmiş etirazçıların çoxunu avqustun 14-də azad edib və gözlənilmədən üzrxahlığını bildirib.

Buna baxmayaraq avqustun 14-də on minlərlə etirazçı Minsk və başqa şəhərlərin küçələrinə çıxıb.

Almaniyanın xarici işlər naziri Haiko Maas deyib ki, “son günlər Belarusda baş verən hadisələr tamamilə qəbuledilməzdir və Avropa İttifaqının aydın reaksiyasını tələb edir”.

Maas Belarus hökumətini siyasi məhbusları azad etməyə və seçkinin rəsmi nəticələrinə yenidən baxmağa çağırıb.

Avropa İttifaqının baş diplomatı Josep Borrell deyib ki, ittifaq seçki nəticələrini qəbul etmir.

Polşa, Çex Respublikası, üç Baltik ölkəsi və Danimarka Lukashenka ilə müxalifət arasında danışıqlarda vasitəçiliklərini təklif ediblər.

Vilnüs Belarusda repressiya qurbanlarına dəstək üçün fondun ayrılmasına çağırıb.

Varşava bildirib ki, belaruslar üçün viza qaydalarını yumşaldacaq və öz əmək bazarını onlar üçün açıq elan edəcək.

Belarusun taleyi belarusların özündən asılı olacaq

Reuters agentliyinin məlumatına görə Avropa İttifaqının müzakirə olunan sənədində deyilir:

“Biz Belarus prezidenti Lukashenka üzərinə təzyiq və onunla danışqılar arasında ehtiyatlı balansı tapmalıyıq. Biz inanırıq ki, Avropa İttifaqı vasitəçi rolunu mümkün qədər tez öz üzərinə götürməlidir”.

Reuters yazdığına görə, sənədin belə ehtiyatlı mətni göstərir ki, Avropa İttifaqı 2013-2014-cü ildə illərdə Kiyevdə küçə etirazları zamanı baş verənlərin təkrarını istəmir.

O vaxt Avropa İttifaqı və Birləşmiş Ştatlar etirazları dəstəkləmiş və bununla da Rusiyaya Krımın Ukraynadan qoparılması üçün bəhanə vermişdilər.

Agentlik bir diplomatik mənbəyə istinadən bildirir ki, Belarus üzərinə yeni sanksiyalar qara siyahıya salınacaq şəxslərə viza qadağanlarından və onların Avropa İttifaqı ərazisindəki bütün aktivlərinin dondurulmasından ibarət olacaq.

Avropa İslahat Mərkəzi analitik qurumunun direktoru Charles Grant deyib ki, Avropa İttifaqı sanksiyalarını habelə Britaniya və ABŞ-la koordinasiya etməli olacaq.

Grant deyib ki, beləliklə də Belarusda dəyişikliyin baş verməsi Belarus xalqından asılı olacaq, Avropa və ABŞ isə bu işdə onlara yardım göstərəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG