Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 10:42

Belarusda tətillər; Tsikhanouskaya ‘dinc’ etirazlara çağırır


Belarusda "Minsk Dünyasını" kompleksində çalışanlar tətil edir
Belarusda "Minsk Dünyasını" kompleksində çalışanlar tətil edir

Müxalifətin namizədi avqustun 15-16-da dinc küçə aksiyalarının keçirilməsini təmin etmək üçün şəhər merlərinə müraciət edib

Belarusda müxalifətin namizədi Svyatlana Tsikhanouskaya yeni videomüraciətində bütün şəhərlərdə “dinc” etirazlar keçirməyə çağırıb. O, əhalini prezident seçkisinin saxtalaşdırılması iddialarının araşdırılması, bülletenlərin yenidən sayılması tələbilə anket imzalamağa səsləyib.

Avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələrinə görə, indiki prezident Alyaksandr Lukashenka 80 faizdən artıq səslə qalib elan olunub, Tsikhanouskaya-nın 10 faizdən də az səs yığdığı açıqlanıb.

Merlərə müraciət

Müxalifətin namizədi avqustun 15-16-da dinc küçə aksiyalarının keçirilməsini təmin etmək üçün şəhər merlərinə müraciət edib.

O, hakimiyyəti “dinc nümayişi qanlı qırğına çevirməkdə” ittiham edib.

“Belarusun küçələrində zorakılığı dayandırmaq vacibdir. Hakimiyyəti bunu dayandırmağa və dialoqa başlamağa çağırıram”, – o deyib.

Tsikhanouskaya Belarus hakimiyyətini zorakılıqdan çəkinməyə çağırıb, deyib ki, tərəfdarlarımı yalnız dinc aksiyalara, “həmrəylik zənciri”, eləcə də tətillər keçirməyə səsləyir.

Tsikhanouskaya seçkidə ona səs vermiş şəxslərdən imza toplanılmasına başlandığını açıqlayıb. Deyib ki, vebsaytına əlavə olunacaq xüsusi linkdə seçkidə onu dəstəkləyənlərin qeydiyyatı aparılacaq.

O, “cinayətkar əmrlərin” icrasından imtina edən hüquq-mühafizə əməkdaşlarına təşəkkür edib.

Müxalifətin namizədi bir neçə gün öncə Litvaya gedib. Tərəfdarları onun bu addımı təzyiq altında atdığını deyirlər. İnternetdə yayılmış videomüracitində o, əhalini küçələrə çıxmamağa çağırırdı. Tərəfdarlarının fikrincə, ona bu müraciəti şantaj və təhdid altında yazdırıblar.

Belarusda isə fabrik və şirkət işçiləri etirazlara qoşulmaqdadırlar.

Fəhlələrin tələbləri

Avqustun 14-də ölkənin qərbində yerləşən Hrodna şəhərindəki Hrodna Azot kimyəvi məhsullar zavodunun minlərlə işçisi tətilə çıxıb, zavod administratorları, şəhər rəhbərliyi ilə görüşüblər.


Fəhlələrin əllərində tutduqları plakatlarda “Biz Lukashenka-nın istefasını tələb edirik”, “Biz onu seçməmişik”, “Bizim səslər oğurlanıb” sözləri yazılıb.

Avqustun 13-də Minsk yaxınlığındakı Jodina şəhərində BelAZ zavodunun işçiləri tətilə çıxaraq yeni prezident seçkisi tələb ediblər. Bu zavodda yük maşınları, digər tikinti maşınları və avadanlıq buraxılır. Zavod rəhbərliyi dünən axşam işçilərlə görüşsə də, toplantıya media təmsilçiləri buraxılmayıb.

Zavodun işçilərindən biri AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, fəhlələr dörd tələb irəli sürüblər: Lukashenka və hökuməti istefa versin; etirazçılara qarşı polis zorakılığı dayandırılsın; bütün siyasi məhbuslar və son günlər həbs olunan minlərlə etirazçı buraxılsın; seçkiyə buraxılmayan namizədlərin iştirakıyla yeni prezident seçkisi keçirilsin.

Fəhlələr xəbərdarlıq ediblər ki, tələbləri avqustun 17-si günorta 3-dək rəhbərliyə çatdırılmasa, tətili davam etdirəcəklər.

Mer iclasdan getməli olub

BelAZ-dakı etirazdan sonra Jodinanın meri Dzmitry Zablotski şəhərdəki ticarət mərkəzində zavod fəhlələri və şəhərin digər sakinləri ilə elə dünən axşam toplantı keçirib. Görüşə minlərlə insan qatılıb.

Fəhlələr və digər sakinlər Zablotski-nin istefasını tələb ediblər, belə ki, o, şəhərdə etirazçıların kütləvi həbslərindən xəbərdar olduğunu deyib.

Adamlar “Çıx get!” deyə qışqırıblar və Zablotski podiumu tərk edib.

Yerli xəstəxananın həkimi görüşdə deyib ki, hər gün “dəhşətli yaraları olan şəxsləri bizə gətirirlər”, ömründə “belə yaralar görməyib”.

Görüşə yığışanlar ayaqüstü sorğu keçiriblər, əksəriyyət Tsikhanouskaya-ya səs verdiyini deyərək əlini qaldırıb.

Mediada gedən məlumatlara görə, hazırda Belarusda 20-dən artıq sənaye müəssisəsində minlərlə fəhlə ya tətil edir, ya da tətilə hazırlaşır.

Ancaq bu informasiya rəsmən təsdiqlənməyib, bəzi müəssisələrin işçiləri zavod, yaxud fabriklərin əsas hissələrinin fəaliyyəti davam etdirdiyini bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG