İyunun 18-də Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edərək çıxış edib. Prezident Avropa Birliyi (AB) ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələdə olduğunu qeyd edərək mətnin 90 faizinin artıq razılaşdırıldığını bildirib. “İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa Birliyi arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır", deyə o vurğulayıb.
Artıq ŞT ölkələrindən Gürcüstan, Ukrayna və Moldova AB ilə assosiativ saziş imzalayıb. 3 il əvvəl isə Ermənistanla Brüssel tərəfdaşlıq sazişi bağlayıb. Belə isə elə 2017-ciilin əvvəlindən danışıqlara başlanılan Azərbaycanla saziş nədən bu qədər uzandı və ümumiyyətlə, sənəd yaxın vaxtlarda imzalana bilərmi? AzadliqRadiosunun sazişlə bağlı müraciət etdiyi ekspertlərin fikirləri haçalanıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli sazişin yubanmasını rəsmi Bakının mövqeyi ilə əlaqələndirir:
“Çünki 2009-cu ildə Avropa Birliyi Şərq Tərəfdaşlıq təşəbbüsünü elan edəndən sonra 6 ölkəyə proqramda iştirak təklif olundu, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus. Ancaq proses yeni-yeni başlayanda Azərbaycan, Ermənistan və Belarus o qədər də fəal iştirak etmirdi, hökumət rəsmiləri səviyyəsində. Danışıqların dərinləşdirilməsi, ikitərəfli münasibətlərin gücləndirilməsi, eyni zamanda, assosiativ sazişlərin imzalanması ilə bağlı çox da siyasi iradə nümayiş etdirmirdilər. Nəticədə ilk olaraq Gürcüstan və Moldova assosiativ saziş imzaladı, ardınca Ukrayna 2014-cü ildə sənədə imza atdı. Sonradan Ermənistan imzaladı. Hələlik Belarus və Azərbaycanın mövqeyi naməlum qalır”.
“Azərbaycan hakimiyyəti üzərinə öhdəliklər götürmək istəmir”
Anar Məmmədli hesab edir ki, Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqları, qanunun aliliyi, şəffaflıq və yaxşı idarəçiliklə bağlı üzərinə öhdəliklər götürmək istəmir:
“ Məhz bu səbəbdən Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş imzalanmadı”
Mərkəz sədrinin sözlərinə görə, Rəsmi Bakının imzalayacağı saziş Gürcüstan, Ukrayna və Moldovanın imzalayacağı sənəddən fərqlidir:
“Onlar assosiativ saziş imzalayıb, Bakı isə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir. Hər üç dövlətin imzaladığı sənədin mahiyyətində onların AB-yə üzv olmasının hazırlanması dayanır. Saziş layihələri elə dizayn olunub ki, hər üç dövlət özünü gələcəkdə Avropa Birliyində görür. Amma qalan ölkələrlə bağlı durum ürəkaçan deyil. Konkret Azərbaycana gəldikdə, saziş layihəsi uzun müddət müzakirə olunsa da, proses vətəndaş cəmiyyəti üçün qapalıdır. Ona görə sazişin necə olacağını indidən demək çox çətindir, ola bilsin ki, 90 faizi hazırdır, hətta tez zamanda imzalanması mümkündür. Amma ratifikasiya oilunması zaman ala bilər. Çünki birliyin üzv dövlətləri və parlamenti sazişi təsdiqləməlidir”
“Məncə, yubana bilər”
A.Məmmədlinin deməsinə görə, Avropa Parlamentində mövqe belədir ki, Azərbaycan kimi ölkə ilə saziş imzalanırsa, mütləq siyasi azadlıqlara, insan haqlarına diqqət yetirmək vacibdir:
“ Ancaq bu istiqamətdə Azərbaycanın durumu heç də ürəkaçan olmadığından tez zamanda Avropa Parlamentinin sənədi ratifikasiya edəcəyinə inanmıram, məncə, yubana bilər”.
“İndiki mərhələyə qədər keçilən böyük bir yol var”
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə düşünür ki, 18 iyun Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin videokonfransı Azərbaycanın Qərb siyasi kursunda ardıcıl, davamlı, sistemli olduğunu və regional təhlükəsizlik parametrlərini güclü şəkildə nəzərə aldığını sübut etdi:
“ Lakin Azərbaycan siyasəti bilavasitə müstəqil müəyyənləşdirir”
Zahid Orucun qənaətincə, indiki mərhələyə qədər keçilən böyük bir yol var:
“ Bu yol ondan ibarətdir ki, hələ 90-cı illərdən TASİS Proqramından ( Avropa Birliyinin MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi ilə həyata keçirdiyi proqram . AB ilə Azərbaycan arasında bu proqram üzrə əməkdaşlıq haqqında sənəd 1996-cı ildə imzalanıb və 1999-cu il iyulun 1-də qüvvəyə minib-red) daha üzü bəri “Yaxın qonşuluq siyasəti” və sonda 6 ölkə ilə münasibətləri daha üst səviyyəyə daşımağa çalışır. Əlbəttə, heç kəsə sirr deyil ki, bu, Rusiya və İranın yerləşdiyi bölgədə Qərbin maraqlarının siyasi, iqtisadi və hərbi baxımdan bərqərar olmasıdır. Doğrudur, hər kəs Avropa Birliyinin iqtisadi təsisat olduğunu başa düşür. Ancaq onun öz mənafelərini qorumaq üçün ABŞ-la sinxronlaşdırılan xüsusi on illər ərzində cərəyan edən siyasətləri var. Belə olan təqdirdə bölgə dövlətləri uzun illərdir Qərbin aparılan siyasətinə qarşı müqavimət göstərirlər. Ona görə siyasi elitaların vəzifəsi buna adekvat maraqların uzlaşdırılmasını tapmaqdır”
Deputat xatırlamasına görə, 2013-cü ildə Ukrayna prezidenti Yanukoviç assosiativ saziş mərhələsində daxildəki qüvvələrin mövqeyini razılaşdıra bilmədi və geopolitik böhrana yol açdı:
“...Balanslı siyasəti nəzərə almalısan”
“ Elə həmin acıdan da inqilab baş verdi, bir tərəfdən özü hakimiyyəti itirdi, ardınca da ölkə ərazisinin 20 faizinin itirilməsi ilə nəticələndi. Fakitiki olaraq, Qərblə mühüm siyasət separatizm doğurdu və bu, o deməkdir ki, mərkəzi sistemi qoruyub saxlamaq, orada yaşayan xalqların mənafelərini uzlaşdırmaq üçün balanslı siyasəti nəzərə almalısan. Bu səbəbdən sanki GUAM-a ( Gürcüstan,Ukrayna, Azərbaycan və Moldova) üzv dövlərinin taleləri o cəhətdən birləşdi. Ona qədər Gürcüstanın, Moldovanən və Azərbaycanın vəziyyəti bəlliydi, biz hələ 90-cı illərdən 20 faiz yaralanmışdıq. Ukraynada eyni şəkildə ərazisini itirmiş dövlətlərin birliyinə çevrildi”
...bir tərəfdən sənədin imzalanmasını reallaşdıracaq, digər tərəfdən ...
Deputat sonda da deyib:
“Prezident İlham Əliyevin Brüssellə münasibətləri xüsusi sazişlərlə təmin etməsini görməliyik .Bu, bir tərəfdən Qarabağın ərazi bütövlüyümüz çərçivəsində olacağını müəyyənləşdirməlidir. Başqa tərəfədən isə Azərbaycanın bölgə dövlətləri ilə münasibətlərini zədələməməlidir, toqquşmalara gedilməməlidir. Adətən, urra-patriotizm, hədsiz qərbpərəstlik,... üzərində qurulan partiyalar, əksər hallarda Avropadan böyük maliyyə kütlələrini alanlar iqnor siyasəti üzərində fəaliyyət göstərirlər. Onlar üçün bölgə dövlətlərinin maraqları sanki heçə sayılmalıdır”
Zahid Orucun fikrincə, bu isə çox ağır nəticələr doğura bilər:
“ Ona görə Azərbaycan dövlət rəhbərinin atdığı addımlar bir tərəfdən sənədin imzalanmasını reallaşdıracaq, digər tərəfdən qonşu dövlətlər münasibətləri qoruyub saxlayacaq. Bununla da Qərblə münasibətlərdən digər dövlətlərin üzərimizə gəlməsinə və zədə alınmasına yol açmayacaq”.
Xatırlatma
Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa Birliyi ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq indiyədək AB ilə assosiasiya sazişlərini imzalayıb.
2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da bu sazişin nə vaxt imzalanacağıbilinmir.