Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Azərbaycan rüşvət ittihamlarından niyə nəticə çıxarmır?


Azərbaycan avropalı deputatları rüşvətlə ələ alıb? AŞPA-da müzakirələr
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Avropa Şurası Parlament Asambleyası bu qurumda korrupsiya halları haqqında hesabatı qəbul edib.

Aprelin 26-da müzakirə olunan sənəd əsasən Azərbaycanın bu şuranın qərarlarına təsir üçün avropalı deputatları rüşvət və başqa şirnikləndirici üsullarla ələ almasından bəhs edir.

"CİDDİ ADDIMLAR ATILSIN"

219 səhifəlik sənədin müəllifi, belçikalı deputat Petra Sutter bildirib ki, bugünkü müzakirələr yalnız siyasətçilər arasında debatdır:

"Biz siyasətçilərik. Bizim bu Assambleyada hər hansı hüquqi fəaliyyətimiz yoxdur. Ona görə də biz yalnız siyasi debatlar keçirə bilərik. Biz adı bu hesabatda keçən Assambleya üzvlərinə qarşı ciddi addımların atılmasını müzakirə edirik".

Müzakirələrdə çıxış edən digər avropalı deputatlar korrupsiya ittihamlarının ümumilikdə Assambleyanın nüfuzuna xələl gətirdiyini, insanların etibarını sarsıtdığını vurğulayıblar. Bəzi deputatlar həmçinin sadalanan faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına, hüquqi addımların atılmasına çağırıblar.

"MƏNƏ BELƏ AVROPA ŞURASI LAZIM DEYİL"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə ittihamları rədd edib. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu şura Qarabağ münaqişəsində susqun qalmağa üstünlük verir, amma korrupsiya ittihamlarında canfəşanlıq göstərir.

Səməd Seyidov
Səməd Seyidov

"Bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Niyə yalnız Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serj Sarkisyanı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı. Mənim adım da bu hesabatda çəkilir. Hətta araşdırmanı aparanlar Seyidovun onlar arasında olmadığını bildirsələr də belə. Mənim adım bu hesabatdadır. Ona görə də bu əladətsizlikdir. 18 il öncə bura üz tutanda fikirləşdim ki, bura “bizim Avropa Şurasıdır”. Amma indi düşünürəm ki, yox bu “sizin Avropa Şuranızdır”. Mən belə bir Avropa Şurasında təmsil olunmaq istəmirəm".

AZƏRBAYCAN AVROPA ŞURASINDAN ÇIXARSA...

Bundan öncə də Avropanın müxtəlif qurumlarında Azərbaycanla bağlı dinləmə və müzakirələrdə Azərbaycan tərəfi təndiqləri rədd edib. Hətta lazım gələrsə şuradan çıxmağa hazır olduğunu da bildirib.

Politoloq Hikmət Hacızadə bildirir ki, bugünkü müzakirələrdə də Azərbaycan nümayəndə heyəti Avropa Şurasını tərk etməyə hazır olması mesajını verdi. Hacızadə bütün bu baş verənləri ürək ağrısı ilə izlədiyini bildirir. Deyir ki, bunlar Azərbaycanı nəinki bəynəlxalq aləmdə nüfuzdan salır, hətta ölkənin müstəqilliyinə də təhlükə yarada bilər:

"Azərbaycanla bağlı tənqidlər, bəyanatlar ardınca da konkret sanksiyalar qəbul edilə bilər. Azərbaycan bu qurumda səsvermədən məhrum edilə bilər. Azərbaycanın mesajı isə odur ki, biz şuradan çıxmağa hazırıq. Amma bu çox böyük yanlış fikirdir. Azərbaycanın maraqlarına zərbədir. Qarabağ məsələsinə, Azərbaycanın müstəqilliyinə böyük zərbədir. Avropa Şurası, ümumlikdə Avropa bizi qonşuluğumuzdakı nəhəng dövlətlərdən qoruyur".

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hikmət Hacızadə ümid edir ki, Bakı Avropa Şurasının Azərbaycan üçün önəmini anlayacaq və münasibətləri düzəltməyə çalışacaq.

Azərbaycan tərəfi rüşvət ittihamlarını birmənalı şəkildə rədd edir, bunu Azərbaycana qarşı kampaniya sayır.

Bəs, Bakı sakinləri bu haqda nə fikirləşirlər? Onlar Avropalı deputatlara rüşvət verilməsi ittihamlarına nə dərəcədə inanırlar?

Azərbaycan rəsmilərinin Avropalı deputatlara rüşvət verməsi nə dərəcədə inandırıcıdır?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

AGRAMUNT: “219 SƏHİFƏLİK YALAN”

Avropa Şurasının yaratdığı araşdırma qrupunun hazırladığı hesabatda müxtəlif vasitələrlə, o cümlədən zinət əşyaları və fahişələrlə ələ alınmaqda ittiham olunan keçmiş AŞPA prezidenti Pedro Agramunt isə bütün ittihamları rədd edir. Agramunt dünən – aprelin 25-də İspaniyanın SER televiziyasına müsahibəsində hesabatın tapıntılarını “219 səhifəlik yalan” adlandırıb.

Müzakirələrin yekununda hesabat və tövsiyələr qəbul edilib. Avropa Şurası bu sənəddə adı çəkilən deputatların təmsil etdikləri ölkələri həmin deputatlarla bağlı tədbirlərin görülməsinə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG