Beynəlxalq aviaşirkətlər may ayı üzrə uçuş qrafiklərindən 2 milyon sərnişin yerini ixtisar ediblər. "The Financial Times" qəzetinin yazdığına görə, bu qərar yaxın həftələrdə yanacaq təchizatı ilə bağlı narahatlıqların artması fonunda qəbul edilib.
"Cirium" analitika şirkətinin hesablamalarına görə, minlərlə uçuş təxirə salınıb, bəzi xidmətlər daha kiçik və yanacaq qənaət edən təyyarələrə keçirilib.
Fevralın sonunda ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri aviasiya yanacağının qiyməti iki dəfə artıb. Bu da aviaşirkətləri bilet qiymətlərini qaldırmağa vadar edib.
"Emirates", "Etihad" və "Qatar" kimi Körfəz aviaşirkətləri may qrafiklərini yenidən hazırlayıb, bəzi uçuşları ləğv ediblər. Ümumilikdə aprelin ortası və sonu ilə müqayisədə may ayı üçün uçuş yerlərinin sayı 132 milyondan 130 milyona düşüb – "Cirium"un hesablaması belə göstərir.
"British Airways", "United", "China Air", Yaponiyanın "ANA" kimi beynəlxalq aviaşirkətlər də bəzi reysləri təxirə salıb, bəzilərini isə artırıblar.
"Air France" aviaşirkəti Sinqapur və Tokionun Haneda hava limanlarına uçuş sayını artırmamaq barədə müraciət aldığını bildirib. Buna səbəb Asiyanın bu iki mühüm aviasiya qovşağında yanacaq təchizatı ilə bağlı yaranmış çətinliklər və istifadəyə tətbiq edilən məhdudiyyətlərdir.
Aviasiya analitiki Con Striklen deyib: "Heç bir Avropa aviaşirkəti Asiyaya təyyarə göndərib, orada geri dönüş yanacağı tapa bilməmək riskini gözə almaz".
O vurğulayıb ki, aviasiya yanacağının qiyməti həmişə dəyişkən olub, lakin indiki kimi qıtlıq probleminin yarandığını xatırlamır.