Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 09:02

Skopye toplantısı Rusiyanın zəfəridirmi?


Sergey Lavrov Skopyedə
Sergey Lavrov Skopyedə

ATƏT-in 30 noyabr- 1 dekabr tarixlərində Skopyedə nazirlər səviyyəsində iclası ətrafında iki böyük sual dolaşırdı. Birincisi o idi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qurumun 57 üzvünün iclasına qatılacaqmı? İkincisi isə, 2024-cü il üçün ATƏT-in birillik sədri vəzifəsini kim üstlənəcək? Bu məsələ qurumda dərin ziddiyyət yaramışdı.

Toplantıdan öncə bəlli oldu ki, Rusiya iclasa gedir, gələn il quruma istədiyi ölkənin sədrlik etməsi üçün veto hüququndan istifadə edəcək. ATƏT Rusiyanın Avropada üzv kimi qaldığı yeganə təşkilatdır.

AzadlıqRadiosunun müxbiri Rikard Cozviak məqaləsində 2022-ci ilin dekabrında ATƏT-in Polşada oxşar iclasına Lavrovun buraxılmamasını yada salır. ATƏT-in 2022-ci ildə sədri olan Varşava bunu Lavrovun Aİ-nin sanksiya siyahısında olması ilə əsaslandırıb. Rusiya həmin ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan belə bir sanksiya siyahısı açıqlanıb. Polşa onda təkbaşına hərəkət etdi, görüşə bir neçə həftə qalmış qadağanı açıqladı. Ölkənin Daxili İşlər Nazirliyinin bunu etməyə hüququ vardı.

Lavrov özü ilə həkimini də aparır

Eyni hüquq ATƏT-in sədri vəzifəsini icra edən Şimali Makedoniyaya da aiddir. Aİ-yə namizəd olan bu ölkə indiyədək blokun Rusiyaya qarşı sanksiyalarına qoşulub. Amma burda bir məqam var: Aİ Lavrovun ancaq aktivlərini dondurub, ona viza qadağası qoymayıb. Hətta viza qadağası olsa belə, Aİ üzvləri və namizəd ölkələr liderlərin, diplomatların beynəlxalq görüşlərdə iştirakına imkan vermək üçün onu ləğv edə bilər.

Şimali Makedoniya artıq Lavrovun reysinə icazə verdiyini açıqlayıb, Bolqarıstan da onun Skopyeyə gedərkən hava məkanından keçməsinə icazə verib.

S.Lavrov Skopyedə
S.Lavrov Skopyedə

Cozviak ATƏT-dəki mənbələrə istinadla yazır ki, Rusiyanın nümayəndə heyətində 85 nəfər ola bilər. Xarici işlər naziri şəxsi həkimini, müavini Aleksandr Qruşkonu, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanı, böyük təhlükəsizlik xidmətini və 24 rusiyalı jurnalisti özü ilə aparır.

Skopyenin qərarını ATƏT-in bir çox üzvünün bəyənəcəyi ehtimalı var. Bəziləri deyirdilər ki, Rusiyanın iştirakının gələn ilin sədrinin razılaşdırılması və seçilməsinə, qurumda əsas vəzifələrə təyinata faydası dəyə bilər. Bu vəzifələrə baş katib də daxildir.

Sədrlik Maltaya keçə bilər

ATƏT-ə gələn il kimin sədrlik edəcəyi artıq həll olunmuş məsələ kimi görünür. 2020-ci ildə ərizəsini təqdim etmiş Estoniya bir müddət bu posta yeganə namizəd idi. Ancaq Rusiya Tallinin namizədliyini rədd edib, bu il də oxşar addım atıb. Moskva deyib ki, Şimali Makedoniya və Polşadan sonra daha bir NATO üzvünün sədr olmasını istəmir.

Ancaq Rusiyanın etirazlarına baxmayaraq, Estoniya namizədliyini geri götürmədi, həm də ATƏT üzvləri olan 26 Aİ üzvünün tam dəstəyini aldı.

Di gəl, toplantı yaxınlaşdıqca Vyanadakı ATƏT diplomalarının canına vəlvələ düşürdü. Axı, 2024-cü ilə sədrsiz girmək ehtimalı yaranmışdı. Bu post isə iclasların aparılması, prioritetlərin qoyulması, üzv ölkələr arasında razılaşmaların əldə olunması baxımından vacibdir. Normalda ATƏT-in sədri azı bir il öncədən yekdilliklə razılaşdırılır.

Avstriyanın paytaxtı Vyanada ATƏT Daimi Şurasının girişi qarşısında bayraqlar dalğalanır
Avstriyanın paytaxtı Vyanada ATƏT Daimi Şurasının girişi qarşısında bayraqlar dalğalanır

NATO üzvü olmayan, hərbi baxımdan neytral Malta Moskvanın da qəbul etdiyi namizəd olardı. Noyabrın 27-də Malta 2024-cü ildə ATƏT prezidentliyini yerinə yetirməyə razılaşıb. Ancaq Lavrov Skopyedə Moskvanın buna razılığını da təsdiqləməlidir.

Qərb Moskvaya boyunmu əydi?

Beləliklə, Qərb ölkələrinin Kremlin tələblərinə razılaşmaqla və Estoniyanın "ağzından vurmaqla" Rusiyanın qələbəsinəmi yol açdı?

Cozviak belə bir ehtimalın olduğunu yazır, amma kimsə də deyə bilər ki, Qərb heç kəsə boyun əymir, sadəcə çək-çevir edir. Vaşinqtonun Aİ üzvlərinə göndərdiyi qeydini AzadlıqRadiosunun müxbiri də görüb. Orada yazılıb ki, "Birləşmiş Ştatlar Estoniyanın 2024-cü ildə quruma sədr olmaq niyyətini dəyərləndirir... Rusiya isə aydın şəkildə bildirib ki, daha bir NATO üzvünün sədrliyi ilə bağlı konsensusa getməyəcək". ABŞ onu da qeyd edirdi ki, sədrin tapılmaması Rusiya üçün qələbə olar.

Görünür, ATƏT azı bir il salamat qalacaq. Ancaq narazı Baltik üçlüyü, Polşa və Ukrayna bunun nəyin bahasına başa gəldiyini sorğulayacaq. Axı, Moskva son illər ATƏT-in bir neçə əsas təşəbbüsünün qarşısını alıb. Buraya Ukraynaya üç səhra missiyasının göndərilməsi, qurumun son iki ildəki büdcəsi daxil idi.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba toplantıya qatılmayacağını bildirib.

XS
SM
MD
LG