Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Siyavuş Novruzov: 'Biz heç kəsin qabağında hesabat vermirik'


S.Novruzov
S.Novruzov

«Həmin ATƏT 90 faizi yazıb-pozmayan Əfqanıstanda seçkilərin çox demokratik keçdiyini demişdi. Ona görə də burda söhbət seçkiyə münasibətdən getmir, ölkəyə münasibətdən gedir».

İlkin rəsmi nəticələrə görə, 11 aprel seçkilərində 86 faiz səslə qalib gəldiyi deyilən prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov ATƏT-in Müşahidə Missiyasının yekun hesabatını dəyərləndirərkən belə deyir.

O, AzadlıqRadiosuna qısa açıqlamasında qurumun hesabatı ilə razılaşmadığını bildirir:

***Buna da bax-ATƏT-in müşahidə missiyasına hücum olundu [video]

«Azərbaycanda seçkilər qanunvericiliyə uyğun olaraq azad, ədalətli və demokratik keçirilib. Həmin ATƏT 90 faizi yazıb-pozmayan Əfqanıstanda seçkilərin çox demokratik keçdiyini demişdi. Ona görə də burda söhbət seçkiyə münasibətdən getmir, ölkəyə münasibətdən gedir. O baxımdan da onların nə qərar verməsindən asılı olmayaraq bizə maraqlı deyil. Bizə maraqlı olan Azərbaycan xalqının mövqeyidir. Hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalq da seçimini etdi. Qalan kim nə yazır yazsın, nə pozur pozsun. Biz heç kəsin qabağında hesabat vermirik».

Əli Kərimli: «ATƏT-in ən sərt hesabatıdır»

Növbədənkənar prezident seçkisini boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesabatın «obyektiv, sanballı» hazırlandığı qənaətindədir. O hesab edir ki, bu, ATƏT-in indiyə qədər Azərbaycandakı seçkilərlə bağlı açıqladığı ən sərt hesabatdır: ​«Hesabatda İlham Əliyevin açıq-aşkar rəqabətsiz şəraitdə keçirilən, kütləvi şəkildə saxtalaşdırılan seçki nəticəsində, kütləvi informasiya vasitələrinin boğulduğu, alternativliyin təmin olunmadığı bir şəraitdə özünü qalib elan etdiyi qeyd olunur. Ona görə də biz hesabatdan razıyıq».

Ə.Kərimli
Ə.Kərimli

O, iqtidarın bu cür «prinsipial» hesabat gözləmədiyini düşünür: «Sənəd açıqlanarkən hökumətin yandaşı olan «media təmsilçiləri» ATƏT-in bu açıqlamasına üsyan etdilər. Onların bütün ümidləri qırıldı. ATƏT yetərincə prinsipial şəkildə bütün gördüklərini deyib. Real müxalifət partiyalarının seçkini boykot etdiyi də, seçkidə namizəd kimi qeydə alınmış digər yeddi nəfərin İlham Əliyevə real alternativ olmadığı da, onların İlham Əliyevi tənqid etməyə cəsarəti çatmadığı da, bütün televiziya və radioların hakimiyyətin kontrolunda olduğu da, ifadə azadlığının təmin edilmədiyi də, eləcə də bütün başqa pozuntuların hamısı qeyd olunub».

Mehman Əliyev: «ATƏT-in qəlbinə dəysə də, reallıqdır»

İqtidar hesabatdan narazı, müxalifət razı qalsa da, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev başqa yönə diqqət çəkir. «Bəs sonra?» deyə sual edir.

***Buna da bax-Sərdar Cəlaloğlu: 'Uduzmuşam deyə, durum cığallıq edim?'

«Hər seçkidən sonra ATƏT bu cür sənədlər hazırlayır. Amma heç nə dəyişmir. Azərbaycan hakimiyyətinə heç bir təzyiq olmur. Hər şey öz axarı ilə gedir, vəziyyət daha da pisləşir, istər siyasi baxımdan, istər seçki prosesi baxımından. Mən bu seçkiyə əvvəldən passiv yanaşmışam. ATƏT nümayəndələrinin özlərinə də demişəm ki, sizin burda iştirakınızın əhəmiyyəti yoxdur, heç bir faydası olmayacaq da. Bu onların qəlbinə dəysə də, reallıqdır. Onlar işlərini formal olaraq görsələr də, bunun ölkəyə faydası yoxdur».

M.Əliyev
M.Əliyev

«Bu israrı görmürəm»

M.Əliyev fikrini əsaslandırmaq üçün Azərbaycanda ötən illərdə keçirilən seçkilərdən sonra beynəlxalq qurumların, o cümlədən ATƏT-in açıqladığı hesabatlara yenidən baxmağı təklif edir. O, eyni tənqidlərin sadalandığını, eyni tövsiyələrin verildiyini, ancaq durumun dəyişmədiyini vurğulayır.

Əliyevin fikrincə, ATƏT seçki ilə bağlı pozuntuları bilirsə və təsdiqləyirsə, öhdəliklər çərçivəsində hərəkət etməlidir: «Tənqidləri deyir, ancaq hakimiyyəti səhvləri düzəltməyə çağırmağa, normal yola çəkməyə cəhdlər yoxdur, bu iş yoxdur. Bu israrı, bu mövqeni görmürük. Ona görə də bu sənədə ciddi baxmıram».

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiki dövlət başçısı İ.Əliyev növbəti dəfə 86 faiz səslə 7 il müddətinə prezident seçilib.

ATƏT-in Müşahidə Missiyası yekun hesabatla çıxış edərək, səsvermə günü məntəqələrin 12 faizində prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG