Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Sərdar Cəlaloğlu: 'Uduzmuşam deyə, durum cığallıq edim?'


S.Cəlaloğlu
S.Cəlaloğlu

İlkin rəsmi məlumata görə, İlham Əliyev prezident seçkilərinin qalibidir, 86 faiz səslə. Onun qalib olduğunu seçkilərdə iştirak edən rəqibləri inkar etməsələr də, ikinci, üçüncü yerin kimin haqqı olması yönündə söz savaşına çıxıblar.

Bu seçkiyə qatılan namizədlərdən səslərinin oğurlanaraq başqa namizədə yazıldığını iddia edən də var, müxalifətin endirdiyi zərbəyə görə məğlub olduğunu düşünərək uduzmasında özgələri qınayan da, xalq içində nüfuzunun olmadığını açıqca etiraf edən də...

S.Cəlaloğlu: «Müxalifətin məni dəstəksiz buraxacağını gözləmirdim»

«Formal nəticələrlə faktiki nəticələr arasında çox böyük uyğunsuzluq var. Rəqəmlər şişirdilib», – ilkin nəticələrə görə, seçkidə təxminən 3 faiz səs aldığı bildirilən Sərdar Cəlaloğlu belə deyir.

«Amma səmimi şəkildə deyirəm ki, seçkinin qalibi, faktiki nəticələrə görə, İlham Əliyevdir. Onun qələbəsinə kölgə salmaq Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Mən uduzmuşam deyə, durum cığallıq edim?», – o əlavə edir.

Seçkidən öncə 30-40 faiz səs alacağını proqnozlaşdıran Cəlaloğlu məğlubiyyətində müxalif qüvvələri suçlayır. O, seçkidən öncə efirdə bir sözlə narazı elektoratı öz tərəfinə çəkə biləcəyini də bildirmişdi. İndi isə deyir ki, müxalifətin onu dəstəksiz buraxacağını, hakimiyyəti buraxıb onu tənqid edəcəyini gözləmirmiş: «Seçicini çaşdırdılar, guya mənimlə Qüdrət Həsənquliyev arasında fərq yoxuymuş... Həm revanşsız qüvvələrin, AXCP ilə Müsavatin mənim əleyhimə apardığı təbliğat, həm narazı elektorata yetərincə əlimin çata bilməməsi, həm də seçkilərdə istifadə etdiyim resurslar o qədər məhdud idi ki... Amma mən gözlədiyimdən artıq nəticə əldə etmişəm. Təsəvvür edin ki, Qüdrət Həsənquliyev seçkiyə 50 min manat xərcləyib, mən 2-3 min manat. Üstəlik, bunlar deputat kimi ilboyu xalqla təmasda olublar, boğazdan yuxarı da olsa, xalqın maraqlarının müdafiəçisi kimi çıxış ediblər. Mənsə 5 ildə üst-üstə cəmi bir saat televiziyada xalqın qarşısına çıxmışam. Yəni uduzmağımın obyektiv səbəbləri var».

S.Cəlaloğlu iddia edir ki, bəzi məmurlar özlərini yaxşı göstərməkdən ötrü rəqəmləri şişirdərək seçkiyə müdaxilə ediblər: «Qalib İlham Əliyevdir. Amma digər namizədlər arasında səs bölgüsü siyasi konyunkturadır. Niyə bu rəqəmləri yazıblar namizədlərin qabağına? Özləri daha yaxşı bilir. Bu rəqəmləri siyasi dilə çevirəndə iqtidarın mesajı ortalığa çıxır. Mən dördüncü yerdəyəm. Mənə münasibət başqa cür olmamalıydı ki...».

H.Hacıyev
H.Hacıyev

H.Hacıyev: «Mən özüm də, anam da İlham Əliyevə səs vermişik»

Seçkidə indilik 1.51 səs aldığı deyilən Hafiz Hacıyev səslərinin oğurlanaraq digər iki namizədə – Qüdrət Həsənquliyevlə Zahid Oruca yazıldığını iddia edir. Prezidentliyə namizəd səsləri uğrunda partiyanın mübarizəyə başlamaq istədiyini də söyləyir. Amma bununla bağlı qərarı günün sonunda Müasir Müsavat Partiyası Siyasi Şurasının verəcəyini bildirir. O, baş verənlərə görə konkret olaraq MSK sədri Məzahir Pənahovu günahlandırır: «Zahid Oruc heç özünə səs verilməsi üçün xalqa müraciət etmədi. Üçüncü yeri tutan adam da müəyyən klanların əlində alətə çevrilib. Parlamentə də saxta mandatla salırlar bunları. Niyə səslərimizin oğurlanaraq bunlara yazılmasına dözməliyik? Bu məsələdə israrlıyıq. Mitinq qərarımız da ola bilər. Partiyamız üsyan ərəfəsindədir. Düzdür, mən özüm də, anam da İlham Əliyevə səs vermişik, amma deməmişik ki, səslərimiz oğurlayıb başqasına yazsınlar. Onlara heç ailələri də səs verməyiblər».

AzadlıqRadiosu soruşur: «Siz özünüzə, ananız sizə səs vermədiyi halda başqalarının sizə səs verəcəyini necə iddia edirsiniz?».

H.Hacıyev anasının İ.Əliyevə səs verməsində qəbahət görmür: «O, İlham Əliyevi daha çox sevir, nəinki məni. Amma əminliklə bilirəm ki, səslər mənə verilib».

AzadlıqRadiosu H.Hacıyevin iddiaları ilə bağlı hələlik Z.Orucdan və Q.Həsənquliyevdən açıqlama ala bilməyib.

A.Əlizadə
A.Əlizadə

A.Əlizadə: «Yəqin xalq arasında nüfuzum yoxdur»

«Normal, demokratik, şəffaf, azad seçkilər keçdi», – Sosial Demokrat Partiyasının sədri, ilkin nəticələrə görə 1.39 faiz səs alan Araz Əlizadə deyir və ardınca əlavə edir: «Mənim bütün məntəqələrdə müşahidəçilərim vardı. Pozuntulara rast gəlməmişik».

O, az səs toplamasının səbəbini belə izah edir: «Yəqin xalq arasında nüfuzum yoxdur».

Bu halda növbəti seçkidə iştirak edəcəkmi? A.Əlizadə növbəti seçkilərdə 74 yaşının olacağını, bu səbəbdən qatılmayacağını bildirir: «Deyirsiz əlimdə əsa, əsə-əsə seçki kampaniyası aparım?..».

R.Nurullayev
R.Nurullayev

R.Nurullayev: «Buna görə əsla üzülmürəm»

«Yəqin məndən soruşacaqsınız ki, niyə axırıncı yerdə qaldım? Mən buna görə əsla üzülmürəm». Seçki kampaniyası dövründə vədləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açan, bəzən də ironiya, lağlağı hədəfinə çevrilən və cəmi 0.75 faiz səs toplayan Razi Nurullayev belə söyləyir.

Qalib olacağına iddia edən namizəd bəs niyə məğlubiyyətinə üzülmür? ​«Ona görə üzülmürəm ki... Mənim deyəcəklərim başqa namizədlərin cavablarında da var, özünüz axtarıb taparsınız».

R.Nurullayev məğlubiyyətini təkcə «normal seçki mühitinin olmaması» ilə bağlamır: «Seçkilər «saxtalaşdırılıb-saxtalaşdırılmayıb» əsas gətirmək olmaz. Yetərincə seçici səsverməyə gəldi. Mən bunu gördüm. Kim gətirdi, necə gətirdi, ayrı məsələdir. Sadəcə olaraq, o seçiciləri müxalifətin bir hissəsi boykota çağırmışdı, müəyyən bir hissə seçkiyə inanmırdı. Xalq isə seçkiyə gəldi və başqa namizəd görmədiyi üçün İlham Əliyevə səs verdi».

R.Nurullayev budəfəki seçkidə proqramları və fərqliliyi ilə yadda qaldığını bildirir: «Normal ab-hava olsa idi, boykota çağırışlar olmasa idi, yetərincə səs ala biləcəkdim. Bu mənada özümü məğlub saymıram. Seçki boykot olunmadı, xalq müxalifətin özünü boykot etdi».

Prezidentliyə namizəd ilkin nəticələr elan olunduqdan sonra İ.Əliyevi təbrik edib və istəyir ki, ölkədə siyasi islahatlar dərinləşsin, yeni hakimiyyət prezidentliyə namizədlərlə işləsin, onların proqramlarından istifadə etsin.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG