Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:05

Müharibədən bir il sonra ABŞ və Rusiyanın gözləntiləri belədir...


Laçında Rusiya hərbçisi
Laçında Rusiya hərbçisi

Atəşkəsin ildönümündə ABŞ və Rusiyadan bəyanatlar. Vaşinqton və Moskva ATƏT-in Minsk qrupunun işini davam etdirməsini vacib sayır.

Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi ilə üçtərəfli atəşkəs bəyanatı imzalamasının bir illiyi münasibətilə Birləşmiş Ştatlar və Rusiya rəsmi açıqlamalar yayıblar.

"Pozuntular araşdırılsın"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın adından yayılmış bəyanatda deyilir ki, Birləşmiş Ştatlar saxlananların hamısının buraxılmasına, itkin düşənlər haqda tam məlumat verilməsinə, məcburi köçkünlərin evlərinə könüllü qayıtmasına, münaqişə zonasının minalardan hərtərəfli təmizlənməsinə, beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlara çıxışının təmin olunmasına çağırır. "İddia olunan insan haqları və beynəlxalq humanitar hüquq pozuntularını araşdırmağa çağırırıq", – bəyanatda deyilir.

Birləşmiş Ştatlar Cənubi Qafqazın təhlükəsiz, sabit, çiçəklənən və dinc gələcəyinə sadiqliyini qeyd edir. ABŞ Dövlət Katibinin köməkçisinin müavini Erika Olson hazırda regiondadır, hər üç ölkə ilə ikitərəfli münasibətləri müzakirə edir.

ABŞ Ermənistanla Azərbaycanı Dağlıq Qarabağ münaqişəsilə bağlı bütün vacib məsələlərin hərtərəfli həllinin tapılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi də daxil, qarşılıqlı işi davam etdirməyə və gücləndirməyə çağırır.

Ötən il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda əməliyyatlar dayandırıldı, Laçın dəhlizinə və ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirildi. Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edə bildi.

Sülhməramlılar

Rusiya XİN də atəşkəs bəyanatının bir illiyi münasibətilə bəyanat yayıb.

Bəyanatda atəşkəs bəyanatının ümumilikdə yerinə yetirildiyi, Bakı ilə Yerevanın onun maddələrinin gələcəkdə reallaşmasına və onlara şərtsiz əməl olunmasına sadiqliyi qeyd edilir.

Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin yaranması və təhlükəsizliyin təminatına ciddi töhfə verdiyini qeyd edən XİN "azərbaycanlı və ermənistanlı dostlar"ının bunu dəyərləndirdiyini vurğulayır.

2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbçi və saxlanmış şəxs qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Azərbaycan tərəfə 3 paket minalanmış ərazilərin xəritəsi verilib, bəyanatda deyilir.

Rusiya XİN sülhməramlıların regionda dinc həyatın qurulmasındakı rolundan söz açır. 53 min qaçqının evlərinə qayıtdığı qeyd olunur.

9 noyabr razılaşması imzalanandan dərhal sonra regiona Rusiya hərbçilərinin yerləşdirilməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Müxalifət qüvvələri, tənqidçilər bunu ölkənin suverenliyinin pozulması hesab ediblər.

Sərhəd məsələsi

Bəyanatda baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun fəaliyyəti yüksək qiymətləndirilir, maraqlar balansı əsasında konkret layihələrin tezliklə işə salınmasının vacibliyi vurğulanır.

"Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azalmasının, onun delimitasiyası, daha sonra isə demarkasiyası prosesinin tezliklə başlanmasının vacibliyini qeyd edirik. Gərəkən konsultativ əməkdaşlığa hazırıq", – bəyanatda deyilir.

Rusiya XİN də ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini davam etdirməsini vacib sayır.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Minsk qrupundan təkliflər gözlədiyini demişdi. Amma prezident münaqişənin həll olunduğunu, tarixdə qaldığını da dəfələrlə vurğulayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG